Əsas menu

Milyonları ələ keçirən, uzun illər gizlənən və “İnterpol” tərəfindən saxlanılan Xəlilov kimdir? 

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə “RİÇ” firmasının təsisçisi, zərərçəkmiş İbrahim Səfərov dindirilib.

O, ifadəsində göstərib ki, 1996-1999-cu illərdə “Azərbaqqaliyə” TTK-dan bir neçə dəfə şəkər tozu alıb. Xaricdən mal almaq üçün pulu Emil Xəlilova verilib. E.Xəlilov ölkəyə gətirdiyi malı “Azərbaqqaliyə” TTK-ya satırmış. İbrahim Səfərov da “Azərbaqqaliyə” TTK-dan qazancı ilə birlikdə pulunu alırmış. Amma sonuncu dəfə aldadılıb.

İ.Səfərov ifadəsində o vaxtkı məzənnə ilə ona 675 min manat zərər dəydiyini bildirib və pulunun ödənilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 6-da davam edəcək.

İttihama görə, E.Xəlilov 1996-1999-cu illərdə faktiki rəhbərlik etdiyi “AİA”, “Emil-96”, “Titanus” və digər firmalarla Ticarət Nazirliyinin “Azərbaqqaliyə” TTK-sı arasında müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini bildirib. Lakin dövlət tərəfindən ayrılan vəsaiti ələ keçirib. Həmçinin, “RİÇ” firmasına da şəkər tozu gətirmək vədi verib. Hazırkı məzənnə ilə E.Xəlilovun vurduğu zərər ümumilikdə 3 milyon 381 min manatdır.

E.Xəlilov uzun müddət beynəlxalq axtarışda olub. O, bu il avqustun 8-də Ukraynanın Odessa şəhərində həbs edilərək Azərbaycana ekstradisiya olunub.

Saxlanılarkən E.Xəlilovun üzərindən Polşa vətəndaşına aid pasport tapılıb.

Adıçəkilən şəxsin barəsində mətbuatda fərqli məlumatlar da var. Onun adı kriminal aləmlə əlaqədə də hallandırılıb. Belə ki, bu ilin avqust ayında Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün “Facebook” səhifəsində Xəlilov haqda yazıb və qeyd edib ki, azərbaycanlı E.Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Y.Yenin yazıb ki, E.Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib: “Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*