Əsas menu

Tahir İmanov Qaradağlının müdafiəsinə qalxdı 

Ötən həftə ölkə gündəmini “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlının vəzifəsindən kənarlaşdırması xəbəri zəbt etmişdi. Qadağası olan, olmayan, vaxtında bu haqda danışan, danışmayan da məsələyə, yumşaq desək, münasibət bildirib…

Bizimxeber.az primetime.az-a istinadla xəbər verir ki, ancaq bir neçə ildir tək “ATV”-də deyil, bütün yerli kanallarda qadağada olan, əsrin çempionları titulunun layiqli sahibləri danışmadı. “Planet Parni İz Baku” KVN Teatrının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Tahir İmanovaz qala hər müsahibəsində məmurların sifarişi ilə kanalların “qara siyahı”sına düşdüyünü bildirir, TV rəhbərlərini tənqid edirdi. Ancaq çoxlarının sevincinə səbəb olan, “Ən baxımlı kanal” statusunu daşıyan “ATV”-nin rəhbərinin işdən azad edilməsinə aktyordan fərqli sözlər eşitdik. O, gözlədiyimiz kimi, Qaradağlının əleyhinə danışmadı, hətta danışanları da qınadı.

Tahir İmanov əvvəlcə kiçik bir xatırlatma da etdi: “Mən həmişə olduğu kimi, subyektiv fikrimi bildirirəm. Bu, Azərbaycan Respublikasının cəmi bir vətəndaşının fikridir. “Planet Parni iz Baku” KVN Teatrının digər üzvləri də mənim fikrimlə razıdır”.

– Tahir bəy, yəqin ki, qadağada olduğunuz “ATV” kanalındakı son olaylardan xəbərdarsınız. Rəhbərliyin dəyişilməsi qərarı ani oldu və çoxlarını dilə gətirdi…

– Biz həmişə insanlar vəzifədə olanda onları tənqid etmişik. Vəzifədən gedəndən sonra isə heç vaxt onların ardınca danışmamışıq. Mən belə şeylərin əleyhinəyəm. Amma bu, o demək deyil ki, mən “ATV” rəhbərliyini müdafiə edirəm. Xeyr, əslində, onlara bir neçə “yağlı” kəlmə deməyə haqqım da çatır. Amma mən “ATV” rəhbərliyinin arxasınca danışmayacağam. Nələri necə ediblər, artıq müzakirə mövzusu olmamalıdır. V.Qaradağlı hər zaman Allaha istinad edirdi. Qoy, elə Allah da bilsin…

Yıxılanın dalınca danışmaq vicdanlı insanların işi deyil. Keçmiş rəhbər vəzifəsində olan zamanlarda bütün fikirlərimi elə sizinlə müsahibədə açıq-aşkar bildirmişəm.

– Ancaq digər qadağada olan simalar sizin kimi təmkinli davranmadı…

– Dillərini yüz metr çıxaran müğənnilərin əlinə fürsət düşüb. Qaradağlı yıxılan kimi bunlar cəsarətləndilər. Müğənni Nura Suri kimi, vaxtında danışardınız da. Ona halal olsun, həmişə sözünü deyib. O cümlədən, Xalq artisti Flora Kərimova, müğənni Səidə Sultan. Ümumiyyətlə, xanım müğənnilərin həmişə cəsarəti çatıb. Kişi ifaçılar isə indi kişiləşib! Əgər rəhbərlik müğənniləri haradasa pulsuz oxudurdusa, demək, o ifaçıların başı yox idi, qul idilər!

Bilirsiniz, mən müğənnilərlə birdəfəlik qurtarmışam. Azərbaycanı təhqir edib, ermənilərə dəstək olan gürcü müğənnisi Soso Pavliaşvili yadınızdadır? Müğənni milli qalmaqala cəlb olunmuş, Azərbaycandakı konsertinə qadağa qoyulması tələb edilmişdi. Bu məsələdə bütün cəmiyyət – rejissorlar, yazıçılar, hətta aidiyyəti olmayan qurumlar belə ayağa qalxdı. Birbaşa bu məsələyə aidiyyəti olan müğənnilərimiz susdu. Özünü ulduz adlandıranlar, Xalq və Əməkdar artistlərimiz danışmadı! Bəs nə oldu, niyə susdunuz? Bu, Azərbaycanın məsələsi deyildimi? Ona görə onlarla birdəfəlik qurtardım. Amma yenə deyirəm, gedənin arxasınca danışmazlar. Cəsarətiniz çatırdısa, vəzifədə olanda danışardınız, adamların üzünə deyərdiniz. Bəlkə, bəzi müğənnilər indi ağıllanalar, digər kanal rəhbərlərinin etdiklərini danışalar.

Yenə deyirəm, mən V.Qaradağlını müdafiə etmək istəmirəm. Sadəcə, indi onun dalınca danışanlara üzümü tutub deyirəm ki, bu, kişilikdən deyil.

– Tahir bəy, siz hər tamaşanızda bütün televiziya kanallarını sərt təndiq edir, onların tamaşaçıya bayağı, mənasız verilişlər təqdim etdiyini vurğulayırsınız. Ancaq həm də orada olmaq istəyirsiniz… Bəlkə, televiziya rəhbərləri üçün bu da bir səbəbdir?

