Bizimxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl Samvel Babayan Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməli olduğunu bildirmişdi və bunu “münaqişənin yeganə mümkün həlli yolu” adlandırmışdı.
Bu təklif Ermənistanda və Dağlıq Qarabağda etirazla qarşılaşıb, radikal “Sasna Tsrer” partiyası (eyni adlı terrorçu qrupun bazasında formalaşıb) Samvel Babayanı “xəyanətdə” ittiham edib.
Belə reaksiyalardan sonra martın 21-də Samvelin ofisi geniş bəyanatla çıxış edərək onun fikirlərinin yanlış anlaşıldığını bildirib. Və keçmiş səhra komandirinin əslində nəyi təklif etdiyini izah edib. Bu təklifə əsasən Dağlıq Qarabağ ərazisi beynəlxalq ictimaiyyət, ilk növbədə hansısa beynəlxalq təşkilat tərəfindən münaqişə edən tərəflərin indiki hakimiyyətlərinin siyasi nəzarətindən çıxarılmalı və hansısa beynəlxalq strukturun yurdiksiyası altına verilməlidir.
Bəyanata əsasən Samvel Babayan heç vaxt Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməsini təklif etməyib, bunu bəzi politoloqlar belə interpretasiya ediblər.
Samvelin konsepsiyası Qarabağ nizamlanmasına dair Madrid prinsiplərini qəti rədd edir, erməni tərəfinin hansısa ərazi güzəştlərini müzakirə etməyi qəbuledilməz sayır. Xüsusən də Laçın və Kəlbəcərin qaytarılması məsələsini.
Amma “konsepsiyada” göstərilir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ Dağlıq Qarabağda mandat idarəetmə sisteminin yaradılmasına dair “çoxtərəfli və qapalı” razılaşma imzalamalıdır. Dağlıq Qarabağın yekun statusu isə bu razılaşmanın imzalanmasından sonra referendum yolu ilə müəyyən edilməlidir.