Əsas menu

Dünyanın Kipri, Kiprin dünyası… 

Mağusa qalasına izi, sözü, ruhu hopan böyük sənətkar

Qazi Mağusaya yollanarkən ona heyran olacağımı söyləmişdilər. Lakin onu yaradan “sehirbazın” bu qədər qüdrətə malik olduğunu təsəvvür etmirdim. Dəniz sahilində ucalan əzəmətli Mağusa qalası əsrlərdir ki, şəhəri kənar müdaxilələrdən qoruyur. O, sanki şəhərin ürəyini öz qalın divarları ilə əhatələyərək, ona yad nəfəsin toxunmasına yol vermir. Qazi Mağusanın ürəyini ancaq sevgi ilə fəth etmək mümkündür. 

O, Akdənizin doğduğu Kiprin baş tacı kimi görünür.  Əgər bu şəhərə saf niyyətlə gəlmisənsə,  o, sənə öz ürəyinin hərarətindən  böyük sevgi ilə pay verəcək və sən dənizdən onun mehi ilə bərabər ürəyinə axan sevgi nəğmələrini eşidəcəksən. Qala divarlarının yanındakı şir heykəlləri Mağusanın gözəl və saf qəlbini öz sərt pəncələri ilə hifz edir. O, Mağusanı sevir. Mağusa etibarlı əllərdədir. Şir heykəllərinin yanındakı lövhədə yazılıb: 1489-1571-ci illərdə Kiprdə ticarət şəbəkəsi qurmuş Venediklilərə aid olan şirlər artıq Kiprin də simvoluna çevrilmişdir. Xalq arasında gündəlik baş verən problemlərdə belə bir deyim formalaşmışdır: “get şikayətini aslancıqlara de”. Çünki, insanlar hər hansı bir problemləri olanda gedib sakitcə aslanların qulağına pıçıldayardılar.

Qanadlı və ya qanadsız aslan şəkilləri  Otello qalası və dəniz qapısının üzərində olduğu kimi qala, liman və körpü kimi vacib girişlərdə Venedik  gücünü və zənginliyini göstərirdi. Kiprin girişində mərmərdən hazırlanmış (qabarmalar şəklində) qanadlı aslanlar Aziz Markusun incili ilə dəniz üzərində təsvir olunmuşdur. Qanadlı aslan təsvirləri isə Venedikin dəniz üzərindəki hakimiyyətini əks etdirir. Qanadsız olanlar sarı daşlardan hazırlanıb, bu isə Venedikin sudakı hakimiyyəti ilə yanaşı qurudakı hakimiyyətinə də işarədir.” Kiprin tarixi ilə bağlı çox mətləblərdən “danışan” aslan heykəllərinə bu gün hər kəs böyük maraqla tamaşa edir.

Yol boyu  Vətən şairi Namik Kamalın abidəsini və 38 ay həbsdə yatdığı zindanı beynimdə təsəvvür etməyə çalışırdım.Bu məkanları tanımasam da, yol özü məni öncə böyük şairin izi olan zindana, sonra isə şairin abidəsinə gətirib çıxardı. Əslində zindan özü də bu gün bir abidəyə çevrilib. Namik Kamalın həbs səbəbi bu gün çoxlarına bəllidir və bu barədə mən də oxucularıma məlumat verməyi zəruri hesab edirəm…

Namik Kamal Qazi Mağusada həyatının ən ağır günlərini-zindan həyatını yaşayırdı. Amma Qazi Mağusa  “Vətən şairi” ilə çox xoşbəxt idi. Zaman gələcəkdi ki, dünyanın dörd bir yanından insanlar  “Kiprin tacını” – Namik Kamalın cəza çəkdiyi zindanı görmək, onun divarlarına toxunmaq, böyük şairin ruhunu hiss etmək üçün ziyarət edəcəkdilər.

