Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, yanvarın 12-də saat 11:20 və 11:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavator atəşə tutulub.
Ekskavatora doğru 7,62 millimetr çaplı PK pulemyotundan və 12,7 mm çaplı DŞK pulemyotundan açılan atəş nəticəsində 6 güllə ekskavatorun çalovuna və başqa hissələrinə dəyib, kabinənin şüşəsi sındırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Xatırladaq ki, Ermənistan silahlı qüvvələri yanvarın 6-da da həmin istiqamətdə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora atəş açmışdı.