Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barəsində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Azər Mehdiyevin vəkili Qubad Salayevin vəfat etməsi məlum olub.
Hakim yeni vəkilin işə qatılması üçün Azər Mehdiyevə müraciət edib. Azər Mehdiyev deyib ki, yeni vəkil tutması üçün ailə üzvləri danışıqlar aparır: “Hörmətli məhkəmə, bizim müəyyən çətinliklərimiz var. Maliyyə durumumuz çox ağırdır. İki il yarımdır ki, həbsdəyəm. Ailənin yeganə gəlir gətirəni mən olmuşam”.
Hakim bildirib ki, təqsirləndirilən şəxsin vəkil tuta bilməməsi maliyyə vəziyyəti ilə bağlıdırsa, ona dövlət tərəfindən vəkil təyin oluna bilər: “Təqsirləndirilən şəxs vəkil tutmaqda sərbəstdir. Başqa vəkillə müqavilə bağladığı halda, həmin vəkil də işə buraxıla bilər”.
Azər Mehdiyev bildirib ki, məqsədə uyğundursa, ona dövlət hesabına vəkil təyin edilsin. Hakim bildirib ki, dövlət hesabına vəkil təyin olunması üçün 17 saylı hüquq məsləhətxanasına qərar göndərilib. Qərara cavab almaq üçün hakim prosesdə yarım saat fasilə elan edib.
Yarım saatlıq fasilədən sonra 17 saylı hüquq məsləhətxanasından Azər Mehdiyevi müdafiə etmək üçün məhkəməyə yeni vəkil göndərib. Hakim həmin vəkili Azər Mehdiyevlə tanış edib. Yeni təyin olunan vəkil işlə tanış olması üçün vaxt istəyib. Bu səbəbdən növbəti proses aprelin 19-na təyin edilib.
Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.