Əsas menu

Motorların savaşı – “Dizelqeyt” qalmaqalı 

Tarixin hər yeni bir mərhələsi adətən “motorların savaşı” ilə yadda qalır. Köhnə nəqliyyat texnologiyaları uduzur bu zaman. Özünü doğrultmur. Ultrayeniləri ilə əvəzlənir bir qayda olaraq. Növbəti “motorların savaşı” 2015-ci ildə ABŞ avtomobil nəhəngləri ilə Almaniya maşınqayırma sənayesi arasında start götürərək indiyədək tam şiddətiylə davam edir. Qarşıdurma, artıq özünün əsl pik nöqtəsinə gəlib qalxıb. Mövzuya bədii dillə yanaşsaq, bıçaq sümüyə…üzr istəyirəm Almaniya avtomobil sənayesinin boğazına dirənib artıq.

Günahkar kimdir? Hələ ki, heç kim… “Ələkçinin qıl verəni” kimi hədəfdə hələlik bircə nəfərdir – “Volkswagen” (VW) avtomobil nəhənginin ABŞ-dakı nümayəndəsi Ceyms Lienq. O, həmkarı Oliver Şmidt birgə istintaqa cəlb edilmiş yüksək rütbəli səkkiz “Volkswagen” məmurlarından yalnız biridir. Müqəssirlər, ABŞ ekologiya yasalarını pozmaqda, saxtakarlıqda, habelə digər silsilə iqtisadi cinayətlərdə ittiham edilirlər. Yaxşı kimdi görəsən bu Seyms Lienq? Hansı yuvanın quşudur? Niyə Hollivud kinomaqnatları artıq bu qəhrəman barəsində ayrıca film çəkmək qərarını veriblər? Deyirsiz tanınmış aktyor Vilhelm Di Kaprio beş-altı aydır Detroyt məhkəməsinə elə-belə, boşuna gəlib-gedir? İttiham kürsüsündəki Ceyms Lienqə uzaqdan-uzağa niyə bu qədər diqqətlə baxır, hə?

Qısası, ABŞ femidasından sonra bu mövzu ilə Hollivud da maraqlanıb. Mövzu, gündəmdədir. Dünyada artıq elə bir sanballı media qurumu qalmayıb ki, Ceyms Lienq mövzusuna toxunmasın.

DOSYE: Ceyms Lienq. 63 yaşı var. 1954-cü ildə uzaq İndoneziya adalarında dünyaya göz açıb. Sonradan köçüb Almaniyaya. İndi alman vətəndaşıdır.

CİNAYƏTİN MÜQƏDDİMƏSİ: 1983-2008 -ci illərdə Almaniyada yaşayıb. Alman avtomobil sənayesinin flaqman gəmilərindən sayılan “Volkswagen”-in Volsburqdakı ofisində, sovet dili ilə danışsaq, əmək fəaliyyətinə başlayıb. Sahəsi çox dar olub- yeni dizel mühərrikləri. 2006-cı ildə bu əlləri qızıl Ceyms Lienq “EA 189” dizel mühərrikini ixtira edib çoxları mat-məəttəl qoyur Almaniyada. Şirkətin yeni direktoru Martin Vinterkorn bir başqa cür yanaşır bu dizel mühərrikinə. Qərara gəlir Ceyms Lienq ilə birgə bu mühərriki də Amerikaya göndərsin.

CİNAYƏT: ABŞ-da ekologiya qaydaları çox sərtdir. Avtomobillər xüsusi testlərdən keçirilməsə, satışa buraxılmır. ABŞ Ətraf Mühiti Qoruma Agentliyi (EPA)-nin imtahanlarından üzü ağ çıxmaq hər yolda şütüyən avtomobilin işi deyil. “Volkswaqen” şirkətinin təzə rəhbərliyi görür ki, saxtakarlığı əl atmasa ABŞ bazarını itirəcək. Şirkət rəhbəri Martin Vinterkorn çox götür-qoydan sonra Ceyms Liengi çağırır öz kabinetinə. Əvvəl göz vurur ona. Söhbətinə him-cimlə başlayıb axırda öz məqsədini çatdırır Ceymc Lienqə. Deyir: “AE 188, 189, 288” dizel mühərrikinizin ABŞ-a idxalı sizin qızıl qafanızdan asılıdır. Bilgisayarları, ABŞ məmurlarını azdıracaq xüsusi proqrama kəskin ehtiyacımız var. Onu siz hazırlayacaqsız. Hava kirlənməsi şkalası orda azı 30-40 faiz aşağı nəticələr göstərməlidir”.

