Natiq Cəfərli bildirib ki, rəsmi qurumlar monitorinqlər zamanı, əsasən sığorta, bank xidməti ilə məşğul olan şirkətlərin xidməti müqavilələrdən istifadə edərək sosial sığorta ödəməkdən kənarda qaldıqları qərarına gəliblər:

“Böyük şirkətlər xidməti müqavilə ilə işləyirdilər. Xidməti müqavilə gəlir vergisindən azad edirdi. Müqavilə sahibi qazancından ayrıca 4% sadələşdirilmiş vergi verirdi və sosial müdafiə fonduna minimum əməkhaqqının müəyyən faizini, təqribən 24-25 manat civarında vəsait edirdi. Geniş yayılmış bu halın qarşısını almaq yerinə prosesi daha da çətinləşdirirlər. Bundan əlavə vergi dərəcələrini də dəyişdiriblər. Əslində hökumət vergidən yayınmanın qarşısını almaq üçün bu addımı atıb. Ancaq burada qurunun oduna yaş da yanır”.

İqtisadçı ekspert bildirib ki, hüquqi, konsaltinq, jurnalistika sahəsində normal yolla xidmət göstərib, vergilərini vaxtında və düzgün ödəyənlər var idi, yeni qayda bu işləri görənlərə mane olacaq:

“Böyük şirkətlərdə normal mexanizm yaratmaq yerinə, hamı üçün eyni qaydaların tətbiq olunması normal şəkildə fəaliyyət göstərən, vergi qanunvericiliyini pozmayan insanların da işini çətinləşdirir. Kifayət qədər insanın maraqlarına toxunacaq böyük dəyişikliklərə əl atdılar”.

Natiq Cəfərli qeyd edib ki, gələcəkdə xidməti müqavilə ilə çalışanların sayında kəskin azalma olacaq: “Bundan sonra özünü, ailəsini dolandıran insanların işləri çətinləşəcək. Bu isə gələcəkdə xidməti müqavilə ilə işləyənlərdə bunun sərfəli olmadığı fikrinin formalaşmasına səbəb ola bilər.

Ona görə də, bu qaydanı ucdan tutma hamıya şamil etməkdənsə, əsasən böyük şirkətlərdə və holdinqlərdə rast gəlinən neqativ halların qarşısını almaq üçün başqa tip addımlar atılmalı idi. Ancaq bunu hamıya şamil etməklə normal çalışan insanların da işinə əngəl yaradacaqlar”.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, “Sosial sığorta haqqında” qanuna edilən dəyişiklik anlaşılmazlıq və narazılıq yaratmışdı, yaranmış anlaşılmazlıq sonradan layihəni hazırlayanlar tərəfindən izah edildi və aydınlaşdı:

“Fiziki şəxslər sahibkar olmayanda müqavilə bağlayıbsa, o özü vergi ödəyicisi ola bilmir. Onun əvəzinə ödəmə mənbəyindən gəlirinin 25%-i tutularaq Dövlət Sosial Müdafiə Fonduna, 14%-i isə gəlir vergisinə verilirdi.

Həmin qanunda mötərizədə “sahibkarlıq subyektləri istisna olmaqla” yazılmışdı. Yeni qanunda mötərizədə olan bu hissə götürülmüşdü. Buna görə də anlaşılmazlıq yaranmışdı. Əslində isə sahibkar olmayan fiziki şəxslər əvvəl hansı statusda idisə, indi də elə də qalır”.

Sahib Məmmədov qeyd edib ki, Azərbaycanda sadələşdirilmiş vergi institutu demək olar ki, ləğv olunur: “Əvvəl belə idi ki, Bakı şəhəri, Abşeron yarımadası üçün 4%, regionlar üçün 2% sadələşdirilmiş vergi nəzərdə tutulmuşdu. Çox vaxt bundan sui-istifadə olunurdu. Bəziləri rayonlarda qeydiyyatda durub, biznesini Bakıda qururdu. İndi həm paytaxt, həm də regionlar üçün sadələşdirilmiş vergi 2% olur. Ancaq dairə çox məhdudlaşdırılıb”.

Qanunda edilən dəyişikliklərin məqsədinə gəldikdə isə hüquqşünas bunları deyib: “Bu tip vergi sistemi sərbəst rejimdə işləyənlər üçün əlverişsizdir. Əvvəla artım var. Hesabat və uçot məsələsində çətinliklər var. Bunu edənlərin əslində hədəfləri sərbəst rejimə işləyənlər yox, böyük şirkətlərdir. Bu şirkətlər işçiləri işə cəlb etdikləri halda onlarla mülki müqavilə bağlayırdılar.

Bundan sonra onlara bu sərf etməyəcək. Çünki vergi məcəlləsinə edilən digər dəyişikliyə görə də, qeyri-neft sektoru sahəsində çalışan şəxslər üçün 7 il müddətində vergi güzəşti nəzərdə tutulur. Beləcə böyük şirkətlər baxacaq ki, fiziki şəxlə mülki müqavilə bağlamaq sərf etməyəcək, ona görə də, əmək müqaviləsi bağlayacaq. Bu reformanı edənlərin məqsədi budur. Əvvəl mülki müqavilə bağlamaq cəlbedici görünürdü, indi isə elə deyil”.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri bildirib ki, qanunlarda olan dəyişikliklər radikal şəkildə qeyri-rəsmi əmək bazarını ləğv etməyəcək: “Bizdə böyük şirkətlər var ki, onlar nə mülki, nə də əmək müqaviləsi bağlamır, yalnız cibdən cibə sistemi ilə işləyirlər. Orada çalışanlar hamısı qeyri-formal əmək bazarının iştirakçılarıdır. Onları formal əmək bazarına gətirmək mümkün olmayacaq. Əslində bu reforma böyük şirkətlərə qarşıdır. Hökumət bildirir ki, bizim yanakı tədbirlərimiz də var.

Qeyri-rəsmi əmək bazarının ləğvi ilə bağlı komissiya, Asan xidmətin nəzdində Bakı şəhərində tikinti bazarına nəzarət üçün monitorinq komissiyası yaradılıb. Hökumət belə hesab edir ki, bu yolla qeyri-formal əmək bazarını ləğv edəcək. Bizdə vəziyyət katastrofikdir. Bir təqaüdçüyə 1 nəfər əmək müqaviləsi ilə işləyən şəxs düşür. Rusiyada bu 2 nəfərdir və onlar bunu faciəvi hesab edirlər. Bizdə ən azı 3 nəfər işləyən, 1 nəfər təqaüdçü olmalıdır. Azərbaycanda 5 milyon əmək qabiliyyətli insan olduğu halda, ancaq onun 1 milyon 300 mininin əmək müqaviləsi var. 2014-cü ildə əmək müqavilələrini elektron sistemə keçirdilər, ancaq onun nəticəsi olmadı. Elektron sistemdə artım baş vermədi”.

Sonda Sahib Məmmədov qanunvericilikdə baş verən dəyişikliyi pisləməsə də, böyük gözləntilərinin olmadığını deyib.

Qeyd edək ki, xidməti göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyekti olacaqsa, sığorta ödənişi minimum əmək haqqının 25%-i qədər, yəni hazırda qüvvədə olan mimimum maaş hesabı ilə 32,5 manat olacaq. Başqa sözlə, bu günə qədər ödənilən 26 manat məbləği 32,5 manata yüksələcək.