Əsas menu

“Məhbus vaqonları”nda kameralar və siqnalizasiya sistemləri quraşdırılacaq 

Azərbaycanda məhbusları aparan xüsusi vaqonlar texniki nəzarət, kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək. Ədliyyə Nazirliyi bununla bağlı “Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

Təlimatın 2-ci (Müşayiətetmənin əsasları) maddəsinə əsasən, məhbusların müşayiəti üçün sifarişlər müşayiət etmənin başlanmasına ən azı üç iş günü qalmış verilməli və Penitensiar xidmətin baş idarəsinə ünvanlanmalıdır. İndi isə bu müddət 3 gün deyil, 5 gün olacaq.

Təlimatın 3-cü (Müşayiətetmənin təşkili) maddəsinin 3.15-ci bəndi konkretləşdirilib: “Məhbusların mindirilməsi (düşürdülməsi) zamanı başlanğıc məntəqədə planlı qarovulun, hərəkət yolunda olan dəyişmə məntəqələrində isə qarşılanma qarovulunun tərkibindən xüsusi vaqonun girişinin əks tərəfində, xüsusi vaqonun işlək tamburunda, ondan səkkiz-on metr aralıda, hava və su gəmisinin giriş pilləkənində və başqa yerlərdə müvəqqəti postlar qurulacaq”.

Həmin maddənin 32-ci bəndi yeni redaksiyada verilib: “Xüsusi vaqonlar texniki nəzarət, kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz olunmalıdır”. Təlimatda edilən dəyişikliyə əsasən, əvvəllər məhkum olunmuş bələdçinin xüsusi vaqonlara təyin olunması qadağan edilib.

Belə ki, Təlimatın 33-cü bəndi də yeni redaksiyada verilib: “Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsinə bələdçilərin məhkumluğu barədə sorğu edilir. Əvvəllər məhkum olunmuş bələdçinin xüsusi vaqonlara təyin olunmasından imtina barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunur”. Bundan başqa, məhbuslara xüsusi avtomobildə və vaqonda tütün çəkmək qadağan edilib.

Təlimata əsasən, Xüsusi təhlükəli məhbusların, həmçinin qaçmağa meylli olanların şəxsi iş üzrə arayışlarının üzərində diaqonal üzrə qırmızı xətt çəkilməlidir. Dəyişikliklə həmçinin bir-biri ilə ziddiyətli münasibətdəolan məhbusların da şəxsi iş üzrə arayışlarının üzərində diaqonal üzrə qırmızı xətt çəkiləcək.

Qarovul rəisi şəxsi işə əlavə edilmiş arayışla gücləndirilmiş mühafizə tələb olunan şəxsləri müəyyən etməli, məhbusları ona təhvil verən əməkdaşdan onlar üzərində gücləndirilmiş mühafizənin səbəblərini, bir-biri ilə ziddiyətli münasibətdə olan şəxsləri dəqiqləşdirməlidir.

Təlimata edilən əlavə əsasən, məhkəmələrin binasında, dayanacaqlarda mühafizə xəttini keçmə cəhdinin qarşısını almaq məqsədi ilə xüsusi vasitələr tətbiq ediləcək.

Xatırladaq ki, 2017-ci il oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilən məhbuslar – Əli Ağami və Etibar Məmmədov oktyabrın 23-də Biləcəri stansiyasında qaçıblar.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*