Zindanda “doğulan” “Zavallı cocuq”, “Gülnihal” və “Akif bəy”

Bu şəhərin qorabişirən istisini, Akdənizin sərin mehini ürəyində həzin nəğməyə çevirən  şairin qələmindən yeni-yeni əsərlər süzülürdü. Mağusa zindanında Namik Kamal özünün “Zavallı cocuq”, “Akif bəy”, “Gülnihal” əsərlərini yaradıb. Zəngin mənəvi tərbiyəyə, vətənpərvərlik hisslərinin formalaşmasına yol açan Namik Kamal yaradıcılığında ilk olaraq bəhs etmək istədiyim məqam “Vətən şairi”nin təhsil uğrunda apardığı çalışmalarıdır. O, özünə müəllim hesab etdiyi İbrahim Şinasinin mühacirətindən sonra 1865-ci ildə çap etdirdiyi “Təfsiri – əfkar” və 1872-1873-cü illərdə ərsəyə gətirməyə nail olduğu “Təlimat” qəzetində  ən ucqar kəndlərdə belə məktəblərin açılması təklifi ilə çıxış edir, millətin inkişafında bunu ən mühüm məsələ kimi dəyərləndirirdi. Qızların təhsilə cəlb edilməsi Namik Kamalin mübarizəsinin əsasında dayanırdı. Şairin yaşadığı dövrdə ali məktəblərin tibb fakültələrində tədris fransız dilində aparılırdı. Bu da vətənpərvər şairi narahat edir, tədrisin türk dilində aparılmasını təkidlə tələb edirdi. Bir jurnalist, bir yazıçı üçün həmin dövrdə belə fikirlər səsləndirmək olduqca təhlükəli idi. Namik Kamal isə ən böyük təhlükəni insanların cəhalətdə yaşamasında görürdü. O düşünürdü ki, xalqının təfəkküründə öz əsərləri, teatr tamaşaları ilə yeni fikir, həyata müasir baxış formalaşdıra bilər. Millətin gələcəyi üçün bu, olduqca vacib idi. “Celaleddin Harzemşah”, “Kara bela”, “İntibah”, “Cezmi”, “Tabrih-i Haribat”, “Takip”, “Renan müdafiənaməsi”, “İrfan Paşaya mektub”, “Mukaddeme-i Celal”, “Devr-i İstilla”, “Barika-i Zafer”, “Evrak-ı Perişan”, “Osmanlı Tarihi”, “Böyük İslam Tarihi” adlı tarixi əsərlər, romanlar, tənqidi məqalələr, şeirlər, dram əsərləri də bu qəbildəndir.

Mənim üçün Namik Kamal azad insan ruhunun rəsmini sözlə yaradan sənət adamıdır. Zaman onun azadlığını boğmaq üçün nə qədər çalışsa da, o, ruhunu heç bir qüvvəyə təslim etmədi. Bəlkə də bu təsirlərdən güc aldı Namik Kamal. Necə ki, Mağusanın əzablı zindanında üç əbədiyaşar əsər yaratdı. Bəs haradan alırdı bu böyük mənəvi gücü Namik Kamal? Ürəyindəki böyük sevgi hansı mühitdə doğulub boya-başa çatmışdı? Böyük sənətkar haqqında məlumatların əsas qismini bir zamanlar şairin qandallı əllərinə şahidlik etmiş, həyəcanlı ürək döyüntülərini dinləmiş Mağusa zindanından öyrəndim. Zindan binasının ikinci mərtəbəsində Namik Kamal muzeyi fəaliyyət göstərir. Bu muzeyin hər qarışında sanki bir Namik Kamal görmək mümkündür. Nədənsə mənə elə gəlirdi ki, zindanın qalın, keçilməz divarlarının sərt üzünə bir utancaqlıq yazılıb. Onlar sanki demək istəyirdilər ki, biz şairi ancaq fiziki olaraq burada saxlamağa məcbur idik. Namik Kamalın ruhu burada deyildi. O, öz fikirlərinin, düşüncələrinin, haqqını düşündüyü xalqının yanında idi. Zindanda yaradılan əsərlər də şairin yaradıcı ruhunun ölməzliyini göstərir. Sənətkar burada qələmə aldığı əsərlərində də özünün maarifçi, millətsevər, yurdsevər ruhuna sadiqdir. “Zavallı cocuq” əsərində ana-atalarının təkidi ilə, sevgisiz qurulan ailələrin aqibətindən bəhs olunur. Əsərin ideyası ailədə övladlara şəxsiyyət kimi yanaşılmasını, ailənin cəmiyyətin sütununu təşkil etdiyini, sevgisiz qurulan ailələrdə doğulacaq körpələrin xoşbəxt olmayacağını ehtiva edir.

