Əsas menu

DYP cərimələrlə bağlı elektron sistemdə süni problemlər yaradır – FOTOLAR 

Bu gün dövlət büdcəsi gəlirlərinin təmin edilməsində Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin də kifayət qədər rolu var.

DYP tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması bunu deməyə əsas verir. Yəni DYP əməkdaşları əvvəlki dövrlərə nisbətən cərimə yazılması üçün ən kiçik imkanı belə əldən verməməyə çalışır. İki il bundan əvvəl bəlkə də sürücülərin əksəriyyəti sürət həddinin 10-19 km/saat aşılmasının 10 manat cəriməsinin olduğunu bilmirdi.

Çünki əvvəlllər belə “xırda” cərimələrə əhəmiyyət verilmirdi. İndi isə bu, ən çox tətbiq edilən cərimələrdən biridir.

Yəni “dama-dama göl olar” prinsipinə əsaslanılır. Təbii ki, qanun bunu deyirsə, qeydim etiraz mənasında deyil. Sadəcə, Dövlət Yol Polisinin bəzən qanunlardan sui-istifadə etməsi və müəyyən nüansların sürücülərin hüquqlarının pozalmasına yönəlməsi artıq etiraz yaradır.

Misal üçün inzibati qayda pozuntusunun protokollaşdırılması və qərarın qəbul edilməsinin elektron qaydada həyata keçirilməsindəki boşluqlara, daha doğrusu bilərəkdən yaradılan boşluqlara toxunmaq istəyirəm.

İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin həmin internet resursları olan asanpay.az və mia.gov.az saytlarında gündəlik təqvim məlumatları olmadığından protokolun nə zaman yerləşdirilməsini isbatlamaq mümkün deyil. Yəni protokol 1 aydan sonra sistemə yerləşdirildikdə bunu subut etmək çətindir. Halbuki, saytlarda tarix görünərsə “Print Screen” etməklə nəyisə subut etmək olar. Bunun olmamasını “bilərəkdən yaradılan boşluq” kimi qəbul etmək olar.

Digər bir məqam qərarın vaxtı ilə bağlıdır. Belə ki, İXM-nin 38.1 maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yəni bir il ərzində qərar verilməzsə, protokol ləğv edilmiş hesab olunur. Lakin son zamanlar sistemə yerləşdirilmiş protokolun vaxtının uzadılması ilə bağlı fırıldıqlara rast gəlinir. Yəni hansısa səbəbdən qərarın verilməsi yaddan çıxıbsa və 1 illik müddət bitməsinə az qalmış protokolun vaxtı uzadılaraq 1 illik müddət yenilənir. Bu isə qanunsuzdur.  (Bu məqamı yazısının sonrakı hissəsində faktla subut edəcəm). Bu da elektron sistemin mənfi tərəfidir.

Başqa bir “bilərəkdən yaradılan boşluq” mesaj məsələsi ilə bağlıdır. Belə ki, protokol tərtib edildikdən sonra cərimə olunanın telefonuna cərimə olunması ilə bağlı mesaj gəldiyi halda, qərarın qəbul edilməsi barədə heç bir xəbərdarlıq olmur. Bu isə vətəndaşı qərar verildikdən sonrakı 5 gün ərzində cərimə ödədiyi halda 10 fazilik güzəştdən yararlanmaq imkanından faktiki olaraq məhrum etməyə hesablanıb. Çünki əksər hallarda qərar protokolun yazılmasında bir neçə ay sonra qəbul edilir ki, nəticədə, bu artıq vətəndaşın yadından çıxmış olur. Nəticədə vətəndaş nəinki 10 fazilik güzəştdən istifadə edə bilmir, üstəlik əlavə “yüklənmiş” olur.

İndi isə konkret olaraq fakta istinad etməklə dediklərimin bir hissəsini əsaslandırım.

Sürücü 15 fevral 2017-ci il tarixində yol hərəkəti qaydalarını pozur. 16 fevral 2017-ci il tarixi ilə elektron protokol tərtib edilir, lakin bu barədə sürücü yalnız 03 mart 2017-ci ildə (18 gün sonra) ünvana məktub gəldikdə məlumat alır. Halbuki, İXM-nin 125.2.3-cü maddəsində deyilir ki, inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır.

07 iyun 2017-ci ilə qədər (5 aya yaxın müddət) inzibati tanbeh qərarı qəbul edilmir. Məhz həmin tarixdə protokolun qəbul edilmə tarixi yenilənir (eyni MMX nömrəsi üzrə həm kağız protokol, həm də mia.gov.az saytındakı yenilənmiş məlumatı fotoşəkillə təqdim edirik). Bu qanunsuzluğu araşdırmaq üçün 17 iyunda Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalova elektron qaydada müraciət olunur. 26 iyun tarixi ilə cavab məktubu gəlir ki, məsələ Zəngilan DYP-də (sürücü Zəngilan sakini olduğu üçün) araşdıralaraq sizə cavab veriləcək. Lakin bu günə qədər (1 ay 10 gün) nə yazılı, nə də şıfahi formada heç bir cavab gəlməyib.

Üstəlik 19 iyul tarixində email vasitəsilə “Asan” ödəniş sistemindən məlumat gəlir ki, 16 iyul 2017-ci tarixindən sizə dəbbə pulu hesablanacaq. Diqqət etdinizsə, 19 iyulda 3 gün əvvəl başlanmış proses haqqında gələcək zamanda xəbər verilir. Halbuki, rəsmi müraciət olunduğundan və məsələnin araşdırılacağı ilə bağlı rəsmi cavab olduğu halda inzibati xəta haqqında işin icraatı dayandırılmalı idi. Bundan əlavə, 3 avqust tarixində asanpay.az saytından “asan ödəniş sistemi”ndən çıxarış verilir ki, sizin “elektron kabinet”inizdə qüvvədə olan (icra olunmamış, ödənilməmiş) yol hərəkəti qaydaları əleyhinə inzibati xəta haqqında protokol və ya qərar yoxdur. Bu sistem necə işləyir görəsən?

Bütün bunlar barədə şifahi formada, yəni telefonla Respublika DYP-sinə müraciət etdikdə isə elektron qaydada idarənin rəisinə rəsmi müraciət etməyimizi məsləhət gördülər. 27 iyul 2017-ci ildə həmin müraciət olunub. Lakin bu müraciətə hələ də cavab verilməyib. Lakin artıq mia.gov.az saytında “protokolun qəbul edilmə tarixi” “qərarın qəbul edilməsi tarixi” ilə əvəzlənir.  Bu isə DYP tərəfindən elektron sistemə ayrı-ayrı işlər üzrə öz maraqlarına uyğun fərdi qaydada müdaxilə edilməsini sübut edir.

Sonra isə DYP-nin məsul şəxsləri vətəndaşlar, həmçinin KİV tərəfindən yol polisinin fəaliyyətinin əsassız ittiham olunduğunu iddia edirlər.

Heç olmasa cərimə ödəyib sizin maraqlarınıza xidmət edən vətəndaşın əsəbləri ilə oynamayın.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*