Əsas menu

İrəvan təlaşda: Vaşinqton yolları bağladı 

ABŞ İranı nüvə proqramına dair 2015-ci ildə imzalanmış sazişdən sonra Tehran rejiminə qarşı ən sərt sanksiyaları tətbiq edib. ABŞ prezidenti Donald Tramp administrasiyasının yeni sanksiyalarını “tarixdəki ən qəddar tədbir” adlandırıb. Yen sanksiyalar əsasən neft sahəsi ilə bağlıdır. Bununla yanaşı, maliyyə əməliyyatları, energetika və yükdaşımanı da əhatə edir.

Siyahıda 600-ə yaxın hüquqi və fiziki şəxsin adı var. Tramp bildirib ki, o, bu vasitə ilə yeni nüvə sazişinə nail olmağı planlaşdırır. ABŞ dövlət katibi Mayk Pompeo özünün şəxsi “Tvitter” səhifəsində yaydığı bir postda Amerikanın İrana qarşı tətbiq etdiyi geniş sanksiyaların icrasına başlanılmasından bəhs edib.

O bildirib ki, sanksiyaların tətbiq edilməsində məqsəd, İran millətinə yox, Tehran rejiminə qarşı təzyiqi gücləndirməkdir: “Məqsədimiz İranı bölgədə apardığı dağıdıcı fəaliyyətindən əl çəkməyə vadar etməkdir. Bu sanksiyalar, öz səriştəsiz hakimiyyətlərinin rəhmsizliyindən əziyyət çəkən İran millətinə yox, onlara hakim Tehran rejiminə qarşı yönləndirilib”. Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib ki, hazırda İranın neft ixracatı 1 milyon bareldən çox azalıb və Tehranın neft ixracatı getdikcə azalacaq. Bəzi ölkələr İrandan neft idxalını minimuma endiriblər. Lakin bunu sıfıra endirmək üçün onların vaxta ehtiyacı var. Dövlət katibi sanksiyaların artıq İran iqtisadiyyatına ciddi təsir etdiyini və yüzlərlə şirkətin ölkə ərazisini tərk etdiyini söyləyib. Qadağaların “Swift” bank sistemini də əhatə edəcəyini deyən prezident Tramp Avropa Birliyinə xəbərdarlıq edərək Tehranla əməkdaşlığın davam edəcəyi təqdirdə nəticənin yaxşı olmayacağını vurğulayıb.

ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Ermənistanın siyasi dairələri və analitiklər qadağaların ölkə iqtisadiyyatına təsir imkanlarını müəyyənləşdirməyə çalışır. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistanın 25 ildir xaricə birbaşa çıxışında İran mühüm rol oynayır. Gürcüstanla sərhədlərin açıq olmasına baxmayaraq, strateji əhəmiyyətinə görə, İran Ermənistan üçün nəfəslik sayılır. Çünki şərqdən Azərbaycan, qərbdən Türkiyə ilə həmsərhəd olan Gürcüstan şimaldan Rusiya ilə münaqişə vəziyyətindədir. Ona görə də Ermənistanın Gürcüstan ərazisi ilə beynəlxalq tranzit şəbəkəsinə çıxış imkanları çox məhduddur. Bu səbəbdən rəsmi İrəvan Tehran rejimi ilə əməkdaşlığa xüsusi önəm verir.

İrana tətbiq edilən sanksiyaların Ermənistana təsiri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun dekarın 25-də Ermənistana səfəri zamanı gündəmə gəlib. Belə ki, Boltonun Paşinyan hökumətinin qarşısında İranla münasibətlərdə korrektələr etmək şərti qoyması Ermənistanda ciddi müzakirələrə səbəb olub. Amerikalı diplomat bu məsələnin Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət kəsb etdiyini bəyan edib. Ona görə də Ermənistanın ABŞ-ın maraqlarına zidd getməsi seçkilər ərəfəsində Vaşinqtonun dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan üçün problemlər yarada bilər. Lakin Paşinyan blokada şəraitində olan Ermənistanın İranla sərhədində iqtisadi-ticari əlaqələri məhdudlaşdıracağı tədqirdə ölkədə sosial problemlərin baş qaldıracağını da nəzərə alır. İranla sərhədi isə Ermənistandan daha çox Rusiyanın nəzarətindədir. Ona görə də İran-Ermənistan sərhəddində daşımalara nəzarət əslində, Tehran-Moskva səviyyəsində razılaşdırılmalı olan bir məsələdir.

Xatırladaq ki, Con Bolton “Azadlıq” Radiosuna müsahibəsində bildirib ki, ABŞ-ın İrana təzyiqinin artırdığı bir vaxtda Ermənistan-İran sərhədi “mühüm məsələyə” çevriləcək. Bəzi ekspertlərin fikrincə, Ermənistan-İran sərhədinin bağlanması ABŞ üçün prioritet deyil. Vaşinqtonun əsas məqsədi həmin ərazini Mərkəzi Kəşfiyyat İdarəsinin və “Pentaqon”un nəzarətinə götürməkdir. Yəni sanksiyalar İran-Ermənistan əlaqələri üçün istisna təşkil edə bilər. ABŞ-ın əsas hədəfi Rusiya silahlı qüvvələrini Ermənistan-İran sərhədindən sıxışdırıb çıxartmaq və həmin ərazidən kəşfiyyat məqsədilə istifadə etməkdir. Qapalı danışıqlarda Nikol Paşinyanın bununla bağlı amerikalı müşavirə hansı cavab verdiyi məlum deyil. İctimaiyyət qarşısında isə baş nazir belə bir təkliflə razılaşmayacağını bildirir.

