Əsas menu

Sükan arxasında yatmamağın əlacı tapıldı 

Hər il yollarda sürücülərin sükan arxasında yorulması səbəbindən 300 mindən çox qəza baş verir. Qəzaların təqribən 25 faizində sürücülərin yuxulaması faciəli nəticələrə səbəb olur. İldə sükan arxasında yuxuya getməyə görə 30 mindən çox insan həyatını itirir.

Məhz bu səbəbdən Latviyanın “Creative Mode” şirkəti “STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gələrək onu “Kickstarter” vəsait toplama saytına çıxarıb.

Bizimxeber.az “ICTnews”a istinadən xəbər verir ki, kiçikölçülü qurğu sürücülərin yorulma zamanı yuxulamalarının qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası təhlükəsindən qorumağa imkan verəcək.

Məlumata görə, bilərzik real vaxt rejimində sürücünün ürək döyüntüsünü və dərisinin elektrik keçiricilik qabiliyyətini monitorinq edən 15 ötürücü ilə təchiz edilib. Oxşar ötürücülərdən poliqraflarda istifadə olunur. Qurğu sürücünün yorğunluğunun onun həyatı üçün təhlükəli səviyyəyə çatmasını müəyyənləşdirən zaman bilərzik onun əlinə az miqdarda elektrik enerjisi ötürəcək. Bu, insanı yuxudan ayıltmağa və ona özünə gəlməyə kömək edəcək. Cərəyan zərbəsindən sonra orqanizmdə serotonin, noradrenalin və kortizol səviyyəsi yüksəlir, yuxu hormonu melatonin isə, əksinə, azalır.

Bildirilir ki, qolbaq tərtibatçıları uzun müddət sürücülərin sükan arxasında yatmamaları üçün istifadə etdikləri müxtəlif üsulları tədqiq ediblər. Bu üsullar arasında daha populyar qəhvə, energetik içkilər, yüksək səsli musiqi və ya siqaret hesab edilir. Lakin bu metodların əksər hissəsi orqanizm üçün faydalı olmamaqla yanaşı, yorğunluğun tam aradan qaldırılacağına zəmanət vermir. “STEER” yuxarıda qeyd olunanlardan daha effektivdir. Qurğu sürücünün orqanizminin vəziyyətini daim izləyərək onu təhlükədən qoruyacaq. Akkumulyatoru bir dəfə enerji ilə doldurmaqla bilərzikdən 2 həftə istifadə etmək mümkündür.

“Kickstarter” saytında lazımi məbləği toplayan qurğunun bu ilin noyabrında satışa çıxarılması planlaşdırılır. Sayt istifadəçiləri üçün bilərziyin qiyməti 99 dollar təşkil edir. Payızda qiymətin 199 dollaradək bahalaşacağı gözlənilir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*