Əsas menu

Əflatun Amaşov: “Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır…” 

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trend-ə müsahibəsi

– Əflatun müəllim, 2018-ci il Mətbuat Şurasının fəaliyyəti baxımından hansı məqamlarla yaddaqalan oldu?

– 2018-ci ildə Mətbuat Şurasının fəaliyyətə başlamasının 15 ili tamam oldu. Ötən 15 il ümumilikdə media ictimaiyyəti üçün uğurlu olub. Şura mətbuatın özünütənzimləməsini həyata keçirir. Konkret funksiya və vəzifələri var. Lakin fikrimcə, əsas məqam qurumun cəmiyyətə, bir növ, media mesajı verə bilməsində və cəmiyyətin ona adekvat reaksiyasındadır. Reaksiya isə var. Çünki Şuraya etimad və inam yaranıb.

Mətbuat Şurasının mövcudluğu o deməkdir ki, cəmiyyətin hərəkətverici qüvvəsi olan jurnalistika özünü təkmilləşdirmək, inkişaf etmək, nöqsan və çatışmazlıqlarını aradan qaldırmaq üçün təşkilatlana bilir. Əslində bu, model və nümunədir. Bəzən vurğulayırlar ki, nə üçün başqa peşə sahiblərinin problemlərini, çatışmazlıqlarını göstərən, ictimailəşdirən qurum yoxdur? Belə söyləyənlər müəyyən mənada haqlıdırlar. Ancaq gəlin, nəzərə alaq ki, media fəaliyyəti ictimai əhəmiyyət daşıyır. Jurnalist əməyi geniş diapazona malikdir. Hər hansı şəxs müəyyən sahədə üzləşdiyi çətinliyi mediada işıqlandırır, jurnalistikanın ədalətinə sığınır. Bu o deməkdir ki, medianın ədalət anlayışı güclü olmalıdır və media peşəkar olduqda güclüdür. Mətbuat Şurasının ötən 15 ildəki fəaliyyəti həm peşəkar jurnalistikanın güclənməsinə, həm peşəkarlığın yeni forma və standartlarının tətbiqinə, həm də peşəkarlığa yad halların aradan qaldırılmasına, cəmiyyətin maraq və mənafelərinin təmin olunmasına yönələn ictimai çağırışdır. Bu çağırış cəmiyyətdə əks-səda doğurubsa, ona dəstək varsa, demək ki, uğur da var.

“İnternet media cəmiyyətin əsas informasiya mənbəyinə çevrilib”

Ötən il Azərbaycan mediası və Mətbuat Şurası baxımından daha bir mühüm hadisə ölkə jurnalistlərinin VII qurultayının təşkili idi. Bildiyiniz kimi, qurultay martın 10-da keçirildi. Ali Məclisdə Şuranın Nizamnaməsinə dəyişiklik edildi, qurumun İdarə Heyətinin tərkibi genişləndirildi, yeni tərkib seçildi, problemlər diqqətə çatdırıldı, qarşıdakı 4 il müddətində onların həlli istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparıldı. Hesab edirəm ki, jurnalistlərin qurultayı yalnız Mətbuat Şurası və media ictimaiyyəti üçün önəm daşımadı, ümumilikdə ölkənin həyatında əlamətdar hadisəyə çevrildi.

Mətbuat Şurası 2018-ci ildə də özünün ənənəvi fəaliyyət istiqamətlərinə sadiq qaldı. Bura başlıca olaraq Şuraya daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması daxildir.

2018-ci ildə Azərbaycan Mətbuat Şurasına 480 şikayət məktubu daxil olub. Bununla bağlı Şuranın illik hesabatında konkret rəqəmlər açıqlanacaq. Ona görə də yalnız bəzi məqamları qeyd etməklə kifayətlənəcəyəm. Mətbuat Şurasının fəaliyyətdə olduğu ilk illərdə, daha doğrusu, ilk onillikdə şikayətlərin artım dinamikasına ölkənin ictimai-siyasi həyatında baş verən hansısa hadisə, yaxud hadisələr təsir göstərirdisə, artıq bu meyl müşahidə edilmir. Belə vəziyyəti iki cəhətdən dəyərləndirmək mümkündür. Əlbəttə, mediada siyasiləşmə, demək olar, yoxdur. Digər tərəfdən, sosial şəbəkələrin, xüsusən də “Facebook”un rolunu vurğulamaq lazımdır. Hazırda siyasi konfrantasiyalar məhz bu müstəvidə özünü göstərməkdədir.

