Əsas menu

Akademiyanın builki yeganə xanım məzunu – Video 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid Dövlət Dəniz Akademiyasının (ADDA) builki yeganə xanım məzunu Cəmilə Məmmədovanın “Qafqazinfo”ya müsahibəsi:

– Bu il yeganə olmağınızdan da görünür ki, həmcinsləriniz bu sahəyə gəlməyə elə də risk etmir. Sizin seçiminiz necə oldu?

– Deyə bilərik ki, dənizçi ailəsində dünyaya gəlmişəm. Çünki dayılarımdan ikisi dənizçi idi. Onların xatirələri, dənizçiliklə bağlı təəssüratları ilə böyümüşəm. Ona görə də 18 yaşıma qədər artıq dənizçiliyin nə olduğunu bilirdim, bu sahə mənə yad deyildi. Marağım, həvəsim olsa da, bəzi tərəddüdlərim var idi. Ailəmin dəstəyini də arxamda hiss edincə bu qərarımın doğru olduğuna inandım. Odur ki, akademiyada təhsil almağa başladım və zamanla gördüm ki, bu sahə tam mənlikdir.

– Bu kimi sahələri seçən qadınların əksəriyyəti adətən uşaqlıqdan oğlanlarla birgə böyüdüklərini, həmişə onlarla oynadıqlarını deyirlər. 

– Əslində düz vurğuladız. Bəlkə də bunun təsiri az deyil. İki qardaşın tək bacısıyam, vaxtımın çoxunu da onlarla keçirmişəm. Dayılarım Xəzərdə yox, dünya sularında üzürlər. Birinci və ikinci mexanik vəzifələrində. Onlar 6 ay dənizdə, 6 ay evdə olurlar. Elə olmuşdu ki, dayım bir dəfə uzun müddət evə dönmədi. Biz ondan xəbər belə ala bilmirdik. Gələndə o qədər təəssüratları var idi ki, heyranlıqla dinləyirdik. Ayın böyüdüyü zamanlarda bizə okeanda suyun qalxmasından bəhs edirdi. Danışan zaman nə qədər çətin görünsə də, adama bir o qədər də maraqlı gəlir.

– Ailənizin dəstək olduğunu söylədiniz, ancaq valideynlərdə müəyyən qədər narahatlıq hər zaman olur.

– Bəli, bu sahəni elə ailəmin dəstəyi ilə seçmişəm. Çətinlik hər bir işdə var. Onlar bilirdilər ki, mən başladığım işi heç vaxt yarı qoymuram. Anam, atam yox, qohumların etirazı olmuşdu. Ali məktəbi bitirib iş tapmayacağımı, səhv addım atdığımı düşünürdülər.

– Təhsilinizi fərqlənmə diploma ilə başa vurursunuz. Dənizçilik Akademiyasında qrupun tək qızı kimi təhsil almaq necə idi?

– Mən hər zaman qrup yoldaşlarım, müəllimlərimdən xüsusi diqqət görmüşəm. Bəlkə də bu, xanım olmağımdan irəli gəlir. Birinci kursda müəyyən qədər çətinliklərim oldu. Bəzən fikirləşirdim ki, bəlkə də səhv qərar vermişəm. Amma zamanla gördüm ki, elə deyil. Əsas odur ki, hazırda qətiyyən peşman deyiləm.

– Bir az da seçdiyiniz ixtisasınız barədə məlumat alaq.

– “Gəmi sürücülüyü” fakültəsinin “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə əyani təhsil alıram. Bilirəm ki, ümumdünya yük dövriyyəsinin 80%-i dəniz nəqliyyatı ilə daşınır. Yəni, gəmiçilik şirkətlərinin əsas gəliri daşımalardandır. Bunu nəzərə alaraq deyə bilərəm ki, ixtisasım olduqca vacibdir. Tələbələr həm ölkəmdə, həm də xaricdə fəaliyyət göstərə bilərlər.

– Bəs sizin gələcəklə bağlı arzularınız necədir?

– Magistr təhsilimi xaricdə alıb ölkəmizdə fəaliyyət göstərən aparıcı dənizçilik şirkətlərindən birində işləmək istəyərəm. Xaricdə təhsil almaq üçün isə diplomumla yanaşı, həm də iş təcrübəm olmalıdır. Odur ki, bu il öz sahəm üzrə işləyib, gələn il magistratura təhsili üçün müraciət etmək istəyirəm.

– Bu kimi peşələri seçən qadınlar həyatın müəyyən mərhələsində şəxsi həyatla karyera arasında seçim etməli olur. Hətta çox zaman arzularını ailə həyatına qurban verirlər. Qarşınıza belə bir seçim qoyulsa, hansını seçərsiz?

– Heç düşünmədən cavab verim ki, karyeramı davam etdirərəm. Mənim üçün bu sahə özümü tapdığım yerdir və özümü buraya aid hiss edirəm. Bundan başqa, hazırda gəmiçilik şirkətlərində, gəmilərimizdə çalışan çoxsaylı xanımlarımız var. Onlar həm karyera, həm də şəxsi həyatı paralel apara bilirlər.

–  Bəs həm özünə inamı az olduğu üçün, həm də ətrafın təsiri ilə istədikləri peşəni seçməkdə tərəddüd edən qadınlara nə demək istəyərsiz?

– Əgər hər hansısa bir sahə onların arzusudur və maraqla yanaşı sahənin çətinliklərini də dərk edirlərsə, düşünmədən yollarına davam edə bilərlər.

– Ətrafınızda sizdən həvəslənib, dənizçi olmaq istəyən xanımlar var?

– Bəli, məndən tez-tez soruşurlar. Üstəlik, indi Azərbaycan Dövlət Dəniz Akademiyasında oxumaq üçün hər cür şərait yaradılıb. ADDA tələbələri pulsuz yemək, yataqxana, dərs vəsaitləri ilə təmin edir. Savadlı müəllimlərimiz var, müasir dərs metodlarından istifadə olunur. Təcrübə üçün geniş imkanlar yaradılır.

 




 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*