Namik Kamalın 1874-cü ildə Qazi Mağusada qələmə aldığı digər bir əsər isə “Gülnihal”dır. Muzeydə bu əsər haqqında bəhs edərkən öncə belə deyirlər: “Yazıçı Mağusa zindanına gətirildiyi günün axşamı bu əsəri qələmə almağa başlayıb.” Bu əsərin süjet xətti ilə yazıçı Mağusaya gətirilərkən gəmidə rastlaşıb. Gəmi işçisinin həyatından bəhs edən əsəri, yazıçı əxlaqi-mənəvi dəyərlərin vacibliyinə söykənərək yaradıb.

Qazi Mağusada qələmə alınan “Gülnihal” əsərində yazıçı zalım Sancak bəyinə qarşı xalq üsyanından bəhs edir. Bu əsər Namik Kamalın siyası dünyagörüşünü, əxlaqi dəyərlərə verdiyi önəmi, bir sözlə şəxsi-mənəvi keyfiyyətlərini göstərən ən əhəmiyyətli əsər kimi dəyərləndirilir. Əsil adı “Raz – ı Dil” olan bu əsər yazıçının səhnə əsərləri arasında ən uğurlu əsər hesab olunur. Namik Kamalın əsərlərini oxuduqca, onun könüllərə nə qədər yaxın hisslər, duyğular yazıçısı olduğunu görürsən. O, hər misrası, hər sətri ilə ürəklərə bir az da yaxınlaşır, zaman keçdikcə ruhunu çuğlayan bir qüvvəyə çevrilir. Sanki yazıçının ürəyindən qopan bir səs, ruhundan qopan bir hiss sənin duyğularında əks olunur. O, səni sevgiyə, sədaqətə, əxlaqa, torpağa, insanları sevməyə, nikbin ruha bağlayır. O, səni sən edir…

Mustafa Kamal Atatürk: ”Vətənin qurtuluşu və istiqlalı üçün ölməyi bugünkü nəslə Namik Kamal öyrətdi.”

Muzeyin eksponatları arasından şairin tərcümey-halı yazılmış kitabçanı, yazdığı və ona ünvanlanan məktubları vərəqləyirəm. Burada hər şey yazılıb. Şairin ömür yolu, əsərləri təhlil olunub, fikir və düşüncələrindən boylanan vətən sevgisinin “rəsmi” çəkilib. Namik Kamal 1840-cı ilin 21 dekabrında Təkirdağ qəsəbəsində zadəgan ailəsində anadan olub. O, böyük bir nəslin nümayəndəsidir. Bu nəsil türk dünyasına sədri-əzəmlər, adlı-sanlı sərkərdələr, şairlər, alimlər bəxş edib. Onlar zaman-zaman öz azad fikiləri, azad ruhları ilə ürəkləri fəth edib, könüllərə köçüblər. Namik Kamalın vətən sevdalı ruhu da məhz bu mühitdən boy verərək dünyanı dolaşmaqdadır. Əsl adı Mehmet olan Namik Kamala Namik adını babasının dostu şair Əşrəf bəy verib. Kamal babasınin işi ilə əlaqədar Sofiyada olarkən Əşrəf bəy onun şeirlərini dinləyib, yazıları ilə tanış olub və ürəyinə yatıb. Odur ki, dostunun övladına yazıçı, katib mənasına gələn Namik adını verib. Qeyd edim ki, anasını 8 yaşında ikən itirən Namik Kamal babasının himayəsində böyüyüb. Babasının işi ilə əlaqədar Avropanın müxtəlif şəhərlərini gəzib. Sofiyada olarkən bir iş adamının qızı ilə 18 yaşında ailə qurub. Namik Kamalın bu evlilikdən iki qız, bir oğul övladı dünyaya gəlib. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk Namik Kamalın fikirlərinə hər zaman istinad edir, onun ədəbi, ictimai fəaliyyətini yüksək dəyərləndirərək deyirdi: ”Vətənin qurtuluşu və istiqlalı üçün ölməyi bugünkü nəslə Namik Kamal öyrətdi.”