İnternet media orqanlarının artan çəkisini qeyd etməliyəm. Mətbuat Şurasına daxil olan şikayətlərin əksər hissəsi onlardandır. Bu cəhət düşünməyə vadar edir. Biz vaxtilə qəzetlərin peşə prinsiplərinə zidd fəaliyyətlərinin aradan qaldırılması üçün çalışırdıqsa və müəyyən uğurlar əldə etmişdiksə, internet media orqanlarının total artımı şəraitində əldə etdiyimiz uğurların bəzən sıradan çıxdığının da şahidi oluruq. Deməli, sahəyə daha sistemli yanaşmalıyıq.

“Medianın linç etməsi insanların ədalət ruhunu sarsıdır, hüquqi münasibətlər sisteminə zərbə vurur”

– 2018-ci ili mediamızın inkişafı baxımından necə qiymətləndirirsiniz? Hansı cəhəti fərqləndirmək mümkündür?

– Mediamız kifayət qədər təsir gücünə malikdir. 2018-ci ildə bu təsir daha da artıb. Prinsipcə, bu vacibdir. Media ölkədəki söz və ifadə azadlığının tribunası kimi çıxış etməlidir. Onun missiyası ədalətli olmalıdır.

Ayrı-ayrı məqamları təhlil edəndə görürsən ki, jurnalistika ümumən hadisə və proseslərə ədalətli yanaşır. Yəni belə deyim, haqqında neqativ məlumat yayılan hansısa məmurun, yaxud vəzifəli şəxsin şiddətlə qınanması lazımdır. Amma media linç yox, tənqid etməlidir. Tənqid konkret fakta əsaslanmalı, yaradıcılıq məhsulu olaraq ortaya çıxmalıdır. Medianın linç etməsi insanların ədalət ruhunu sarsıdır, hüquqi münasibətlər sisteminə zərbə vurur. Nəticədə kütlə psixologiyasının dominant mövqe qazanmasına şərait yaranır. Bu, olduqca ziyanlı tendensiyadır.

Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır. O, kütlə yaratmamalıdır. Çünki kütlə prinsipləri, bütövlükdə dəyərləri darmadağın edir. Yaxın Şərqdə baş vermiş bir sıra siyasi proseslər sonrası biz bunun şahidi olduq.

– Buna yalnız media diqqət yetirməlidir?

– Media öz üzərinə düşəni etməlidir. Yəni həssas olmalıdır. Həssaslıq peşəkarlıqdan asılıdır. Haqqında az əvvəl bəhs etdiyim məsələdə ümumən ölkənin informasiya təhlükəsizliyi ilə bağlı məqamlar var. Burada dövlətin üzərinə konkret vəzifələr düşür. Son illər kifayət qədər işlər görülüb. Bir sıra qanunlara əlavə və dəyişikliklər edilməklə hüquqi tənzimləmələr üçün meydan genişləndirilib. Təbii ki, başqa tədbirlər də görülməlidir və görüləcək də. Amma, gəlin, nəzərə alaq ki, informasiya müstəvisində hüquqi tənzimləmələr asan başa gəlmir. Misal çəkim, Avropanın qabaqcıl ölkələrində mediaya yardım mexanizmi lap əvvəldən mövcuddur. Ancaq vaxtilə bunu ölkəmizdə tətbiq etmək istəyəndə nə qədər söz-söhbətlər yarandı. İddia edildi ki, proses medianı asılı hala gətirəcək. Ancaq belə olmadı. Eləcə də indi. Hansısa qanuna dəyişiklik edilir, dərhal reaksiya verilir ki, bu, söz və ifadə azadlığını məhdudlaşdırmaq tədbiridir. Məsələni dünyanın ictimai rəyinə məhz bu cür çatdırmaq istəyən müəyyən qüvvələr və onların Azərbaycandakı tərəfdarları var. Belə hay-küy salmaqdansa, danışıqlar, müzakirələr aparmaq, vəziyyəti öyrənmək lazımdır. İndiyədək nə qazanmışıqsa, inkarçılıq yolu ilə əldə etməmişik. Kimlərsə informasiya orqanı yaradır, bununla təbii ki, cəmiyyətlə təmasa keçir. Dövlət onların fəaliyyətinin mənfi tərəfli ola biləcəyi perspektivini nə üçün düşünməməlidir? Əlbəttə ki, düşünməlidir, tədbir görməlidir.

