Əsas menu

“Məsuliyyətli olmaq lazımdır” — Naxçıvandan Qüdrət Həsənquliyevə CAVAB GƏLDİ 

Son zaman Naxçıvandan deputat seçilən BAXCP sədri Qüdrət Həsənquliyevlə Muxtar Respublika rəhbərliyi arasında sərin yellərin əsdiyi açıq-aşkar sezilir. Məlum olduğu kimi, BAXCP sədri mətbuat açıqlamasında “kiçik torpaq” barədə dilə gətirdiyi tənqidi fikirlərin sərt üslubla qarşılandığını, hətta Naxçıvandan bir vəzifəli şəxsin onun barəsində sosial şəbəkələrdə etik normalara sığmayan statuslar paylaşıldığını iddia etmiş və bu hərəkəti mahiyyət etibarilə xaricdən ölkəmizə yönələn söyüş kampaniyası ilə eyniləşdirərək demişdi:

“Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər, əslində, ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi”.
Naxçıvan Muxtar Respublikasından deputat cavabı isə özünü çox gözlətmədi. Bu gün Naxçıvanın yarımrəsmi xəbər portalı kimi tanınan Naxcivanxeberleri.com saytında politoloq Anar İbrahimovun dərc olunan “Rəqəmlərlə hoqqabazlıq: sirk qaydalarını siyasətə və iqtisadiyata gətirmək kimə lazımdır?” sərlövhəli yazı deputata verilmiş cavab xarakterlidir.

Demokrat.az mövzunun aktuallığını nəzərə alıb, sözügedən yazını oxuculara təqdim edir: “Bu günlərdə Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevin Naxçıvan Muxtar Respublikası ilə bağlı müsahibələrini mən də oxudum. Düzü müsahibələrdən, ordakı fikirlərdən özüm üçün tam təəssürat yarada, nəticəyə gələ bilmədim. Onun məqsədini də anlamaqda çətinlik çəkdim və düşünürəm ki, digər oxucular da Qüdrət Həsənquliyevin tam olaraq məntiqini və məramını anlaya bilmədilər. Tanınmış polyak yazıçısı və publisisti Andjey Sapkovski`nin (Andrzej Sapkowski) yaxşı bir ifadəsi var: – “Kontekstdən çıxarılmış yarım həqiqət yalandan çox fərqlənmir”. Niyə bu yadıma düşdü?! Çünki, Qüdrət Həsənquliyevin son müsahibəsində söylədiklərində, ordakı səsləndirdiyi rəqəmlərdə, istinad etdiyi “faktlar” və sonda, bunlara görə gəldiyi məntiqi nəticədə ilk baxışda qeyri-adi bir şey yoxdur. Rəqəmlər, faizlər və s. düzdür… Amma…

Və əsas məsələ də bu əmmalardadır. Mediyada və cəmiyyətdə özünü intellektual, yeni nəsl və tərz siyasətçi kimi təqdim etməyə çalışan birisindən bu dərəcədə bəsit fikirləri və məntiqi gözləmədiyimdən, etiraf edim ki, mənim üçün bu bir surpriz oldu. Digər tərəfdən, bəlkə də məqsədə çatmaq, hansısa bir fon yaratmaq ümidilə səsləndirilən həmin ifadələri anlamaq da olar. Çox vaxt sadə insanlar rəqəmləri yoxlamaz, təhlil etməz, birdən alındı məntiqi ilə düşünülərək bu addımlar atıla da bilər…

Əlqərəz, keçək əsas məsələyə. Əslində bu fikirləri ilə Qüdrət Həsənquliyev heç də yeni bir şey kəşf etməyib, sadəcə illər öncə bəzilərinin (əsasən də radikal müxalifətin və onların ətrafında olanların) səsləndirdiklərini təkrar edib. Ötəri təhlil kifayətdir ki, deputatın da iddialarının necə əsassız və məntiqsiz olduğu aşkara çıxsın. Müsahibəsində o deyir ki, Azərbaycanda 34 rayon (şəhər) dotasiya almadan büdcələrini formalaşdırır, lakin nədənsə unudur ki, muxtar respublikanın 8 inzibati rayonundan 6-sı dotasiya almır, muxtariyətin paytaxtı Naxçıvan şəhəri isə hələ 2001-ci ildən, Bakı şəhərindən sonra ölkə tarixində ikinci şəhər olaraq tam özünümaliyyələşdirmə şəraitində yaşamaqdadır.

O ki qaldı sərmayələrin cəlbi və səmərəli investisiya mühitinin formalaşmasına, burada da muxtar respublika regionlar arasında əlverişli mövqeyini qorumaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European Club`un 2018-ci ildə ölkəmizin iqtisadi regionları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə ən yüksək bal toplayaraq lider olması bunu bir daha təsdiq edir.

Bütün bunlardan şübhəli şəkildə “xəbərsiz” olan Qüdrət Həsənquliyev daha sonra qeyd edir ki: – “Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manat dotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfə çox – 300 milyon 360 min manat dotasiya alır”.

Əgər bunu sıradan bir adam desəydi, bəlkə də əhəmiyyət verməmək olardı, amma gülməli (həm də ağlamalı) hal odur ki, bu müqayisəni 16 ilin deputatı, həm də bilavasitə seçki dairəsi Naxçıvan Muxtar Respublikasında yerləşən millət vəkili, “iddialı siyasətçi” edir. Məhz buna görə məcburam ki, sadə büdcə anlayışlarını bir daha ona xatırladım, çünki burada deputat çox ciddi bir metodoloji səhv edir: – müqayisə olunmayanları qarşılaşdıraraq, nəticəyə gəlməyə çalışır. Aydındır ki, onun büdcə sistemi, büdcənin təsnifatı, oradakı əsas və funksional bölmələrinin mahiyyəti baradə anlayışı və bilikləri olduqca aşağı səviyyədədir.