“Milliyyət və hürriyyət kəlmələrini Türkiyəyə qazandıran yazıçı”

Ədəbiyyatşünas, tarixçi, yazıçı, şair Nihad Sami Banarlı Namik Kamal haqqında yazır: “Vətən kəlməsini Türkcədə ilk dəfə bugünkü mənasında məhz Namik Kamal işlətmişdir. Milliyyət və hürriyyət kəlmələrini də Türkcəyə o qazandırmışdır. Divan kültürüylə yetişən Namik Kamalın şeir dili hiss, xəyal, ahəng  və kültür baxımından zəngin bir dildir. Namik Kamal şeirdə olduğu kimi nəsrdə də qüvvətli bir üslubçudur. Bu üslub fikrin həyəcanla birləşməsindən doğan hayqırıcı bir üslubdur və yazmaqdan daha çox insan topluluqlarına eşitdirmək üçün seçilmiş bir natiqlik dilidir.” Məşhur türk araşdırmaçı-yazıçı Türkər Açaroğlu da əsərlərində Namik Kamalın yaradıcılığına toxunaraq onu “yeni ruhlu yazıçı“ adlandırır. Yəhya Kamal isə yazır ki, Namik Kamal həyatının bir dövründə çox erkək və diri səslə danışan və bizi Şərq şeirinin qadınlaşmış ədasından qurtaran insandır.

Namik Kamal nə üçün həbs olunmuşdu?

Namik Kamal yaradıcılığının hələ ilk vaxtlarından azad fikirləri, dünyanın müasir inkişaf  tendensiyalarını anlaması, insanın azad ruhunu duyaraq onu ədəbi müstəviyə gətirməsi ilə diqqətləri cəlb edirdi. O, millətinin mənəvi inkişafına nail olunması üçün çalışırdı və düşünürdü ki, türkçülüyün və dövlətçiliyin qorunması yalnız mənəvi cəhətdən inkişaf etmiş, şəxsiyyət kimi formalaşmış insanlar sayəsində mümkündür. Xüsusən Fransa mühacirətindən qayıtdıqdan sonra şairin ədəbi yaradıcılığı inqilabi ideyaların meydanına çevrildi. O, yalnız cəmiyyətdə deyil, həm də ədəbiyyatda inqilabi fikirləri ilə ürəklərə yol tapırdı. Əsərlərinin, fikirlərinin ana xəttini təşkil edən, qanı ilə, canı ilə türkçü olan Namik Kamal Türkiyədə ilk “Vətən şairi” kimi şöhrət qazanır. Bəlli olduğu kimi, Namik Kamal “Yeni osmanlılar” partiyasının yaradıcılarından və liderlərindən biri olmaqla, geniş ictimai fəaliyyət göstərib. Məhz bu partiyanın fəaliyyəti nəticəsində Sultan İkinci Abdulhəmid konstitusiya qəbul etməyə məcbur olub. Bu, həmin dövrdə dünyada böyük uğur hesab olunurdu. Tarixçilər bu uğurda Namik Kamalın böyük rolu olduğunu vurğulayırlar. Bu da təsadüfi deyildi. Kamal “Paris Kommunası” zamanı kommunarları müdafiə etmişdi. Ədəbiyyata ilk dəfə “Vətən”, “inqilab”, “azadlıq”, “mübarizə” məfhumlarının da məhz onun tərəfindən gətirildiyi deyilir.

“Teatr eşqə bənzəyir”

Namik Kamal “İbrət” qəzetində işlədiyi dövrdə, hakimiyyəti tənqid edən yazılarına görə təqiblərə məruz qalır. Şair ömrünün bir parçasını da Mərmərə bölgəsinin Çanakkala şəhərinin Gelibolu qəsəbəsində sürgün həyatı yaşamağa məhkum edilir. Hələ sürgünə yollanmamışdan öncə dostları ona dram əsəri yaratmağı məsləhət görmüşdülər və şair bu barədə düşünürdü. Bu, ona görə ona lazım idi ki, fikir və düşüncələrini daha aydın şəkildə, qısa zaman ərzində xalqa çatdırmaqla, təfəkkürlərə təsir edə bilsin. Namik Kamal bunu bacaracaqdı. Zaman gələcəkdi ki, dram əsərləri onun yaradıcılığının başlıca istiqamətinə çevriləcəkdi. O, teatrı mühüm dəyərləndirən məqalələr ərsəyə gətirəcəkdi. “Bir millətin gözəl danışıq qüdrəti ədəbiyyatında, ədəbiyyatın da ən canlı ifadəsi teatrda bəlli olur”, “Teatr məram anlatmaqda həm gözə, həm də qulağa xitab etdiyi üçün təsirini iki vasitə ilə birdən icra edir”, “Teatr bir əyləncə vasitəsidir, fəqət əyləncələrin ən faydalısıdır.”, “Teatr eşqə (sevgiyə) bənzəyir. İnsanı qəmli-qəmli ağladar, fəqət verdiyi şiddətli təsirlərdə bir başqa ləzzət vardır”, “Qərb ölkələrində teatr ədəbiyyat növlərinin hamısından üstün hesab olunur”, “Teatr dünyanın aynasıdır”, “Teatr əxlaq və dil məktəbidir”, “Teatr ədəbiyyatın ən böyük hissəsidir” fikirləri ilə teatrı insanların düşüncəsinəhəkk etməyə çalışırdı. Hələ Parisdə yaşayarkən atasına yazdığı məktublarında da bu barədə bəhs edən Namik Kamalın teatr sevgisi xalqın gözünü açmaq, həqiqəti anlatmaq, ona yeni ruh aşılamaq sevdasından qaynaqlanırdı.

