“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əvəzolunmaz və az qala ömürlük rəisi general Ramiz Zeynalovun və tabeçiliyində olan “qaişniklərin” oxuması vacibdir. Yol Patrul Xidmətinin vacib qurum olduğunu mən də anlayıram. Amma, görəndə ki, bu qurumda xidmət aparanları yalnız və yalnız öz maraqları və daha çox cərimə-filan yazmaq düşündürür, məcbur olub onlara xatırlatmalı olursan ki, ay yoldaş-cənablar! Sizin vəzifə borclarınızdan biri də, sürücüləri maarifləndirmək və yol-hərəkətini normal şəkildə tənzimləmək, eyni zamanda, bu sahə ilə bağlı bilik və bacarığınızı artırmaqdır.

Deməli, hər gün Bakı şəhərində, eləcə də respublikanın yollarında avtomobillə hərəkət edərkən, YPX-nin necə öz vəzifə borclarını yerinə yetirdiyinin şahidi olursan. Şəhərdəki tıxacların yaranmasında və aradan qaldırılmamasında şəxsən mən YPX-nın də az “əməyinin və zəhmətinin” olduğu qənaətindəyəm”.

Ü.Cəfərov Bakının bir sıra yerlərində baş verən tıxacların yaranma səbəbinə toxunaraq, quruma bəzi tövsiyyələr də verib:

“Ziya Bünyadov prospektində hər iki istiqamətdə – istər “Koroğlu” metrostansiyasından üzü “20 Yanvar”-Qələbə Meydanı istiqamətində və əksinə, adıçəkilən marşrutun şəhərdən Neftçilər-Aeroport istiqamətində səhər və axşam saatlarında yaranan dözülməz tıxacın ən böyük səbəblərindən biri və mən deyərdim ki, ən başlıcası bilirsiniz nədir?

Deməli bu yolda 90 km/saat sürət həddi qoyulub. Bizim yarıyuxulu və başı Allah bilir nəyə qarışan əksər sürücülərimiz həm adı çəkilən yolun Ayna Sultanova-Karl Marks yolunun üstündə olan MMX kamerası-radarı, eləcə də Dərnəgül yolunun üstündəki radarları görən kimi sürətdi azaldıb 50-60 km/saat-a salırlar. Siz təssəvvür edin ki, ən intensiv və gur olan yolda bir anlığa hansı tıxaclar yaranır. Bəli, əvvəllər bu yolda hərəkət sürəti 60 km/saat idi. İndi isə axı bu sürət həddi dəyişdirilib. Özü də bu biabırçı vəziyyəti aradan qaldırmaq üçün bizim sayı-hesabı bilinməyən YPX başbilənlərinə çox da böyük ağıl və savad tələb olunmur. Sadəcə, o yolun hər iki tərəfində əlavə 3-4 ədəd 90 km/saat sürəti bildirən yol nişanları qoymaq lazımdır. Özünüz də şahidi olacaqsınız ki, tıxac necə azalacaq və mən deyərdim ki, içi mən qarışıq sürücülərin də canı qurtaracaq bu əsəbdən.

İkinci vacıb məqam isə, harada YPX əməkdaşları guya yol tənzimləyirlər, əksinə onlar süni tıxacların yaranmasına səbəb olurlar. Bu hal daha çox Yasamal ATS istiqamətindən üzü Lider TV-yə düşən yolda və Tibilisi prospektində, Həsən Əliyev küçəsi ilə kəsişmədə daha çox müşahidə olunur. Ona görə də, hörmətli DYP və YPX başbilənləri! Sizdən xahiş olunur ki, keçirdiyiniz iclas və müşavirələrdə öz əməkdaşlarınızdan tələb edin ki, onlar bir az məsuliyyətli və ağıllı şəkildə öz vəzifələrini yerinə yetirsinlər.

 

YPX ilə bağlı çox məsələlər var. Onlar haqqında da gələcək qeydlərimizdə fikir bildirəcəyik. Onların hər ay aldıqları yüksək məvaciblər ortaya qoyduqları iş ilə uyğun olmalıdır. Hələliksə, biz bunu o qədər də hiss etmirik”.