Əsas menu

Adnan Oktar: Mənim üçün türk bayrağı nədirsə, Azərbaycan bayrağı da odur – FOTO 

Tanınmış ilahiyatçı, Harun Yəhya ləqəbi ilə tanınan Adnan Oktar daima gündəmdədir. Oxu.Az daima açıqlamaları ilə maraq doğuran Adnan Oktarla müsahibəni təqdim edir:

– Studiyanızda həmişə Azərbaycan bayrağını görürük. Sizin üçün Azərbaycan bayrağı nə deməkdir?

 Mənim üçün Azərbaycan və Türkiyə bayrağı arasında fərq yoxdur. Biz eyni millətdən olduğumuz üçün eyni insanlarıq, yalnız dövlətlərimiz ayrıdır. Türk bayrağı Azərbaycan üçün nə deməkdirsə, Azərbaycan bayrağı da bir türk üçün o deməkdir. Çox dəyərli, müqəddəsdir.

– Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında bir çox ümumi cəhətlər var. Sizin bu barədə fikriniz nədir? Bizi ayıran və fərqləndirən bir şey varmı?

 Biz eyni millətik, ancaq bir çoxları Azərbaycan və Türkiyə birliyini istəmir. Çünki Azərbaycanla Türkiyə birləşəndə ​​Qazaxıstan, Türkmənistan, Özbəkistan birləşir və Türkiyə Birliyi formalaşır. Bunun üçün Ermənistanı hərəkətə gətirdilər. Məqsəd birliyimizi dayandırmaq idi. Ermənistanı silahla təmin edib, Azərbaycan torpaqlarını işğal etdilər, bununla Türkiyə ilə Azərbaycanın arasını bir xətt kimi kəsdilər. Bizim fikrimiz bu oyunu kökündən dağıtmaq, Ermənistanla Türkiyə və Azərbaycanı birləşdirməkdir. Ermənilərin Azərbaycandan aldıqları  torpaqları geri qaytarmaq, azərbaycanlı qardaşlarımızı qətlə yetirib, şəhid edənləri ağır şəkildə cəzalandırmaqdır. Çünki adi erməninin günahı yoxdur, bu cinayəti törədənlərin günahı var.

Azərbaycanın ərazisini işğal edənlər cinayət törədiblər. Bu torpaqların dərhal Azərbaycana qaytarılmasını təmin edək. Bu, ən ağlabatan və düzgün olanıdır. İkinci mərhələdə qatilləri hökm edək. Cəzaları nədirsə, çəksinlər. Üçüncü mərhələdə Türkiyə, İran, Azərbaycan birləşsin və Ermənistanla birlikdə əsaslı qüvvə meydana gəlsin. Sonrakı mərhələlərdə bu birliyə Rusiya və türk dövlətləri də daxil olacaq. O zaman Azərbaycan, Türkiyə və türk dövlətlərinin qarşısında heç kim dura bilməz. Bu təzyiqin pozulmasında isə Ermənistan açar rolunu oynayır. Ermənistan məsələsi həll olunmasa, Türkiyə Birliyinin formalaşması çox çətin olacaq. Təcili olan, iki dövlət, bir millət olaraq Azərbaycan və Türkiyənin birləşməsidir. Bu, iki qardaş xalqın haqqıdır, hətta prosesin  bu qədər uzanması təəccüblüdür. Biz çoxdan birləşməli idik. Azərbaycanın bizdən ayrılması, Konya, Ərzurumun Türkiyədən  ayrılması ilə eyni şeydir. Bakının Azərbaycandan ayrılması, İstanbulun Türkiyədən ayrılması deməkdir. Biz Azərbaycanın ürəyi, Azərbaycan da bizim ürəyimizdir.

– Türk Dünyası Birliyini zəruri heab edirsinizmi? Məsələn, müasir dünyada dövlətləri birləşdirmək artıq çətindir. Zorla birləşdirsələr də, bu qüvvə artıq dağılmağa məhkumdur. Başqa sözlə, bütün Avropa birləşir, lakin hələ də problemlər var. Türk dünyası necə birləşə bilər?

 İndi Avropa Birliyinin (AB) birləşdiyini görürük. İngilislərin AB-dən çıxarılması kimi hadisələr bir oyundur. Avropa Birliyi kimi, Türk Birliyinin də formalaşması olduqca ağlabatan və məntiqlidir. Hətta Atatürk də “Türk Birliyinin olacağını görürəm” deyib. Bu sosioloji zərurət və məntiqi bir vəziyyətdir.