Nikol Paşinyana yaxın mənbələrdən KİV-ə sızan məlumatlara görə, görüş zamanı Bolton Ermənistan rəhbərliyini İranla fəal ticarət əlaqələrindən çəkinməyə çağırıb. O, Tehranın üçüncü ölkələrlə maliyyə əməliyyatları aparması üçün porta çevrilməmək barədə Ermənistana xəbərdarlıq edib. Əgər Ermənistan ABŞ-ın tələblərinə əməl etsə ciddi iqtisadi risklərlə üzləşə bilər. Eyni zamanda, bu mövqe İranın və Rusiyanın Ermənistana təzyiqlərinin artması ilə müşahidə olunacaq. 2017-ci ildə Ermənistanla İran arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 10 faiz artaraq 263,5 mliyon dollar təşkil edib. İran Ermənistana radiaokaktiv maddələr, təbii qaz, şüşə də daxil olmaqla 600 adda məhsul ixrac edir. Ermənistan da İrana nəql etdiyi elektrik enerjisinin qarşılığında təbii qaz alır. Elektrik enerjisinin satışı Ermənistanın İranla ticarət əlaqələrində mühüm yer tutur.

ABŞ-ın sanksiyalarının İranla Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonasının yaradılmasına dair müqaviləyə necə təsir göstərəcəyi məlum deyil. Ermənistanla sərhəd məsələsinə gəlincə, Boltonun açıqlaması da təsdiq edir ki, ABŞ İranın nüvə silahı əldə etmək planlarından imtina etməsi üçün bütün imkanlarından istifadə etməyə çalışır. Bu baxımdan, Ermənistanla sərhədlərin nəzarətə götürülməsi də İranın blokadaya alınması planının tərkib hissəsi sayılır.

“Aydındır ki, prosesdə dostlarımıza zərər vermək istəmirik. Ona görə də hesab edirəm ki, Ermənistan və ABŞ hökumətləri arasında danışıqlar çox vacibdir. Mən baş nazirə də dedim ki, biz bu sanksiyaları yüksək enerji ilə qəbul edəcəyik. Bu, Obama administrasiyası deyil”-deyən Bolton ABŞ-ın əsas hədəfinin İranı Yaxın Şərqdə zərərsizləşdirmək olduğunu deyib. Nikol Paşinyanın Ermənistan parlamentində çıxışı zamanı söylədiyi fikirlər isə Vaşinqtonun şərtlərinin İrəvanda heç də müsbət qarşılanmadığnı göstərir: “Biz hər bir ölkənin milli və dövlət maraqlarına hörmətlə yanaşırıq. Lakin Ermənistanın özünün dövlət maraqları var. Biz bu maraqlara söykənmişik və söykənməkdə davam edəcəyik”-deyə Paşinyan bildirib.

Hökumət başçısı qeyd edib ki, Ermənistanın maraqları heç də başqa dövlətlərin maraqları ilə üst-üstə düşməyə bilər. İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Paşinyan hökumətinin tutduğu mövqeyə görə İrəvandakı səfir Seyid Qasim Səcadi vasitəsilə ermənistanlı həmkarı Zöhrab Mnasakanyana təşəkkür edib.

Bununla yanaşı, ABŞ İrana sanksiyalar tətbiq edənə qədər artıq Ermənistanla münasibətlərdə problemlər özünü göstərməyə başlayıb. Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı artan qadağaları Ermənistanda artıq turizmin inkişafına zərbə vurub. İran rialının dəyərdən düşməsi əvvəlki illərlə müqayisədə qonşu ölkədən Ermənistana gələn turistlərin sayını xeyli dərəcədə azaldıb. İranlı turistlərin sayının getdikcə azalacağı gözlənilir. İranla-Ermənistan arasındakı iqtisadi əlaqələrin həcmi geniş deyil. Eləcə də Ermənistan İran üçün iri neft idxalçısı sayılmır. Ona görə də İranla ticarəti dayandırmaq ABŞ üçün nəinki prioritet deyil, üstəlik Paşinyan hökuməti üçün problem yarada bilər. Vaşinqton ABŞ-dan daha çox siyasi mövqe nümayiş etdirməyi gözləyir. Yəni ABŞ sanksiyalara siyasi münasibətdə Ermənistanın Tramp administrasiyasının, yoxsa Rusiyanın yanında olduğuna aydınlıq gətirməsini istəyir. Bura ilk növbədə, İranla sərhəd zonasına nəzarət məsləsi də daxildir.

Paşinyan isə İranla sərhədləri bağlayacağı təqdirdə, Ermənistanın təcrid olunmuş adaya çevriləcəyini bəyan etməklə ABŞ-ın tələblərindən yayınmağa çalışır. Ancaq Con Bolton blokada vəziyyətindən çıxmaq üçün Paşinyana daha əlverişli təklif verib:Dekabrda keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində cəsarətli addımlar atmaq. Yəni Azərbaycan və Türkiyə sərhədlərin açılmasına nail olmaq üçün qoşunları işğal edilmiş ərazilərdən çıxartmaq.

Hazırkı vəiyyət Ermənistanın ya dörd tərəfdən tam blokada vəziyyətinə düşməsi, ya da Azərbaycanla sülhə nail olmaqla sərhədlərin açılması ilə nəticələnəcə bilər. Yəni status-kvonun dəyişməsi imkanı yaranıb. Hansı variantı seçmək Ermənistanın özündən asılıdır. /cebhe.info/

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*