Ancaq media ümumən həssas sahədir. Jurnalist ictimaiyyəti olaraq bunu daha çox düşünməliyik. Dövlətimizin inkişafını istəyiriksə, söz və ifadə azadlığının tam mahiyyətindən çıxış etməliyik, hər hansı spekulyasiyalara yol verməməliyik. Bir ölkə iqtisadi cəhətdən nə qədər inkişaf edir-etsin, orada insan hüquq və azadlıqları qorunmursa, plüralist fikir yoxdursa, dünyanın baxış bucağı müsbət olmayacaq. Dövlətin mövcud istiqamətdəki tənzimləmələri şərtdir. Nəzərə alaq ki, qanunun aliliyi prinsipinin cəmiyyətin sosial sifarişi ilə uzlaşdırılması vacibdir. Buna görə də daim müzakirələr aparılmalıdır, kompromiss variantlar tapılmalıdır, ziddiyyətlər aradan qaldırılmalıdır, bir sözlə, konkret iş görülməlidir.

Hansısa qüvvələrin təsiri ilə ənənəvi inkarçılıq yolu tutanlar müzakirədən, normal diskussiyadan yayınır. Bəli, bilirik, mediamız problemsiz deyil. Onu da bilirik ki, medianın cəmiyyətdəki rolunu düzgün qavramayan vəzifə sahibləri var. Əvvəllər belələrinin sayı daha çox idi. Ancaq görürük ki, dövr, idarəçiliyə münasibət dəyişir. Baxın, bu gün vətəndaş müraciətlərini, eləcə də jurnalist sorğularını sosial şəbəkələr üzərindən cavablandıran məmurlarımız az deyil.

– Bəzən mediamızla bağlı fərqli fikirlər də səslənir. 2018-ci ildə bu kimi fikirlərin ara-sıra dövriyyədə olduğunu gördük…

– Media çətin sahədir. Bu cəhət onun təbiətindən irəli gəlir. Mövcud istiqamətdə problemlər də kifayət qədərdir. Amma bu o demək deyil ki, həmin problemlər onları həll etmək istəmədiyimiz üçün var. Media inkişaf etməsəydi, ictimai nəzarət olmasaydı, həyatımızdakı bir çox pozitiv yeniliklər baş verməyəcəkdi. Ancaq əldə edilənlərlə kifayətlənmək olmaz.

Onu da görürük ki, medianın inkişafı ilə bağlı hər hansı konkret baxış bucağı olmayanlar ictimai rəyi çaşdırmaqla, oturuşmuş media sisteminə, bir növ, həqarət yağdırır, bu sahəyə cavabdeh şəxsləri, həmçinin Mətbuat Şurasını hədəfə alırlar. Bəlli siyasi dairələrin maraqlarından çıxış etdikləri hər kəsə çox yaxşı məlumdur. 2018-ci ildə belələri daha aktiv oldular (gülür). Vaxtilə onların aktivlikləri sırf Mətbuat Şurası müstəvisində gözə dəyirdi. Müəyyən qruplaşmalar yaradırdılar. Çalışırdılar ki, Şuranı tutduğu yoldan döndərəcək dəyişikliklər eləsinlər, mərkəzdə dayansınlar və sair. O zaman da kimlərdənsə güc alırdılar, yaxud güc aldıqlarını düşünürdülər. İndi daha iddialıdırlar – öz aləmlərində bütövlükdə media sistemini dəyişmək üçün cəsarətləniblər. Təəssüf ki, həmin şəxslər bunu başa düşməməzlikdən etmirlər. Kifayət qədər məlumatlıdırlar, hər şeyi yaxşı anlayırlar. Məqsədləri də aydındır – anarxiya yaratmaq, medianın gücündən faydalanmaqla dövlətlə vətəndaşı üz-üzə qoymaq.