Sosioloq Ziya Gökalpın fikirləri də bu istiqamətdə idi. “Bir gün mütləq Türk Birliyi qurulacaq” deyirdi. Dövlət bu birliyin formalaşması ilə mövcud olmağa davam edəcək, lakin millət bir olacaq. Biz türk millətiyik. Azərbaycan Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan – hamısı türklərdir. Əlbəttə, müstəqil, güclü, ayrı dövlətlər olacaq, mexanizm baxımından da bu zərururidir.

Güclü iqtisadi və hərbi birlik olan Türk NATO-su, Türk-İslam NATO-su qurulmalıdır. Bu NATO-nun özəlliyi terror və anarxiyaya qarşı olmaqdır. Yəni, ölkələrin terrorizm, daxili və xarici anarxistlərdən qorunmasıdır. Məsələn, Myanmada dövlət terroru var. Belə bir vəziyyətdə Türk-İslam aləminin dərhal hərəkətə keçməsi lazımdır. Amma vurğulamaq lazımdır ki, türk cəmiyyətinin birliyi sosiologiya elmi baxımından bütün dünya tərəfindən qəbul edilən bir gerçəkdir. Bu, məntiqli, məqbul, tamamilə vacibdir. Yəni Konya, Ərzurum, Əskişehir bizim tərkib hissəmizdən ayrılarsa, bunun məntiqi nədir? Biz desək ki, bir araya gəlmək bizim üçün çox çətindir, necə olacaq? Heç bir məntiq yoxdur, əlbəttə ki, birləşəcək.

Eyni şəkildə, Azərbaycanla qonşu olmağımıza, eyni qan və candan olmağımıza baxmayaraq, ayrı olmağımız fəlakətdir, heç bir məna yoxdur. Biz Azərbaycana Ankaraya getdiyimiz kimi getməliyik. Azərbaycandan olanlar da İstanbula gedərkən, Bakıya getdikləri kimi getməlidirlər. Azərbaycanda dövlət strukturu gözəldir; Atatürkçü anlayışa bənzəyən, milli problemlərə milli səviyyədə yaxınlaşan, rasional, intellektual və fundamentalist yanaşan, Avropasayağı, mütərəqqi, real hökumət və dövlət quruluşu var.

Bu da çox böyük nemətdir. Fanatizmə yol vermirlər. Bu, Allahın verdiyi bir xeyir və gözəllikdir. Ona görə də bu gözəlliyi ilk Azərbaycandan başlamalıyıq. Şükürlər olsun ki, keçmiş illərdə bu birliyə hazırlıqları etmişik. Bu Birlik yaranmaq üzrə idi. Hətta bu Birliyə Ermənistanı da qatacaqdıq. Ermənistanın lideri buraya gəldi.

Futbol oyununda təxribat baş verdi və qardaşlıq qırıldı. Ancaq biz Azərbaycanla birləşsək və Ermənistanın bu Birlikdə olduğunu göstərsək, Ermənistan işğal etdiyi əraziləri dərhal Azərbaycana geri qaytaracaq və qatillərin mühakimə olunmasını təmin edəcəkdik. Bunun ardınca, Rusiya, İran, Türkiyə və Azərbaycan birləşsə, o zaman dünyanın ən böyük gücü meydana gələcək. Əks halda, aradakı bu uzaqlıq bəzi qüvvələrin işinə yarayır. Onlar Azərbaycan və Türkiyəyə ayrı-ayrılıqda təzyiq göstərməyə çalışırlar. Ancaq belə bir Birlik super gücdür və buna qarşı heç kim mübarizə apara bilməz.  Tayyip hocamın bu mövzuda müsbət rəyi vardı, gözəl atak edildi, ancaq yarımçıq qaldı, indi yarısını tamamlayaq.

– Ermənistanın Türkiyə və Azərbaycandan torpaq almaq iddiası var. Bu iddianı düşündüyünüz zaman, Türkiyənin Ermənistanla birləşməsi nə dərəcədə gerçəkdir? Əsrlər boyu ermənilər“Erməni soyqırımı baş verdi, türklər bizi asdı, kəsdi, öldürdü” deyərək nifrət bəsləyirlər. O cəmiyyət “Türk bizim düşmənimizdir” tərbiyəsi ilə böyüyürsə, yaxın gələcəkdə bu cür birləşmə necə həyata keçirilə bilər?