O, məhz sürgündə olduğu Geliboluda “Vətən və ya Silistrə” əsərini yazmağa başlayır və İstanbula qayıtdıqdan sonra əsəri tamamlayır.

“Vətən və ya Silistrə” nədən bəhs edir?

Namik Kamalın millətinin düşüncəsində Vətən, millət şairi kimi özünə yer tutmasının səbəbi millətinin ruhunu duyması, əsərlərində milli ruhu yaşatması ilə bağlıdır. “Vətən və ya Silistrə” əsəri də milli ruhu daşıdığı üçün ürəkləri fəth edə bildi. Bu əsər yazılandan, tamaşaya qoyulandan sonra Türkiyədə, dünyada hücumlara məruz qaldı, bəzi tənqidçilər onu təqlid adlandırdılar. Amma bunların heç biri öz isbatını tapmadı. Diqqət yetirəndə görmək mümkündür ki, Namik Kamalın əsərlərini sevməyənlər, onun dəyərini lazımınca verməyənlər, şairin vətənpərvərliyindən, sarsılmaz əqidəsindən, ilhamından düşüncələrə aşılamağı bacardığı vətən sevgisindən qorxanlardır. Namik Kamal “Vətən və ya Silistrə” əsərində Osmanlı-Rus  müharibəsi zamanı Krım torpaqlarında yer alan Silistrə qalası uğrunda gedən döyüşlərdən, bu döyüşlərdə türk əsgərlərinin qəhrəmanlığından bəhs edir. Gənc və qəhrəman İslam bəy Zəkiyyə adlı bir qızı sevir. Krım müharibəsi başlananda İslam bəy könüllü olaraq cəbhəyə yollanır. Gedərkən-“məni sevən arxamca gəlsin” deyir. Zəkiyyə bu sözləri eşitdikdən sonra kişi libası geyinir, adını dəyişib Adəm qoyur və sevgilisinin ardınca cəbhəyə yollanır. Onların hər ikisi döyüş meydanına çevrilmiş Silistrə qalası uğrunda vuruşurlar. Silistrə hər bir türk döyüşçüsünün düşüncəsində vətən anlamını daşıyırdı. Böyük çətinliklər yaranan qala döyüşündə İslam bəy yaralanır.

Zəkiyyə onu müalicə edir. Bu zaman qalanın komendantı həlak olur, onu Sidqi bəy əvəz edir. Sidqi bəy bir məktub alır. Məktubda yazılır ki, qızı Zəkiyyə itkin düşüb. Bundan əvvəl də Sidqi bəyin başına bir hadisə gəlmişdi: ölümə məhkum edilmiş yaxın yoldaşını güllələmədiyi üçün rütbəsi alınmış, hərbi qulluqdan kənarlaşdırılmışdı. Lakin o, xəcalətindən öz doğma yurduna qayıtmamış, adını dəyişərək sıravi əsgər kimi hərbi qulluğa daxil olmuşdu. O, öncə həyat yoldaşının və oğlunun öldüyünü eşidir, sonra isə qızının itdiyi xəbərini alır. Sirrini kimsəylə bölə bilməyən Sidqi bəy dərdini içində çəkib qüssəyə qərq olur.

