Əsas menu

Ukraynada elm, təhsil və mədəniyyət 

Azərbaycanlı jurnalistin gözü ilə…

Ukraynada belə bir fikir var ki, Lvov Opera və Balet Teatrı “Ukrayna arxitekturasının mivarisidir.” Tarixdən yadigar qalan, zəngin təfəkkürün məhsulu olan bu əsər, haqqında deyilən fikri tam dolğunluğu ilə təsdiqləyir. Lvov Opera və Balet Teatrı nəinki Ukraynanın Avropanın nadir memarlıq abidələrindəndir. Tikintisi 1897-ci ildə başlanan bu abidənin layihəsi o dövrdə Avropanın aparıcı memarlarından olan Ziqmund Qorqoleviçə həvalə olunub. Ziqmud Qorqoleviç kim idi?

Hələ sağlığında əfsanəyə çevrilən Ziqmud Qorqoleviç Berlin Akademiyasından məzun olub. O, uzun illər Lvov Ali Rəssamlıq Sənayesi məktəbinə rəhbərlik edib.

Teatrın binasının tikintisi zamanı layihə rəhbəri mətbuatın ciddi hücumuna məruz qalır. Onu bu əzəmətli layihənin tikintisi üçün düzgün yer seçməməkdə günahlandırırlar. Əsas gətirirlər ki, tikinti gedən ərazidən yeraltı çay keçir. Lakin Qorqoleviç öz layihəsinin mükəmməliyinə əmin idi. Başladığı işdən geri çekilmək fikrində deyildi. Göründüyü kimi böyük memarın yaratdığı əsər 120 ilə yaxındır ki, öz gözəlliyini və əzəmətini qoruyub saxlayır. Amma Qorqoleviçin ürəyi yaratdığı əsərdən fərqli olaraq, ona qarşı edilən haqsız hücumlara dözmür. Bu gün bu əsərin hər bir damlasında böyük memarın qəlbindən qopub bugünə qovuşan minbir arzunu duymaq mümkündür…

Binanın tikintisində Avropada ilk dəfə olaraq beton bloklardan istifadə olunur. Maraqlı həm də odur ki, bu möcüzəli tikinti 3 ilə başa çatdırlılır. Onun tikintisinə 2,4 milyon Avstriya kronu sərf olunur.

Tarixi mənbələrdə göstərilir ki, Opera və Balet Teatrının tikintisinə Lvovun ən bacarıqlı ustaları cəlb etdilmişdi. Tikinti işlərinə isə ümumilikdə Lvovlu professor İvan Levinskinin firması rəhbərlik edirdi. Vyananın “Siemens” şirkəti teatrın binasında əsasən istilik, havatənzimləyici işlərini həyata keçirirdi. Teatrın tikintisində əsas diqqət yanğın təhlükəsizliyi məsələlərinə yönəldilmişdi.

Dövrü üçün mükəmməliyi ilə seçilən bu layihə rəssamların və inşaatçıların qarşısında yeni yaradıcılıq imkanları açmışdı. Hər kəs öz yaradıcılıq potensialını meydana qoymaq imkanı əldə etmişdi. Sanki onlar öz yaradıcılıqları ilə Lvovun tarixinə öz möhürlərini vurmaq üçün yarışa girmişdilər. Bu gün Opera və Balet Teatrına tamaşa edərkən, həqiqətən də inanırsan ki, bu sənət əsəri böyük yaradıcı ilhamın məhsulu kimi ərsəyə gətirilib. Zaman keçdikcə bu əsər öz ilhamverici qüvvəsini itirməyib, lvovluların və şəhərin qonaqlarının görüş, ruhi-mənəvi dayaq yerinə, şəhərin sevgi məbədinə çevrilib. Şəhərin bütün yolları insanı saknı bu məhəbbət məbədinə aparıb çıxarır, özünün füsunkar gözəllyində ovsunlayır, ona tarixdən, əbədiyyətdən, şahidlik etdiyi məhəbbət dastanlarından söhbət açır…

Mən indi Poltva çayının bir addımlığındayam. Ona yaxınlaşmaq mümkün olmasa da şırıltısını eşidir, səsindən onun necə ahənglə axdığını duyuram. Qorqoloviç Opera və Balet Teatrını məhz bu yeraltı çayın üzərində inşa etdiyi üçün ittiham edilirdi. İnsanların, ideyaların dürüstlüyünü zaman təsdiqləyir. Qorqoleviçin də layihəsi zamanın sınaqlarına qalib gələn, dövründən çox-çox sonranı görməyi, qiymətləndirməyi bacaran təfəkkürdən doğulmuşdu.

Bu gün yenə də Opera və Balet Teatrına tamaşa etməyə getmişdim. Hər gün olduğu kimi diqqətimi yenə də maraqlı məqamlar cəlb etdi. Binanın fasadını bəzəyən insan və heyvan fiqurları mənə əbədi məhəbbət nağılını xatırladırdı. Onlar 120 ildir ki, simalarını dəyişmədən bir-birilərinə eyni sevgi ilə baxırlar. Böyük memarı, onun həyat yolunu xatırlayıram. Bir az əvvəl Lvovlu dostum tarixi mənbələrə istinadən mənə ondan bəhs etmişdi.

