Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu addımın atılmasında məqsəd dövlət büdcəsində gömrük daxilolmalarının həcmini artırmaqdır.
Ən aşağı aksiz dərəcəsi, mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.
Bu isə mühərriki 2 litr həcmində olan avtomobillərdə 200 manat, 2.2 litr həcmində olan maşınlarda 600 manat, 2.5 litr həcmində olan maşınlarda 1200 manat, 3 litr həcmində olan maşınlarda 2200 manat, 3.5 litr həcmində olan maşınlarda 3700 manat, 4 litr həcmində olan maşınlarda 7200 manat, 4.5 litrə həcmində maşınlarda 14700 manat, 5 litr həcmində olan maşınlarda isə 22200 manat artım deməkdir. Rəşad Həsənov bildirir ki, bu artımlar avtomobillərin qiymətinin ciddi şəkildə artacaq.
Məlumat üçün bildirək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsumu tutulur. Belə ki, avtomobilin gömrük dəyərinə ƏDV hesablanır. Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən asılı olaraq gömrük rüsumu tətbiq edilir.
Nəhayət, avtomobilin mühərrik həcmindən asılı olaraq ona aksiz vergsi də hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən gətirilən avtomobillər üçün gömrükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.