– “Planet Parni iz Baku” komandasının efirlərdə olması istəyə yox, birbaşa ixtiyara bağlıdır. Azərbaycan televiziyasında görünmək bizim də haqqımız, ixtiyarımızdır. Çünki biz Azərbaycanı təmsil edəndə, 90-cı illərdə bayrağımızı yüksəklərə qaldıranda, indiki televiziya rəhbərlərinin adı “kanal dəftərində” olmayıb. Əslində, bunların əksəriyyətinin televiziyaya aidiyyəti yoxdur. Biri şərqşünasdır, digəri kinorejissordur və s.

– Amma “ATV”-nin yeni rəhbəri Azər Xəlilov Əməkdar jurnalistdir və birbaşa televiziyaya aidiyyəti olan savadlı kadrdır. Onun haqqınızda verəcəyi qərar fərqli ola bilərmi?

– Mən düşünürəm ki, heç nə dəyişməyəcək. Məşhur fransız deyimi var, öldü Kral, yaşasın Kral! Məsələ təxminən eynidir. Bizim qadağalarımız məmurlar səviyyəsindədir. Onun kökü çox dərindir. İndi başa düşdük ki, Ümumilli Lider Heydər Əliyevin vaxtında bizi dəstəkləyən məmurların, əslində, bizdən zəhlələri gedirmiş. Buna 100% əminik! İndi əllərinə fürsət düşüb ki, ölkə başçısı, cənab İlham Əliyev konsertlərimizə gəlmir. Biz də sözümüzü prezidentə, eyni zamanda, Mehriban xanım Əliyevaya çatdıra bilmirik. Onlar da vəziyyətdən sui-istifadə edirlər. Üstəlik, bizi də şərləyirlər. Çünki biz əyilməmişik. Həmişə öz fikrimiz, əqidəmiz olub. Bizi sındırmaq, tarixdən silmək alınmaz. Biz ilk növbədə Heydər Əliyevə söz vermişik. Bizi qadağaya qoyan TV rəhbərləri mərhum ölkə başçısına verdiyimiz sözü pozdura bilməyəcəklər. Heydər Əliyev kimi şəxsiyyətin xeyir-dua verdiyi incəsənət adamlarına necə qadağa qoymaq olar? “Qara siyahı”ları azmış kimi, hələ şər də atırlar…

– Zaman göstərir ki, həyatda ən vəfasız amillərdən biri də məhz vəzifədir….

– Bəli! Bunu unutmaq olmaz. Vəzifə bir gün olmaya da bilər. “ATV”-nin Qaradağlıdan da əvvəlki rəhbərliyinin xüsusi “qara siyahı”sı var idi. Bunlar N.Dostəliyevaya neçə il qadağa da qoyub. O siyahıda fəxri ada layiq görülən Faiq Ağayev, Flora Kərimova da olub, bəlkə, yenə də var. Axı bu insanlar Xalq artistləridir. Onlara bu fəxri adları ölkə başçısı verir. Belə çıxır ki, siz qoyduğunuz qadağa ilə prezident fərmanının əleyhinə gedirsiniz?

Ümumiyyətlə, həyatın hər bir anında ağıl, kamal, izzət, sözsüz ki, vicdan da olmalıdır. Vəzifədən, kiminsə adından istifadə etmək və yıxılanın dalınca danışmaqla heç nə həll etmək olmaz! O vaxt televiziya sənətə qiymət verirdi. Sənətkarın ağır xasiyyətini səbəb gətirərək, onun sənətini ucuzlaşdırmırdı. Bizim ağır xüsusiyyətə malik korifeylərimiz olub. Amma sənətlərini, istedadlarını kimsə danmayıb. Ancaq indi bizim ünvanımıza “çətin xasiyyət” deyib, salıblar “qara siyahı”ya. Amma mən elə bilirdim ki, televiziya istedadlı və kreativ insanların məkanıdır. Xasiyyətin çətin, yaxud asan olması ikinci plana keçir. Mən həyatda pis, qəddar insan ola bilərəm. Ancaq mənim istedadım var. Klubumuzun bir çox üzvləri ölkə başçısının imzaladığı fəxri adla təltif ediliblər. Bu cür amillərin yanında xasiyyətimizin necə olması nə məna daşıyır?

–   Teatrınızın digər üzvü Vado Korovin də “ATV”-də vəzifədə idi. Onun kanaldakı durumu haqda məlumatınız var?

– Əslində, bu haqda dəqiq məlumatım yoxdur. Əgər Vado “ATV”-dən çıxıbsa, yəqin, bir komandanın üzvü kimi hərəkət edib. Axı hər yerdə belədir. Bir komanda gəlir, gedəndə də birgə gedirlər. Burada bir qəbahət yoxdur. Vay o insanın halına ki, min rəhbərin əlinin altında işləyib. Bəlli ki, onlar simasız insanlardır…

Bizimxeber.Az





Bir şərh Tahir İmanov Qaradağlının müdafiəsinə qalxdı

  1. Delibash dedi ki:

    ГАРАБАГ-АТЛЕТИК ойуну,Azerbaijan millisinin oyunlaru hemishe IDMAN Azerbaycan block goyur.Oyuny izleye bilmirik.Bu xarijde yashayan azerilere hormetsizlikdir.GARABAG-ATLETIK match IDMAN TV EKRANU BAGLADU.Зачем? 40 милйон!!!! Аzerbaijanlu gozyn tikib ekrana IDMAN TV block eyledi.?Belke yugub 1$ den gonderek onlarun ystyne.?

Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*