Söhbətdən dərhal sonra bax bu Ceyms Lienq, şirkətin dizel mühərrikli “Jetta TDI”, “Jetta Sportwagen TDI”, “Passat TDI”, “Golf TDI”, “Beetle TDI” beş avtomobil markaları ilə birgə ABŞ-a ixrac olunur bir növ.

Lienq, siftə Cənubi Koliforniyanın füsunkar, dəbdəbəli Nyuberi-park ünvanında hovuzlu, darvazalı nəhəng mülk alır özünə. Oturur burda illik 250-350 min dollar maaşa. Başlayır saxtakarlığa. ABŞ ekologiya standartlarını aldadan xüsusi bilgisayar proqramını götürüb yerləşdirir Volkswagenin idarəetmə pultunda. 2018-ci ildə şirkətin baş hədəfi ABŞ bazarında nə az nə çox düz 1 milyon ədəd dizel mühərrikli müxtəlif “Volkswagen” modelləri satmaq idi.
Ancaq…

“DİZELQEYT” QALMAQALI: 2014-cü ildə “Volkswagen”, dünya bazarlarında rekord sayıla biləcək 12,4 milyard dollar gəlir əldə edib, öz ABŞ rəqiblərini xeyli həyəcanlandırır. Amerikalılar qərara gəlirlər bu möcüzəli avtomobilləri ayrıca xüsusi testlərdən keçirsinlər. Qərbi Virdciniya Universiteti mütəxəssisləri mobil ölçü cihazları ilə silahlanıb, yallah, girişirlər ABŞ yollarında şütüyən “Volkswagen” modellərinə. Nəticələrə baxanda kor gözləri az qalır çıxsın öz hədəqəsindən. Bəlli olur ki, bu modellərdə hava kirlənməsi göstəricisi ən azı on dəfə saxtalaşdırılıb!

ABŞ Ətraf Mühiti Qoruma Agentliyinə ötürülmüş müvafiq sənədlər cavabsız qalmır. ABŞ-da satdığı hər avtomobilə görə “Volkswagen” şirkəti indi məhkəmənin qərarı ilə 37 min 500 dollar həcmində cərimə ödəməlidir. Bu da orta hesabla gəlir çıxır ağlasığmaz 18 milyard dollar məbləğinə.

Nəticədə 2015-ci ilin sentyabrında şirkətin sədri Martin Vinterkorn istefa verib öz kürsüsünü ötürür Mattias Müller adlı bir başqasına. İstefalar dalğası bununla bitmir. Şirkətin aparıcı mütəxəssis heyəti başda Hans Yakob Noyser, Ulrix Hakenberq, Volfhanq Hats olmaqla həmin “qara siyahı”dadır.

3 motor.jpg (99 KB)

MƏHKƏMƏ: Detroytda, ABŞ avtomobil sənayesi paytaxtında tezliklə “Volkswagen”ə qarşı qalın cinayət işi açılır. Hakim Şon Koks ilk saniyələrdən başlayaraq mütəhhimlərə qarşı öz nifrətini gizlətmir. Dövlət ittihamçısı, Ceyms Lienqə, habelə 8 digər “Volkswagen” məmuruna qarşı 7 il həbs cəzası, 400 min dollar cərimə tələb etsə də hakim axıra yaxın xeyli yumşalır nədənsə. İstintaqla əməkdaşlığını nəzərə alaraq doktor Lienqin cəzasını qat-qat azaldır.

Məhkəmə çıxarışlarına diqqət edin: “Çirkli tullantılar, turşulu azot göstəriciləri bu avtomobilllərdə bəzən 40 dəfə çoxdur…Şirkət ABŞ-da 2009-15-ci illər ərzində 580 min ədəd, dünya üzrə 12 milyon avtomobil satıb. Ceyms Lienqin qanı halaldı…Boynu dibindən vurulsun. Bəraət alma bəhanələri o qədər inadırıcı deyil. Bu şəxs cinayətin əsas müəlliflərindən biridir ”.

