Çünki indi qulaq asdığım 2 saatlıq səs yazısı mənə hədsiz dərəcədə çox şey öyrətdi. Hansı ki, vaxtında bəlkə də, mən bu sözlərin fərqində belə olmayacaqdım. 
Nə isə çox uzatmadan müsahibəmizi təqdim edirəm.
– Sizə də elə gəlmir ki, indi böyük və kiçik, valideyn və övlad arasında bir növ uzlaşmazlıq, uçurum var? Hər iki tərəf qarşısındakının onu anlamadığından şikayət edir…
– Məsələn, sovet dövrünü götürək. O dövrdə yazıçının oğlu yazıçı, rəssamın oğlu rəssam olurdu. Yəni, nəsillər arasında güclü təzad yox idi. İndi bilirsən nədən gedir söhbət? Formasiya dəyişib. Biz sosializmdən kapitalizmə qəfil keçid etdik. Sovet dövrünün dəyərləri ilə bugünki dəyərlər arasında yerlə göy qədər fərq var. Ona görə də həmin təfəkkürün insanı ilə indiki təfəkkür arasında fikir ayrılıqları olur.
– Sualımın istiqamətini dəyişirəm. Yazmağa, yaratmağa çalışan gənc nəsil yaşlı nəsil tərəfindən qəbul olunmamasından, hətta əksər vaxtlarda yaradıcılıqları ilə tanış olmadan tənqidə uğradıqlarından şikayət edir. Bəs bunun kökündə nə dayanır? 
– Guya gənc nəsil özü yaşlı nəsli qəbul edir ki? (gülür) Deyirlər, Səməd Vurğun pis şairdir, Xəlil Rza ümumiyyətlə, şair deyil, Sabirə də ki, ayıb olsun,  millətini təhqir edib. O ki qaldı oxumağa bu, sovet dövründən qalma bir şeydir. Onlar gənclərin kitab çıxaranda gətirib qarşılarına qoymağına, oxumasını xahiş etməsinə öyrəşiblər. İndi bunu görməyəndə gənclərin yazmadığını düşünürlər. Ümumiyyətlə, böyük-kiçik Azərbaycanın mənəviyyatını qoruyan ənənədir, amma sənətdə yox. Sənətdə böyük-kiçik yoxdur, olmamalıdır. Yəni, 25 yaşlı qoca da ola bilər, 50 yaşlı cavan da.
– Deyərdim ki, indi insanlar yaşlandıqca, bilənlər bilməyənlərə bildiklərini öyrətməkdə bir növ paxıllıq edir. Elə jurnalistikanı götürək. Eşitdiyimiz qədərilə əvvəl məktəblər olarmış, gənclərə dəstək, qayğı, kömək edilərmiş. İndi özünü sübut etmiş jurnalistləri heç müsahibə almaq üçün tapmaq mümkün deyil. Yəni, indi jurnalist olmaq istəyən bir gənc saytların çoxalmasının hesabına informasiya çatdırılmasında iştirak edir və adı da olur jurnalist. Kimdir müqəssir?
– Bəli, vaxtilə Nailə Muradxanlı məktəbi, diktorlar arasında Aydın Qaradağlı məktəbi və s. kimi hər sahənin öz müəllimi, məktəbi var idi. Çünki hər kəsə bəlli olan bir zəmin mövcud idi. Bəli, o zəmin istedadları sıxırdı, incidirdi, amma bilirdin ki, kimin məzhəbi nədir. Yəni, birini yetişdirmək üçün zəmin lazımdır ki, oraya toxum atasan, o da yetişə, bar verə. İndi bilmirsən zəmin nə zəmindir, kimi yetişdirəsən. Məsələn, mən səni yetişdirərəm. Səndən kübar, insanlığa, sənətə dəyər verməyi bacaran, mövzularını seçə bilən jurnalist yaradaram və məlum olar ki, sən işsiz qalmısan. İndi bu, kimə lazımdır? Hazırda tələb olunan tək şey diqqət cəlb etməkdi. Her şeyin başında reklam estetikası durur. Yəni, indi reklamla tərbiyə almış bir nəsil yetişir. Ona görə də hər kəs efirə oynayır.
– Sosial şəbəkələrin bu məsələlərdə payı nə qədərdir? 
– Mən sosial şəbəkələr vasitəsilə çox istedadlı uşaqlarla tanış olmuşam. Məsələn, əvvəllər gənc yazarlar, şairlər sənətə gəlmək üçün Yazıçılar Birliyi ilə mübarizə aparırdılar. Onların dəstəyini, rəğbətini qazanmaq üçün çalışırdılar. İndi elə Rəşad Nağı Mustafa, Elvin Paşa, Elşən Mehdi, Sərdar Amin və adlarını çəkmədiyim çox sayda istedadlı gənc sosial şəbəkələr vasitəsilə birləşib özləri bir növ ittifaq yaradıb. Yazıçılar Birliyi onlara maraqlı da olmayıb. Və artıq bu ittifaqın bir əhəmiyyəti də qalmayıb. Buna görə mən hərdən Yazıçılar Birliyini “Dağılan Tifaq” adlandırıram (gülür). Ən əsası isə bu uşaqlar həm yaradıcı, həm mədəni, həm qabiliyyətli, həm də mərifətlidirlər. Mərifət bilirsən nədir? Allahı tanımaq deməkdir. Əgər bir insan yaradılış haqda düşünəcək yaşa çatıb və öz içində Allahı tapa bilibsə, günəşin hər səhər doğuşu, axşam batışının fərqinə vara bilibsə, deməli, o insan formalaşıb.