Qala ağır günlərini yaşayır. Sidqi bəy qalanı mühasirədən azad etmək üçün düşmənin cəbbəxanasını partlatmağı son çarə kimi düşünür. Lakin bu işi həyata keçirmək üçün bir neçə nəfər fədai lazım idi. İslam bəy və Zəkiyyə bu işi öz öhdəsinə götürür. Yolları yaxşı tanıyan Abdulla çavuş bu işdə onlara kömək edir. O, tez-tez danışığında “qiyamət qopar!” ifadəsini işlətməyə adət etmiş, öz nikbinliyi ilə döyüş yoldaşlarının sevimlisinə çevrilmişdi. Qəhrəmanların səyi nəticəsində cəbbəxana məhv edilir. Düşmən geri çəkilir. Sidqi bəy ağır yaralanır. Vəzyyət elə gətirir ki, sirlərin üstü açılır. Sidqi bəy ona baxan Adəm adlı şəxsin qızı Zəkiyyə olduğunu öyrənir. İslam bəylə Zəkiyyəni evləndirirlər. Əsər nikbin sonluqla tamamlanır.

Mənbələrdə yazılır ki, müəllif bu mövzunu təsadüfi yerə qələmə almayıb. Silistrə qalası Osmanlı imperatorluğu üçün strateji əhəmiyyətə malik olub. Fridrix Engels Silistrə mühasirəsinə böyük hərbi əhəmiyyət verərək, 1854-cü ildə “Nyu-York Tribyun” qəzetində iki məqalə dərc etdirib.

O, məqalənin birində yazırdı: “Silistrənin mühasirəsi hərbi baxımdan müharibənin başlanğıcında, şübhəsiz ki, çox mühüm hadisə idi. Bu qalanı götürə bilmədikdən sonra rusların kampaniyanı uduzduqları hesab olunmalıdır. Uzaqvuran toplarla on günlük fasiləsiz atəş, on iki gün açıq tranşeydə olmaq, iki mina həmləsi, beş şturm, həm də bunların hamısı düşmənin məğlubiyyəti ilə nəticələnmişdir.

Doğrudan da müharibə tarixində, çətin ki, buna bənzər qəhrəman müqavimət misalı tapılsın…” F.Engels Silistrə müqaviməti zamanı türklərin hərbi rəşadət və qəhrəmanlığına öz heyranlığını bildirirdi. Namik Kamal da məhz rəşadətli türk əsgərinin qəhrəmanlığından ilhamlanaraq, sevgi, qəhrəmanlıq, vətənpərvərlik və sədaqət əsəri olan “Vətən və ya Silistrə”ni yaradıb.

Namik Kamal bu əsərdəki qəhrəmanların simasında türk əsgərinin ölümsüz obrazını ərsəyə gətirib. Ümumiyyətlə, əsərdəki bütün qəhrəman obrazlar türk insanının Vətən uğrunda hər zaman döyüşə qalxıb qalib gəlməyə, ölümün gözünə dik baxmağa hazır olduğunu göstərir. Qəhrəman türk qızı Zəkiyyə təhsilini yarımçıq saxlayıb, əsgər paltarında sevgilisinin ardınca döyüşə yollanır, igidliklər göstərir. Namik Kamal Zəkiyyə obrazı ilə türk qadınının əsrlərdən gələn genetik qəhrəmanlıq xüsusiyyətlərini qabardır. Buradan belə görünür ki, istər qadın, istərsə də kişi olsun, fərq etməz, hər bir türkün düşüncəsində Vətən bütün varlıqlardan yüksəkdə dayanır.

Tədqiqatçılar bu əsərin yalnız Türkiyə üçün deyil, Avropa ölkələri üçün də demokratik fikrin oyanmasında əhəmiyyətini vurğulayırlar. Təsadüfi deyil ki, bu əsər 5 dilə tərcümə olunaraq yayılıb.

“Vətən və ya Silistrə” – Vətən sevgisinin simvolu

Namik Kamal uzun müddət Avropada yaşasa da, Avropa dəyərlərini öyrənsə də, bütün əsərlərində bir türk olaraq, türkçü olaraq qalır, elə buna görə də xalqının, vətənin şairi kimi sevilir, ürəklərdə özünə abidə ucaldır. “Vətən və ya Silistrə” əsəri isə böyük sənətkarın vətən sevgisinin simvoluna çevrilir. Tanınmış türk tarixçisi Əbdürrəhman Şərəf bəy “Tarix müsahibələri” adlı əsərində “Vətən və ya Silistrə” əsərinin tamaşasından sonra İstanbulda yaşanan hadisələrdən bəhs edir.