– Bunu iddia edən erməni diasporunun bir hissəsidir. Yəni, Ermənistanın xaricində və ingilis dərin dövlətinin təsiri altında olan bəzi ermənilərdir. Ermənistanda ermənilər həm kasıb, həm də narahatdırlar, özlərini təhlükəsiz şəraitdə hiss etmirlər. Ancaq Türkiyə ilə birləşdikdə, xarici pasport və viza aradan qaldırıldıqda, hərbi ittifaq da olacaq, buna görə də özlərini təhlükəsiz şəraitdə hiss edəcəklər. Diaspordakı bir qismin iddiası nədir? Türkiyənin torpaqlarını almaq. Türkiyənin torpaqlarını ala bilmək üçün burada 83 milyon insan məhv edilməlidir. 83 milyonun şəhid olacağı təqdirdə, torpaqlarımızın bir hissəsini zəbt etməyə ehtiyac yoxdur, hər yeri alsınlar.

Bir milyon, 500 000 belə qalsaq, bunu bacara bilməzlər. Buna rəğmən, belə bir iddiası olan varmı? Hər ölkənin bu cür yersiz düşünən insanı ola bilər. Ermənistanda da belələri var: “Türkiyəni satın alacağam”, “İranı alacağam, dünyanı alacağam”. Buna görə də belə şeylərə baş qoşub, dostluğumuzu, birliyimizi əngəlləməyin mənası yoxdur. Əgər biz Ermənistan və Azərbaycanla Türkiyə olaraq birləşsək, ardınca İran, Rusiya ilə birləşsək, dünyaya super güc olduğumuzu elan  etmiş olarıq. Heç bir dövlət artıq Türk İslam dünyasına qarşı çıxa bilməz. Bu, indi Türkiyəyə qarşı olan qüvvələrin sonu deməkdir. Çünki bu Birlik meydana gəldikdə, xristian dövlətini də ora daxil edir,   xoşniyyətli, səmimi, sevən və bağışlayan olduğunu göstərirsən. Ancaq ictimaiyyəti bağışlayırıq, fərd kimi bağışlamırıq.

Cinayət törədən erməniləri, bizim azərbaycanlı qardaşlarımızı şəhid edənlərin hər birini qanuni yollarla cəzalandıracağıq. Azərbaycanın bütün ərazisini geri alacağıq. Amma biz Azərbaycan və Ermənistanı qardaş edəcəyik. Çünki günahsız insanlarla bizim işimiz yoxdur. Yəni, məsum erməni gənc qızı və ya erməni uşağı günahkar deyil.

Amma bu birləşməni təxirə salmağın  mənası yoxdur. Biz müvəqqəti gözləmə müddətindəyik. Azərbaycan və Türkiyəni bir millət, iki dövlət kimi birləşdirəcək və Ermənistanı da bura daxil edəcəkdik. Xarici pasportu və vizanı aradan qaldıracaqdıq. Ermənilər istədikləri yerdə gəlib işləyəcək, biz gedib orada istədiyimiz kimi obyektlər qurub və ticarət əlaqələri yaradacaqdıq. Azərbaycanla bir parça olacaqdıq. Azərbaycanın inkişafı, töhfəsi və modernləşdirilməsini təmin etmək üçün çox sayda işçimiz var. Bizim iş adamlarımız işə can atırlar. Biz Azərbaycanı Paris, Londondan da daha gözəl, daha zərif edə bilərik. Qardaşlarımızın rahatlıqla yaşayışını təmin edə bilərik. Amma bunu üçün atak və həyəcana ehtiyac var.

– Bu gün Ermənistan blokada altındadır, yəni sərhədlərinin çıxışı İran, Gürcüstan və Türkiyəyə bağlıdır. Sizin fikrinizcə, Ermənistanın üzərindən bu blokadanın qaldırılması mümkündürmü?

– Zatən o blokadanı mənfur qüvvələr etdirib. Çünki o bölgədən biz Türk – İslam aləminə daxil oluruq, yəni körpü ora idi. Körpünü bağladılar. Məsələ Türk-İslam Birliyini dayandırmaqdır. Bu körpünü müzakirə edib, yenidən açacağıq.

Ermənistan, Türkiyə, Rusiya, İran və Azərbaycan müzakirə masasına oturacaq, “Dostlar, biz bu körpünü açırıq. Bu, Azərbaycanın torpaqlarıdır, geri qaytarırıq” deyecəklər və  bu məsələ həll olunacaq.