“Mətbuat Şurası haqqında qanun layihəsi hazırlanıb”

– 2018-ci ildə Mətbuat Şurası haqqında ayrıca qanun qəbul edilməsinin zəruriliyinə dair açıqlama da verdiniz. Bu istiqamətdə 2019-cu ildən nə isə gözləmək olarmı? Ümumən, belə bir sənədin vacibliyini əsaslandırmağınızı istərdik.

– Mətbuat Şurası təşkilati-hüquqi forma baxımından qeyri-hökumət təşkilatıdır, ictimai birlik kimi fəaliyyət göstərir. Ancaq üzərinə götürdüyü missiya böyükdür və bu missiya sosial sifarişdir. Söhbət bəzilərinin iddia etdiklərinin əksinə olaraq, heç də mediaya dövlət nəzarətinin bərpasından getmir. Belə hal əsla ola bilməz. Mətbuat Şurası haqqında qanun qeyd etdiyim sosial sifarişi daha səmərəli şəkildə təmin etmək üçün mühüm vasitədir. Bu vasitə eyni zamanda həqiqi media vasitələrinin maraq və mənafeyinin qorunması üçün əhəmiyyətlidir. Təbii ki, qanun olacaqsa, onu qəbul edən dövlət olacaq. Dövlətin marağı nədir? Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən qəzet, jurnal, informasiya agentliyi və internet informasiya resurslarında öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləmək, KİV məkanındakı sui-istifadələr və digər neqativ halların qarşısının alınması üçün effektiv hüquqi mexanizmləri tətbiq etmək. Amma dövlət ona da çalışır ki, proses medianın özünütənzimləməsi müstəvisindən kənara çıxmasın. Buna görə də söz və ifadə azadlığının dərinləşməsi, bu sahədə cəmiyyətin maraq və mənafelərindən irəli gələn mühitin formalaşması, kütləvi informasiya vasitələrinin beynəlxalq informasiya məkanına inteqrasiyasında səmərəliliyi artırmaq məqsədilə Şuranın fəaliyyətinə kömək edə, zəruri təşkilati, texniki və maddi dəstək göstərə bilər. Nəzəri baxımdan yanaşsaq, mahiyyət budur.

Əslində dünyanın bir çox qabaqcıl ölkələrindəki mətbuat şuralarının fəaliyyəti qanunla tənzimlənir, yaxud da onlar hansısa yolla dövlət tərəfindən dəstəklənirlər. Yəni bu, keçilmiş yol, müraciət edilmiş təcrübədir.

Mətbuat Şurası haqqında ilkin qanun layihəsi hazırlanıb və müvafiq qurumlara təqdim edilib. Hazırda layihənin ekspertizası və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində işlər aparılır. Hesab edirəm ki, bu işlər uğurla başa çatdırıldıqdan sonra layihə parlamentin müvafiq komitəsinin müzakirəsinə təqdim oluna, plenar iclasın gündəliyinə daxil edilə bilər. İnanıram ki, 2019-cu ildə mövcud istiqamətdə konkret addımlar atılacaq.

– Əflatun müəllim, 2019-cu ildən media ilə bağlı gözləntilərinizi bilmək də maraqlı olardı…

– Gözləntilərimiz müəyyən mənada arzularımızı özündə ehtiva edir. Əlbəttə, 2019-cu ilin jurnalistlərimiz üçün uğurlu keçməsini arzulayıram. Hər bir sahə çətindir, amma həmişə düşünmüşəm ki, jurnalistlər daha çətin işlə məşğuldurlar. Onların əməkləri müstəsna əməkdir.

Arzum budur ki, 2019-cu ildə jurnalistikamızda keyfiyyət dəyişikləri daha çox olsun. Daha peşəkar yaracıdılıq məhsullarına görə sevinək, qürur hissi keçirək. Əlbəttə, mediamız Qafqazda qabaqcıl mövqeyə sahibdir. Dünyanın ölkəmizlə, ümumən, regionla bağlı başlıca informasiya qaynağı Azərbaycan mediasıdır. Amma biz bu statusu daha dolğun şəkildə görmək istəyirik. İstəyirik ki, mediamız dünya media məkanına inteqrasiya etsin. Azərbaycan həqiqətlərinin müdafiəsi üçün monolit mövqe sərgiləməkdə daha ardıcıl olsun.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*