Əsas menu

“Axı “Space” niyə fəaliyyət göstərir?” — Qulu Məhərrəmlidən SƏRT AÇIQLAMALAR 

“Özəl televiziyalara yardım olunması əlbəttə ki, müsbət tendensiyadır. Amma ayrılan pullar özünü doğruldurmu? Özəl televiziyalar onu yarıdırmı, bunun müqabilində tamaşaçıya bir məhsul verirmi? Təəssüf ki, bu suala birmənalı şəkildə müsbət  cavab vermək olmur”. Bu sözləri “Yeni Sabah”a açıqlaması zamanı  teletənqidçi, əməkdar jurnalist Qulu Məhərrəmli deyib. 

Onun sözlərinə görə, hazırda özəl televiziyaların çox ciddi problemləri var:

“Birinci növbədə peşəkarlıq,  proqram siyasətinin doğru aparılmaması, balansın pozulmasıdır. Nə qədər əyləncə xarakterli verilişlər hazırlamaq olar? Özəl televiziya o demək deyil ki, yalnız kommersiya məqsədləri üçün fəaliyyət göstərməlidir. Televiziya vətəni olan Böyük Britaniyada özəl kanallar var. Məsələn,  üçüncü, dördüncü kanal. Bunların qarşısında cəmiyyəti maarifləndirməklə bağlı ictimai məqsədlər qoyulur. Bizim televiziyalar bu missiyanı sanki yaddan çıxarıb. Bundan əvvəl seriallar çəkilməsi üçün 10 milyon pul ayrıldı. Bir-ikisini istisna etməklə, hanı o seriallar? Onlar ictimai müzakirə üçün bir dalğa yaradırmı? Prezidentin bu addımı müqabilində özəl televiziyaların cəmiyyətə nəsə verməyinə şübhə edirəm”.

Q.Məhərrəmli  əlavə edib ki, xəbər canlandırılmalıdır, çünki cəmiyyətdə xəbər yoxdur.

“Müəyyən özəl televiziyalarda reklam çoxalır, əyləncə verilişləri artır.Tutaq ki, “Xəzər” televiziyasının ictimai nəticəsi nədən ibarətdir? Görünmür. ATV-də yaxşı nələrsə var idi. O yükü saxlamağa çalışırlar. “Space” niyə fəaliyyət göstərir, adam düşünür ki, bu kanal nədən ötrüdür?  Təkcə, hind filmləri göstərmək, yoxsa kimlərinsə ad günlərini qeyd etmək? Bunlar çadır toyları estetikasından yuxarı qalxa bilmir.

Hesab edirəm ki, bizdə televiziya sahəsində ciddi islahatlar aparılmalıdır. Xəbər canlandırılmalıdır, çünki cəmiyyətdə xəbər yoxdur. Özəl televiziyaların formatı dəyişməlidir. Kamera qarşısında davranışla mətbəxdəki  davranışı bir-birinə qatıblar. Eləcə də danışığı, düşüncə və yanaşmanı. Televiziya dəb kimi meydana çıxıb. Əvvəl insanlar saç düzümü, geyimini, davranışını ona uyğunlaşdırırdılar. İndi görün, o televiziyalar hansı səviyyəyə düşüb”.

Teletənqidçi özəl televiziyaların maliyyə mənbəyindən də danışıb:

“Ayrılan pullar daha çox texniki məsələləri həll etməyə yönəlib. Ümumiyyətlə, özəl televiziyaların pul mənbəyi hardandır? Doğrudanmı bizdə reklam bazarı o səviyyədədir ki, onların xərclərini ödəsin? Burada o qədər müəmmalı suallar var ki… Bunların cavabı üzərində düşünəndə televiziya məkanımızın hansı bərbad vəziyyət olduğunu təsəvür edin.

Maliyyə hesabatı olmalıdır. Maliyyə hesabatı qanunla İctima TV qarşısında qoyulub. Əvvəllər hesabat verilirdi. Dövlət büdcəsindən ayrılan AzTV olsun, heç biri maliyyə hesabatı vermir. Özəl televiziyaların hesabat verəcəkləri bir qədər müəmmalı görünür. Prinsipial yanaşılsa, dövlət büdcəsindən ayrılan hər manatın dəyəri var. O pullar  geniş mənada cəmiyyət, sosial xərclər üçün verilir, amma bunun müqabilində televiziyalar cəmiyyəti ifadə edə, zövqünü  formalaşdıra bilmir.  Bu məsələlər qaranlıqda parıldayan tək-tük  ulduz kimi olmamalıdır. Hər şey şəffaf olmalıdır. Bu baxımdan özəl televiziyalarımızın  maliyyə mənbəyi şəffaf deyil. Onlar necə maliyyələşir, bəzən niyə böhranla üzləşir, niyə aylarla maaş verə bilmirlər kimi suallar ortaya çıxır. Bu suaların cavabı yoxdur. Şəffaflıq olmayan yerdə həmişə qaranlıq işlər baş verir. Hesab edirəm ki, siyasət, yanaşma dəyişməlidir. Milli Televiziya və Radio Şurasının  bu işlərə  sözün yaxşı mənasında müdaxiləsi lazımdır ki, mənzərəni aydınlaşdıra bilsin”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*