İkincisi, “Bu cinayətə qarışan insanların siyahısı budur, lazımlı qanuni qaydaları tətbiq edin”. Ermənistan özü mühakimə etsin və həbsə göndərsin. Bu da baş verə bilər. Əlbəttə ki, tətbiq edilib-edilməməsi yoxlanılacaq. Bu qədər, bunu istəyirik. Bəzi qüvvələrin Türk-İslam Birliyini kilidləmək kimi dərdi var. Bağladıqları körpünü açacağıq, Ermənistanla razılığa gəlib, məsələni Azərbaycan və İranla qardaş olaraq həll edəcəyik. O zaman PKK deyilən bir problem sıfır olacaq. Onda həmin qüvvələr psixoloji olaraq tamamilə çökər. Azərbaycan Avropanın ən qüdrətli dövləti olar. Ultramodern ölkəyə çevrilər. Bu, inanılmaz bir iqtisadi inkişaf olar. Azərbaycanda hökumət və dövlət quruluşu idealdır, gözəldir. Bizim istəyimiz modeldədir. Müasirlik çox gözəldir. Fanatizmə tamamilə qarşıdır. İrəliləməni müdafiə edəndir. Buna görə də biz bütün gücümüzlə sizi dəstəkləyirik. Ancaq bu birliyin bir az sürətli olması lazımdır.

Düşünün ki, Azərbaycan və Ermənistan qardaşlığı yaratmısınız, günaha batmamış məsum ermənini bağrınıza basmış, onu qoruyursunuz. Ermənini sevən yəhudiləri, katolik və ortodoksları da sevir. Şiə, ələvi və sünni mövzusu da ortadan qaldırılır. Beləliklə, hər şey həll olunur. Məsələnin həllini asanlaşdırmaq lazımdır.

– Mənim bildiyim bir şey var: “Türkün türkdən başqa dostu yoxdur”. Bu haqda nə düşünürsünüz?

  Bu, məntiqli söz deyil. Hər millət və ölkənin içində yaxşı insanlar olduğu kimi, pisləri də var. Məsələn, 15 iyulda hücum edən təcavüzkarlar da türklərdir və bunlar xarici qüvvələrin idarəçiliyi ilə millətinə hücum etdi. Buna görə həmin söz məntiqli deyil. Xristian, yəhudi, müsəlman bir-birinin dostudur. Hamısı bir-birini qoruyar, müdafiə edər, təki Allahdan qorxsun və sevsin. Yaxşı, türklər bir-birini sevir, qoruyur, müdafiə edirlər. Biz də yəhudi, pravoslav, vahabi, şiə, buddistləri, Allahın bütün xidmətçilərini sevirik. Yetər ki, dost, xoşniyyətli olsun. Əlbəttə ki, burada gözəl islam əxlaqı, fəziləti, şəfqəti və mərhəməti əsasdır. Bu, şərtdir.

– Siz bu bölgədəki dövlətlərin birləşməsinin tərəfdarısınz?

 Bəli.

– Buradan azərbaycanlılara, Azərbaycan türklərinə nə ismarış göndərmək istəyirsiniz, onlara sözünüz nədir?

 Türkiyədə Azərbaycana qarşı türk milləti, dövləti və ordusunun ayrı sevgisi var. Ata övladları içərisindən birini daha çox sevər, Türkiyənin  də Azərbaycan sevgisi elədir. Məsələn, türk ordusu üçün azərilər önəmlidir. Türk siyasəti, milli kəşfiyyat təşkilatı, dövlət üçün də çox vacibdir. Ancaq bizim üçün çox-çox lazımdır. Biz azərbaycanlıları canımız kimi sevirik. Onlar bizim ürəyimiz, qardaşımızdır. Ruhumuzu təmsil edirlər. Ayrı olmağımız bizi narahat edir və yorur. Bunu ən qısa müddətdə həll edib, azərbaycanlı qardaşlarımızın gözəl əxlaq, şəfqət, dürüstlük və təmizliyini bütün dünyaya göstərmək, bu dostluğun daima yaşamasını istəyirik. Hamıya salam deyirəm, sizi sevirəm. Qəlbiniz çox rahat olsun. Sona qədər yanınızdayıq. Dostluq bağlarımızı gücləndirək, sevgimizi daha da artıraq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*