Mütəhhimin vəkili Daniel Nikson birtəhər öz müştərisini ağır cəzalardan qurtarmağı bacarıb. Deyib: “Ceymsin fotosu artıq bütün dünya mətbuatını bəzəyir. Qalmaqalın canlı sifətinə dönüb o. Xahiş edirəm…”

Axır, hakim Şon Koks bu müqəssiri 3 il həbs cəzası, 200 min dollar cəriməyə məhkum edib. Ancaq, istintaq davam edir hələ ki. Müqəssirlər kürsüsündə tezliklə “Volkswagen” 8 daha başqa əməkdaşı əyləşəcək.

***

Ancaq ABŞ-da cərimələnən təkcə “Volkswagen” şirkəti deyil. Siyahıda “Toyota”, GM, “Hyundai”, KİA kimi avtomobil nəhəngləri də var. Bu şirkətlər də uzun zaman ekoloji məlumatları saxtalaşdırıb, hava kirlənməsi barədə yalançı məlumatlar veriblər.

ELEKTROMOBİL FENOMENİ: Dünya mətbuatı iddia edir-qalmaqalın uzaq siyasi, iqtisadi hədəfləri, sifarişçiləri mövcuddur. Məqsəd aydındı-avtomobil bazarında inqilab edib maye yanacaqla işləyən mühərrikləri başqası ilə-elektrik mühərrikləri ilə əvəzləmək.

Artıq Angela Merkel açıq-aşkar, nümayişkaranə şəkildə elektrik avtomobillərinə lobbiçilik edir Avropada. İstəyir “Mersedes”, “BMV” , “Audi” kimi alman brendləri öz ənənəvi təyinatlarını dəyişsin. Başlasınlar elektromobil istehsalına. Ancaq bu modellərin Məşədi İbad demiş cəmi bircə eybi var – detalları çox bahadır, astarı üzdən baha çıxır. Bəziləri iddia edirlər ki, artıq 2030-cu ildə Avropa yollarında ancaq və ancaq elektrik mühərrikli avtomobillər şütüyəcək. Almaniya Bundestağı hələlik bu siyahını dizel mühərrikləri ilə məhdudlaşdırır. Deyir guya 2030-cu ildə Almaniyada bircə ədəd belə dizel mühərriki qalmayacaq. İsveçin məşhur “Volva” şirkəti elan edib ki, 2019-cu ildən dizel istehsalını dayandıracaq. Fransa, Böyük Britaniya avtomobil nəhəngləri oxşar islahatı 2040-cı ildə sona çatdırmaq niyyətindədirlər.

7 motor.jpg (520 KB)

Ancaq Almaniyada hamı Angela Merkelin mövqeyini müdafiə etmir. ”Mersedes”, “BMV” kimi nəhənglərin ana yuvası sayılan Bavariyada çoxları elektromobillərə qarşıdırlar. Misal üçün Bavaria baş naziri Horst Zeyehoffer belələrindəndi. O iddia edir ki, alman avtomobil sənayesi dizel üzərində qurulub. 800 min fəhlə bu sahədə işləyir. Ölkə yollarına 13 milyon dizel avtomobili şütüyür. Deyir islahatlar nəticəsində biz bütün alman avtomobil sənayesini məzarlığa göndərə bilərik.

***

Bayaq yuxarıda dedim ki, mövzunun gərgin dramaturgiyası Hollivudu maraqlandırıb. “Paramount”, “Appian Way” kinoşirkətləri qərara gəliblər məşhur aktyor De Kaprionun iştirakı ilə bu mövzunu səhnələşdirsinlər. Film qaralama adı “Too Big To Fail” –di. Volkswagenin Amerikadakı cinayətləri barədə ayrıca roman yazmış Cek Evinq adlı yazıçı filmin ssenari müəllifi seçilib.

Gülüş ustaları da mövzudan kənarda qalmaq istəməyiblər. Amerikada, bilin, çox məşhur antinobel mükafatı mövcuddur. Adına “şnobel mükafatı” deyilən həmin ödüllə ötən il məhz “Volkswagen” şirkətini təltif ediblər.

Təltif edilən yenə həmin başı bəlalı AE 189 dizel mühərrikidir.

Maraqlı prosesdir. Neft erasına son qoya biləcək bu proses artıq bir çox ölkələrin, o cümlədən Azərbaycanın tale ilə oynayır desəm, inanın yanılmaram.\musavat.com\

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*