Əsas menu

Professorun evini soyan dəstə üzvü: “Buna görə adamın əlini kəsərlər” 

Tanınmış professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən E.Musayev ifadə verib. O bildirib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb: “Telefonları saxlamamışam, sadəcə avtovağzalda bunlar telefonlarını dükana verəndə orda olmuşam. Sonra da çıxıb öz işimin dalınca getdim.

Onların quldurluğa getdiyini bilmirdim. Rayonda olanda polis məni bölməyə çağırdı, orda cinayət olduğunu dedilər. Bir neçə gün əvvəl də əmimoğlu Natiq mənə saat hədiyyə etmişdi. Müstəntiq həmin saatı göstərib “bu saatın qiyməti 50 min avrodur, buna görə adamın əlini kəsərlər” dedi. Orada saatın oğurluq olduğunu bildim. Natiq bu hadisədən əvvəl də mənə alışqan hədiyyə etmişdi”.

Məhkəmədə elan edilib ki, zərərçəkən İlhamə Yusifova prosesdə iştirak etmir. Onun vəkili bildirib ki, müvəkkili səhhətinə görə Moskvada müalicə olunur. Hakim bildirib ki, İ.Yusifovanın ölkədən çıxıb-çıxmamasına dair sərhəd xidmətinə sorğu göndəriləcək. Prosesə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə qərarı çıxarılıb. Proses aprelin 23-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən  F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşüb professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi də cəlb edib.

Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar.

A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə yatızdırıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamudla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər.

Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulun olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar. Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu ”Varovski” qəsəbəsində baş verib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*