Əsas menu

Bakıdakı dəhşətli partlayışa görə vəzifəli qardaşlar HƏBS EDİLDİ – YENİLƏNİB 

Bakı şəhər Prokurorluğu dünən kafedə baş verən partlayışla bağlı məlumat yayıb. Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, mayın 21-də, saat 15.00 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada iki nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə rayon prokurorluğunun, polis idarəsinin, Regional Qaz İstismar Departamentinin Binəqədi istismar idarəsinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hadisə nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olmuş müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib, çayxanada olmuş digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 №-li Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdiriliblər. N.İbrahimov mayın 22-də xəstəxanada ölüb, Ş.İbrahimovanın isə müalicəsi hazırda davam etdirilir.

Cinayət işi üzrə “Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hadisə ilə bağlı ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu da şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Arif Haqverdiyevlə Eyyub Haqverdiyev qardaşdır.

***
10:44

Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi “Azərtransservis” ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır. Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*