Həqiqət isə çox sadədir, Naxçıvan MR-də bütün xərclər muxtar respublika büdcəsində əks olunduğu halda, rayon büdcələrində yalnız yerli xərclər yer alıb. Minimal anlayışı və məntiqi olan adam büdcənin funksional və yardımçı bölmələrinə diqqət etsə, bunu görə, başa düşə bilərdi. Sadə bir müqayisə edək, məsələn, Gəncə şəhərini götürüb və onun xərclərini Naxçıvan MR-in (halbuki bu metodoloji cəhətdən düzgün deyil, lakin eksperiment xətrinə bunu edək) büdcə xərcləri ilə qarşılaşdıraq. Naxçıvan MR büdcəsinin xərcləri – 383,8 milyon manat, Gəncə şəhərinin isə 40,89 milyon manatdır. İlk baxışdan əhəmiyyətli fərq görünür, lakin mövcud büdcə sistemi ilə tanış olduqda maliyyələşmədə əhəmiyyətli disbalans olmadığı görünəcək. Məsələ ondadır ki, rayon (şəhər) büdcələrinin xərclərində yalnız yerli xərclər əks olunduğu halda, muxtar respublikanın büdcəsində bütün xərclər, o cümlədən mərkəzləşmiş xərclər də əks olunmuşdur.

Bunu görmək üçün, sadəcə 2019-cu il üçün Naxçıvan Muxtar Respublikasının Büdcəsinə nəzər salmaq kifəyətdir. Məlum olduğu kimi, Naxçıvanın muxtar statusundan irəli gələrək bir çox səlahiyyətlər, o cümlədən də bu səlahiyyətlərdən irəli gələn vəzifələrin icrası ilə əlaqədar xərclərin maliyyələşdirilməsi onun büdcəsi vasitəsilə həyata keçirilir. Məsələn, Gəncədə polis, təhlükəsizlik, prokurorluq, məhkəmə, elm, səhiyyə və bir çox orqanlar, qurumlar və sahələrin maliyyələşməsi yerli büdcə vəsaiti ilə deyil, birbaşa mərkəzi büdcədən – Bakıdan maliyyələşdirilir. Naxçıvan MR-də isə bütün bu xərclər dotasiyanın içində muxtariyyətin büdcəsində bilavasitə əks olunur.
Ümumiyyətlə, büdcə müqayisəsi bir sıra metodoloji qaydalara əməl edilməsi şərti ilə gerçək vəziyyəti əks etdirə bilər, bunların da bizim mövzu ilə, yəni büdcə xərclərinin regionların sosial-iqtisadi təsiri ilə bağlı müqayisənin əsası “adam başına düşən büdcə xərcləri”nin (ABDBX) qarşılaşdırılması metodudur.
Bunun düsturu çox sadədir: ABDBX=büdcə xərcləri/əhalinin sayı. Əgər bu müqayisə üsulundan istifadə etsək məlum olacaq ki, bu göstərici (ABDBX) bütövlükdə Azərbaycan üzrə 2550 manat, Naxçıvan Muxtar Respublikasında 847 manat (mərkəzləşmiş və yerli xərclər daxil olmaqla), Gəncə şəhəri üzrə 123 manatdır. Lakin yuxarıda qeyd etdiyim kimi, müqayisə, yalnız oxşar obyektlər arasında prinsipinə əsasən aparılmalıdır, ona görə də bu qarşılaşmanı da rayonlar (şəhərlər) üzrə etməliyik. Bu şərtə əməl etdikdə isə görürük ki, adam başına düşən büdcə xərcləri (ABDBX) muxtar respublikanın rayon (şəhərləri) üzrə bu Naxçıvan şəhərində 123, Şərurda 25, Babəkdə 26, Ordubadda 38, Culfada 34, Şahbuzda 31, Kəngərlidə 35 və nəhayət Sədərək rayonunda isə 14 manat təşkil edir. Müqayisə üçün bu göstərici Daşkəsəndə 78, Qaxda 170, İsmayıllıda 87, Lənkəranda 75, Xızıda 187, Sumqayıt şəhəri üzrə 158 və Bakı şəhəri üzrə isə 106 manatdır.
Göründüyü kimi, real rəqəmlər heç də Qüdrət Həsənquliyevin iddia etdiyi vəziyyəti – Naxçıvanın daha çox vəsait və dotasiya aldığını göstərmir, əksinə, bir çox hallarda bu kriteriyaya görə maliyyələşmə müqayisə olunan və ondan aşağı səviyyədədir. Bu rəqəmləri müqayisə, təhlil etmək bu qədər asan, mövzu ilə bağlı məlumatlar isə açıq və əlçatan olduğu halda 16 il deputat olan bir şəxsin bunu bilməməsi həqiqətən qəribədir. Çünki bu illərdə bir deputat kimi, o ən azı 30 dəfə həmin prosedurlarda bilavasitə iştirak edib, yadımda qaldığı qədər büdcə müzakirələrinə fəal qatılan deputatlardan olub.
Siyasət mübarizədir, bəzən bu mübarizədə proses, maraqlar, hətta kiçik inciklikər belə önə keçə bilər, lakin siyasi əxlaq və etika həmin mübarizəni sivil formada, sərhədlərdə saxlamaqla cəmiyyət üçün faydalı edə bilər. Bunun üçün azacıq səmimi və lazımı qədər məsuliyyətli olmaq lazımdır”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*