Əsas menu

Aprel şəhidi Nurlan Əsgərli: Döyüş xəttindən nəşini qardaşı çıxardı  Video

O, aprel döyüşləri zamanı düşmənlə savaşmaq üçün ön cəbhəyə könüllü getmişdi. Elə uşaqlığından arzuladığı kimi, sevdiyi və bağlı olduğu torpaq uğrunda da şəhidlik zirvəsinə ucaldı. Söhbət Xüsusi Təyinatlı Qüvvələrin giziri, Masallı rayonunun Kalinovka kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərlidən gedir. Valideynləri deyir ki, Nurlan həqiqi hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq arzusunu reallaşdırmaq üçün yenidən ordu sıralarına yazılmışdı. Beləcə, xidmətini qürurla şəhid olana qədər davam etdirir. Atası Bayram Əsgərovun sözlərinə görə, son danışıqları aprel ayının 2-də olur: “Aprelin 2-də axşamçağı saat 4-də mənimlə danışdı. Amma demədi ki, biz döyüşə gedirik. O haqda heç qəti bilmədik. Sonra da anası ilə danışdı. Elə bil axırıncı günü onunla sağollaşırmış. Deyirdi, ata, narahat olmayın, telefonlar sönsə, özüm zəng edəcəm”.

Anası Ziba Əsgərova oğlu ilə qürur duyduğunu deyir: “Mən övladımın igidliyi ilə qürur duyuram. O vətən uğrunda, torpaq uğrunda, müstəqilliyimiz, bayrağımız yüksəklərdə ucalsın, dalğalansın deyə, özünə borc bildi hərb sənətini seçməyi. Mən həqiqətən övladlarımla qürur duyuram. Onlar özlərini doğrultdular. Hər kim olur-olsun, bu torpaqda, bu vətəndə yaşayırsa, bu torpağına vətəninə layiqli övlad olmalıdır”.

Nurlan qardaşı İntiqam da hərbçi olub, bir yerdə xidmət ediblər. Şəhid olduğu vaxt onu döyüş meydanından İntiqam çıxarıb. Hər iki qardaş düşmənə qarşı layiqincə döyüşüb.

Şəhidin anası Ziba xanım deyir ki, övladının vətəninə sevgisi olduğu qədər, düşməninə də nifrəti var idi: “Əliağa Vahidin şerindən bir parçanı həmişə əzbər deyərdi. Öz şəkilləri arasına da qoymuşdu. “Mən əsiri-eşqəm öz xalqımın öz yurdumun”. Onu fikirləşəndə deyirdim bu sözün böyük bir mənası var. Yəni hər adam o kəlməni işlətmir. Nurlan həqiqətən vurğun idi bayrağına, torpağına, millətinə. Öz xalqına sevgisi güclü idi. Amma düşmənə nifrəti də güclü idi. Bax, Nurlanda bu var idi”.

Nurlan aprel döyüşlərində qardaşı ilə çiyin-çiyinə döyüşüb: “Böyük qardaşı da ordaydı. Döyüşdə iştirak edirdi. Yanında olub. Həmin vaxtı ağır mərmi yanlarına düşüb, iki nəfər şəhid olub, iki nəfər yaralanıb. Elə böyük oğlan – qardaşı onu ordan götürüb. Yaralıları götürüb, sonra şəhid olanları götürüb”.

“Bizim bir şəhidimiz olsa, min əvəzi dünyaya gəlir deyir” – Ziba xanım. Bunun üçün də övladının qisasının alınacağına əmin olduğunu bildirir: “Bir igid anası ağlamaz, düşmən bizim ağlamağımızı görməməlidir. Çünki onlar elə bilməsin bizim övladlarımızı əlimizdən alırlar. Bizimkilər öz torpaqlarımız uğurunda döyüşüb. Yəni başqa bir ölkənin torpağına göz dikməyib. Amma biz yenə sarsılmırıq. Sarsılmarıq da”.

Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*