Söyləmişdi ki, məşhur memar Ziqmund Qorqoleviç 1845-ci ilin 14 fevralında Polşanın Soleç şəhərində anadan olub. Ziqmund ilkin təhsilini Poznanda pealni gimnaziyada alıb. Onun memarlıq elminin zirvəsinə gedən yolu Berlin Kral Memarlıq Akademiyasından başlayıb. Hələ tələbə ikən o, Berlindəki Hannover dəmiryolu vağzalının tikintisinə rəhbərlik edib. Təsilini bitirdikdən sonra Qorqoleviç müxtəlif yüksək vəzifələr daşıyıb. Berlində kral sarayında arxitektor, Halledə kral tikintilərinin müfəttişi olub. Onun bir sıra görkəmli əsərləri Avropanın böyük şəhərlərinin bəzəyi kimi diqqəti cəlb etməkdədir. O, Prussiyada və bütün Almaniyada arxitekturada tarixliyin genişmiqyaslı tərəfdarlarından biri kimi tanınır. Onun layihələri arasında Reyxstaq binasının gələcək iki görünüşünə rast gəlmək mümkündür. O, müsabiqəyə təqdim olunmuş 100 layihədən seçilmiş 20 iş arasında yer almışdı. Təsadüfü deyil ki, Qorqoleviç Kayzer Vilhelm mükafatı ilə də təltif olunub.

Bəzən mənə elə gəlir ki, Qorqoleviç Lvov Opera və Teatrı ilə özünün ən möhtəşəm əsərini yaradıb və bununla da əslində ruhun, düşüncənin daşların dili ilə necə ifadə olunduğunu izhar edib. Həqiqətən də bu əsərin danışan dili, duyan qəlbi olduğuna mən inanıram. Hansısa sehrli qüvvə məni buna inandırmağa çalışır və bütün qəlbimlə onun ruhunu duymağa məni sövq edirdi. Hərdən mənə elə elə gəlirdi ki, o səmavi bir gücün təsiri ilə hazırlanıb. Səmanın böyük bir hədiyyəsi, səmavi tamaşaların səhnəsi kimi yerə ərmağan edilib. Qorqoloviç dərin təfəkkürə, incə yaradıcı ruha malik memar idi.

O, öz əsərinə daş parşalarının kompozisiyasından ibarət memarlıq nümunəsi kimi baxmırdı. O, incəsənəti, ədəbiyyatı, mənəvi dəyərləri, sevgini qəlblərə pıçıldayacaq mənəviyyat abidəsi qururdu. Düşünmək olar ki, böyük sənətkar bu əsərinin mayasını bəşəri insanlıq sevgisindən yoğrmaqla insanın mənəvi dünyası ilə səsləşəcək bir dünya yarada bilib.

Ziqmund Qorqolevskinin reallaşdırdığı layihələrə tamaşa etdikcə heyran qalmaya bilmirsən. Onların hər biri bir şəhərin bəzəyi səviyyəsindədir.

Qorqoleviç Lvova 1893-cü ildə gəlib. O zaman şəhər Avstriya hakimiyyətinin tabeliyində idi. Yerli hakimiyyət şəhərdə yeni binaların tikintisini, başlıcası isə təhsilin inkişafını diqqətdə saxlayırdı. Elə məşhur memar da Lvovva bu məqsədlər üçün dəvət edilmişdi. O, Lvovda bir sıra əzəmətli binaların əsasını qoyur, onların tikintisini uğurla başa çatdırır. Opera və Balet Teatrı da bu tikililər sırasındadır. Məhşur memar Lvovda yalnız memarlıq işləri ilə deyil, bu sahənin inkişafına təkan verəcək kadr hazırlığına da fəal şəkildə qoşulur. Dövlət Sənaye Məktəbinə rəhbərlik edir, inşaat, memarlıq təhsili sahəsində islahatlar aparır. Zaman Qorqolevskinin həyata keçirdiyi layihələrin nə qədər əhəmiyyətli olduğunu sübut edəcəkdi.

1900-cu il oktyabrın 4-ü… Bu tarix Lvovun həyatına əlamətdar bir gün kimi yazılıb. Həmin gün şəhərin mərkəzi hissəsi insan izdihamı ilə guruldayırdı. Hamı bu tarixi günün şahidi olmaq istəyirdi. Həmin gün şəhərin mədəni həyatı yenidən doğulurdu. Qorqolevçiin ürəyində narahatlıq var idi. Bu hiss tezliklə keçəcəkdi. Çünki böyük memar öz işinin mükəmməlliyinə əmin idi. Açılış mərasimi yüksək səviyyədə keçirilir. Qorqoleviçn əsəri şəhər ictimaiyyətinə təqdim olunur. Təxminən 1 il sonra görkəmli memar üçüncü dərəcəli dəmir tac ordeni ilə təltif edilir.

Lvovla qonşu vilayət olan İvan Frankovskiyə gedərkən yolda – sürət qatarında qələmə aldığım bu sətirləri qəmli notlarla bitirmək məcburiyyətindəyəm. Əlbəttə ki, bu, məndən asılı deyil. Bu kədərli hadisə əfsanənin ölümü ilə əlaqədardır. Lvovda belə danışırlar ki, əfsanə dünyasını dəyişəndən dərhal sonra “əfsanə” doğulur. Bəlkə də bunu şəhər əhalisi yaratmışdı, bəlkə də burada həqiqət var.

Deyə bilmərəm. Əfsanə o idi ki, “Qorqoleviç  intihar etmişdi”. Həqiqət isə o idi ki, böyük memar artıq həyatda yox idi. Həqiqət həm də o idi ki, Ziqmund Qorqoleviç Opera və Balet Teatrının timsalında həqiqətə çevrikəcək əfsanə yarada bilmiş, özü də onunla bərabər əfsanəyə çevrilmişdi.

Ardı var…

Böyükağa  MİKAYILLI
“Təhsil və zaman” qəzetinin redaktoru
Lvov, Ukrayna

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*