Əsas menu

Ermənistanın yeni rəhbərliyi “Hərb, yoxsa sülh” dilemması qarşısında – TƏHLİL 

Bu gün Nikol Paşinyanın inqilab dalğasında hakimiyyətə gəlişindən 100 gün ötür. Hər şey qırağa, bu yüz gündə Dalıq Qarabağ məsələsində hər hansı pozitiv dinamika müşahidə edilmədi. Əsas səbəb də Ermənistandakı yeni hakimiyyətin daxili məsələləri bəhanə edib konstruktiv sülh danışıqlarından yaxasını kənara çəkməsi ilə bağlıdır.

Üstəlik, oğlu Aşotu hərbi xidmət keçmək üçün işğal altındakı Dağlıq Qarabağa yollayan baş nazir Paşinyan bir daha böyük sülhü yaxınlaşdırmaq istəyində olmadığını nümayiş etdirdi. Bundan əlavə, erməni baş nazir hələ də separatçı rejimin birbaşa danışıqlarda iştirak kimi absurd tələbindən imtina eləməyib – hansı tələb ki, hətta ATƏT-in Minsk Qrupunun ermənipərəst həmsədrlərinin belə xoşuna gəlməyib.

*****

Ötən yüz gündə Paşinyanın absurd açıqlamalarından biri də Türkiyə ilə bağlı oldu. Erməni baş nazir heç bir şərt qoyulmadan Türkiyə ilə sərhədlərin açılmasının tərəfdarı olduğunu bəyan elədi. Təbii ki, bu istək də reallaşması mümkün olmayanlar sırasındadır. Ən azı ona görə ki, Türkiyənin bu məsələdə çoxdan aydın mövqeyi var – sərhədlərin açılması üçün Dağlıq Qarabağ məsələsinin həllində ciddi irəliləyiş olmalıdır.

“Ermənistan tərəfinin Türkiyə ilə qeyd-şərtsiz danışıqlar təklifi insanın mədəsini bulandırır. Çünki qeyd-şərtsiz deyəndə onlar daha çox irəli sürdükləri şərtlərə türklərin etiraz etməməsini nəzərdə tutur. Bu da mümkün deyil. Çünki Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, Türkiyənin ərazilərinə iddia edir, soyqırımı kimi əsassız iddiası var və nəhayət, Qarabağın işğalı məsələsi var”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözöləri teleqraf.com-a qardaş ölkədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, bu məsələlər həll edilməyincə iki ölkə arasında münasibətlərin düzəlməsi mümkün deyil: “Paşinyanın dedikləri ondan əvvəlkilərin dediyi kimi demaqogiyadan başqa bir şey deyil. Bunun ciddiyə alınması da doğru olmazdı. Türkiyə Ermənistanla yaxşı münasibətlər qurmağa çalışıb, ”Sürix protokolu” imzalanıb. Lakin Ermənistan həmin protokolları ləğv etdi. Bundan sonra Ermənistanla ciddi danışığın olması mümkün deyil. İşğal siyasəti davam edir, uydurma soyqırımı iddiası var. Ermənistan Türkiyəyə ərazi iddiasından vaz keçməyib. Sərhədin açılmasının şərtləri var. Sonuncu dəfə Türkiyə jest edərək bəyan etdi ki, ən azı 5 rayonun işğaldan azad edilməsi qarşılığında sərhədlərin açılması məsələsi müzakirə mövzusu ola bilər. Ermənistan nə edib ki, Türkiyə öz sərhədlərini onun üzünə açsın? İkincisi, Ermənistan nə qədər ciddi dövlətdir ki, Türkiyə onunla qeyd-şərtsiz danışıqlara getsin? Bu bir az da Ermənistanın başından böyük hərəkəti kimi qiymətləndirilə bilər. Erməni tərəfinin bu cür çirkli, arsız davranışı öz millətinə ziyan vurur. Ermənistan iqtisadi böhran içindədir, ölkə onsuz da çalxalanır. Son hakimiyyət çevrilişinə səbəb iqtisadi böhran oldu. Paşinyanı da bu aqibət gözləyir. Əgər o, demokratik insandırsa, Qarabağın işğalından vaz keçərək diplomatik xətlə qonşu dövlətlərlə münasibətlərini düzəltsin”.

*****

Bu məram əfsus ki, Ermənistanın yeni rəhbərliyində də müşahidə edilmir. Daha bir səbəb xarici amillə, o sırada məsələdə radikal mövqe tutan erməni lobbisi ilə bağlıdır. Həmçinin bəzi iri Qərb dövlətlərinin işğalçı ölkəyə, Dağlıq Qarabağdakı separatçılığa gizli-açıq havadarlığı İrəvanın konstruktiv mövqeyə gəlməsini əngəlləyir. O sırada təəssüflər olsun ki, üç vasitəçi dövlətdən biri olan və ərazisində qeyri-formal da olsa “DQR nümayəndəliyi”nin olduğu ABŞ da var.

“ABŞ Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil vermək istəyir. Bunun üçün də illərdir ki, həm separatçı rejimə böyük pullar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur”. “Yeni Müsavat”ın məlumatına gərə, bu fikri deputat Fazil Mustafa Türkiyə-ABŞ münasibələrindəki kritik durumu şərh edərkən deyib.

Onun qənaəti ilə razılaşmamaq çətindir. Hər necə olmasa, Amerikanın həm işğalçı ölkəyə, həm də Dağlıq Qarabağdakı kriminal rejimə siyasi-maliyyə dəstəyi sirr deyil. Halbuki ABŞ Krımın ilhaqına görə Rusiyaya qarşı 4 ildir ağır sanksiyalar tətbiq edir və bu sanksiyaları ildən-ilə daha da sərtləşdirir. Qarabağ konfliktinin dinc həllinin illərdir dalana dirənməsinin, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 25 ildir kağız üzərində qalmasının əsas səbəbi əslində budur – vasitəçi dövlətlərin “ikili standart” siyasəti.

*****

Bu vəziyyət əslində ən çox elə işğalçı ölkənin ziyanınadır. Çünki həll olunmamış Qarabağ problemi Ermənistanın blokadasının qalması, iri regional iqtisadi və nəqliyyat layihələrində iştirakçı ola bilməməsi, bütövlükdə normal inkişafdan qalması deməkdir. Dünya okeanına çıxışı olan, strateji əhəmiyyətli “İpək Yolu” və “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizlərinin ortasında yer alan, habelə zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın isə belə problemi yoxdur.

Başqa sözlə, işğalçı ölkə hazırkı durumda qalmaq və daha da geri getmək istəyirsə, işğal rejiminə davam edə bilər. Ümid qalır, yeni hakimiyyətin nəhayət ki, sərt reallığı dərk edib Azərbaycanla ixtilafın çözülməsi istiqamətində konstruktiv addımlar atmasına.

“Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrarlamamalıdır. Dünyanın ən güclü 30 ordusundan biri olan Azərbaycan ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil”.

Bu fikri Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə, Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə nümayiş etdirib: “Əgər onlar bu regionda yaşamaq istəyirsə, qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq mümkün olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”.

Deputatın fikrincə, müxtəlif bəhanələrlə danışıqlardan yayınan Ermənistan rəhbərliyi anlamalıdır ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər: “Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edir. İşğalçı Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir”.

Deputat hesab edir ki, bu dəyişmədə ermənilər həmişəki kimi yenə də alət rolunu oynayırlar: “Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir. Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içəridən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan adminstrasiyasının Qərb qarşısında müxtəlif reveranslar etsə də, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir”.

“Yeni Müsavat” 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*