Müəllif yazır ki, tamaşa salonu tamaşaçıların alqış sədalarından az qala yıxılacaqdı. Tamaşa bitdikdən sonra isə kütlə İstanbul küçələrinə axışır. Gecə yarıyadək “Yaşasın Kamal, Yaşasın Kamal!” hayqırtıları İstanbulun küçələrində əks-səda verir. Kütlə Namik Kamalın o zaman çalışdığı “İbrət” qəzeti redaksiyasının önünə gəlir. Onlar Namik Kamalı görmək istəyirdilər. Lakin böyük sənətkar həmin anda redaksiyada yox idi.

Onlar məktub yazıb Namik Kamala çatdırılmasını rica edirlər. İki gün sonra məktub “İbrət” qəzetində dərc olunub yayımlanır. Lakin bu əsərin tamaşası yazıçıya baha başa gəlir. Qəzet qeyri-müəyyən müddətə bağlanır. Namik Kamal və redaksiyanın əməkdaşları – Ebüziyya Tevfik, Nuri Bey və Hakkı bey sürgün edilirlər. Namik Kamalın qismətinə bu dəfə Qazi Mağusa düşür.

“Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir.”

Namik Kamal haqqında araşdırma apararkən, onun Azərbaycanın görkəmli ədiblərinin diqqətini cəlb etdiyi, Azərbaycanın əsrin əvvəllərindəki məcmuələrində ardıcıl olaraq dərc olunması ilə qarşılaşdım. Məsələn, 1912-ci ildə Fərhad Ağazadə 4-6-cı siniflər və axşam kursları üçün, eləcə də ailələrdə oxunmaq üçün “Ədəbiyyat məcmuəsi” adında qiraət kitabı hazırlamışdı. Kitabda Namik Kamala da yer verilmişdi. Görkəmli mütəfəkkir Həsən bəy Zərdabi də məcmuələrdə Namik Kamalın əsərlərini dərc etdirirdi.

Ədəbiyyatşünas-alim Salman Mümtaz uzun müddət Sabirlə dostluq etmiş və bir dəfə ona belə bir sual vermişdir: “Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?” Sabir, Ziya Paşa ilə Namik Kamalın adlarını çəkmişdi. Güney Azərbaycan milli-azadlıq hərəkatının rəhbəri Ş.M.Xiyabani ölümcül yara alanda Namik Kamalın misralarını oxuyaraq dünyasını dəyişib.

“Kimsənin lütfünə olma talib”

Hüseyn Cavidin yaradıcılığında da Namik Kamalla bağlı məqamlara rast gəlmək mümkündür. Şair 1910-cu ildə Azərbaycanın bəzi nüfuzlu, maarifçi, varlı şəxslərinin dəstəyi ilə İstanbulda təhsil alırdı. Təhsil illərində o, maddi və mənəvi iztirablar çəkirdi. Lakin öz azadlığını heç bir şeyə dəyişə bilməyəcəyini göstərirdi: Onun İstanbuldan yazdığı bir məktubda oxuyuruq: “Fəqət mənliyimi satmaq, əsir olmaq istəməm. Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir. Məşhur Kamal bəy demiş ki, kimsənin lütfünə olma talib. – Əvəzi cövhəri hürriyyətdir.”

Qazi Mağusada-Namiq Kamal muzeyini gəzdikcə, bələdçilər bizə muzey haqqında danışdıqca şairin izi, sözü, ruhu hopan zindanın hər daşı sanki dilə gəlib məndən pıçıltı ilə soruşurdu: Namik Kamal dühasını bir məqaləyə necə sığışdıra biləcəksən? Xəyalən eşitdiyim bu sualı elə xəyalən də belə cavablandırıram: Ürəyimdə sözüm qalacaq, nə zamansa yenidən yazmaq üçün…

Namik Kamalın əsərləri mübariz ruhdan doğulduğu kimi, mübariz ruhlar da yaratmışdı. Ruhlar əbədi yaşayırlar. Biz Namik Kamal zindanından ayrılırıq. Qarşıda bizi bu qədim Türk şəhərinin zəngin abidələri, tarixi, gülərüzlü insanları, sevgi nəğmələri, gündüzə bənzəyən gecələri ilə tanışlıq gözləyir.

Böyükağa MİKAYILLI

İstifadə olunmuş ədəbiyyat:
“Diledebiyyat.net” saytı

  1. Rüstəm Hüseynov, “Namiq Kamal”, Bakı, “Yazıçı”, 1990.
  2. “Ədəbiyyat və incəsənət” qəzet, 23 may 1970-ci il.
  3. “Türk xalqları ədəbiyyatı”, dərslik, 2010-cu il
  4. “Milliyet.com.tr” saytı

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*