Əsas menu

Karpatdan dünyaya – Lemkilər kimdir? 

İkinci yazı

Lemkilərin görkəmli nümayəndələri dünyanın müxtəlif yerlərində yaşayıb yaratsalar da qəlbən, ruhən lemki olaraq qalır, mənsub olduqları etnosla fəxr edirlər. Onlar  milli köklərinə bağlılıqları ilə bərabər, intellektləri ilə də seçilirlər.  Mixail Andreyeviç Baludyanski də lemkilərin görkəmli nümayəndələrindəndir.

O, Slovakiyanın Bardiivski vilayətinin Felso-Olsva kəndində  7 oktyabr 1769-cu ildə  anadan olmuş, 3 aprel 1847-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişmişdir. O, görkəmli hüquqşünas, iqtisadçı, dövlət xadimi, islahatçı kimi tanınmış, hüquq elmləri doktoru elmi dərəcəsini almışdır.

Baludyanskinin tərcümeyi halı üzərində təsadüfü yerə dayanmıram. O, Rusiyanın bir sıra qanunvericiliklərinin işlənib hazırlanmasında, onların dünyəvi xarakter almasında, eləcə də Rusiyanın Avropa ölkələri ilə elmi və mədəni əlaqələrinin yaradılması və möhkəmləndirilməsi sahəsində müstəsna xidmətlər göstərib. Bütün bunlara rəğmən  Mixail Baludyanski üzərində 15 rəqəmi yazılan kitab əks olunmuş gerblə təltif olunub. (15 rəqəmi görkəmli dövlət xadiminin 15 cildlik əsərlərini xarakterizə edir.) Baludyanski Rusiyada böyük vəzifələr daşıyıb. O, irsi əyan, gizli müşavir, dövlət katibi, senator kimi rütbələrə yüksəlib. Haqqında araşdırma apararkən Y.M.Kosaçevskayanın 1962-ci ildə yazdığı “M.A.Baludyanski Peterburq Universitetində” adlı məqalə ilə rastlaşdım. Müəllif məqalədə iddia edir ki, Aleksandr Sergeeyeviç Puşkin Baludyanskinin tələbələri arasında ola bilərdi.

Boludyanski böyük xidmətlərinə görə Troitsa-Sergey Lavrında dəfn olunub. Onun məzarı üzərində çox sevdiyi bu sözlər həkk edilib: “Hər şey sənin əlindədir.” Görünür bu sözlər görkəmli alimin inancı ilə bağlı olub. Qeyd etmək yerinə düşər ki, Peterburq Universitetinin muzeyində Mixail Boludyanskinin bürüncdən olan büstü saxlanılır. Hələ 19-cu əsrin sonlarında Peterburq Universitetində onun adına müxtəlif elm sahələrində fərqlənən tələbələri təltif etmək üçün təqaüd təsis olunub. Təəssüflər ki, bu ənənə qorunub saxlanmayıb.

Lemkilərin görkəmli nümayəndələrindən biri də İvan Moqilnitskiydir. O, Qaliçina Milli Dirçəliş hərəkatının öncüllərindən biri olub. Vyana Universitetinin ilahiyyat fakültəsini bitirən Moqilnitskiy 1800-cü ildə ruhanilik fəaliyyətinə başlayıb. İvan Moqilnitskiy böyük maarifçi kimi tanınır. Onun təşəbbüsü ilə yaşadığı mahalda 1806-cı ildə (Nijankoviç-hazırkı Starosambirski) xalq məktəbi təşkil olunub. 1816-cı ildə o, Peremışlda yeni yaradılmış Müəllimlər İnstitutunun rektoru təyin edilib. Elə həmin il İvan Moqilnitski qərbi Ukrayna ərazisində mədəni-maarif ictimai təşkilatının əsasını qoyub. Sonralar görkəmli ictimai-siyasi xadim İvan Franko deyəcəkdi: “İvan Moqilnitiskinin cəmiyyət üçün hazırladığı “Nizamnamə” bizim milli inkişafımız üçün vacib sənəddir.” İvan Maqilnitski Ukrayna dilində bir neçə dərsliyin müəllifi və naşiri olub. O, “Rus dili haqqında bəyənat” adlı məqaləsində qərbi Ukrayna dilçiləri arasında ilk dəfə Ukrayna dilinə müstəqil və orijinal dil kimi yanaşıb. Maqilnitski bununla Ukrayna dili haqqında yayılmış yanlış təsəvvürlərə aydınlıq gətirməyə nail olub. Bu təsəvvürlərdə Ukrayna dili Polyak və Rus dillərinin dialekti kimi təqdim olunurdu. İvan Franko vurğulayır ki, Maqilnitski bu məqaləsi ilə Ukrayna dilinin əleyhdarlarının yeni həmləsinin qarşısını məharətlə alıb. Maqilnitski müfəttişlik fəaliyyəti dövründə xalq məktəblərinin geniş vüsət almasına nail olub.

Lemkilərin görkəmli nümayəndələrindən biri də Boqdan Vasilyeviç Durnyakdır. Texniki elmlər doktoru, professor, Ukraynanın əməkdar elm və texnika xadimi Boqdan Vasilyeviç Ukrayna Çap Akademiyasının rektorudur. O, bu gün rəhbərlik etdiyi ali təhsil ocağını 1978-ci ildə avtomatlaşdırma və kompleks mexanikləşdirmə üzrə mühəndis ixtisası üzrə bitirib. Boqdan Durnyak Ukraynada kitab çapı sənayesi və elmi sahəsində görkəmli mütəxəssislərdən biridir. Onun yüzlərlə elmi məqaləsi Ukraynada çap sənayesinin inkişafı, müasir səciyyə daşıması, bu sahənin dünyaya inteqrasiyası, eləcə də dünya təcrübəsinin öyrənilməsi, yeni texnologiyaların tətbiqinə şərait yaradılması baxımından müstəsna rola malikdir.

Boqdan Durnyak 1988-ci ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Cəmi iki il sonra isə doktorluq dissertasiyasının müdafiəsinə nail olub. O, 1998-ci ildə Ukrayna Çap Akademiyasının nəzdindəki Poliqrafiya Texnikumuna direktor təyin edilib. 2000-ci ildə isə Akademiyanın rektoru vəzifəsinə seçilib. Boqdan Vasilyeviçin elmi məqalələri Ukraynanın və dünyanın ən nüfuzlu elmi jurnallarında dərc olunub. Görkəmli alimin Çap Akademiyasına rəhbərlik etdiyi dövr Akademiyanın müasir tələblər səviyyəsində inkişaf mərhələsinə çatdığı zirvə dövrüdür. Akademiyanın fəaliyyəti haqqında məqaləmdə bu barədə genişliyi ilə bəhs etmişəm.

Xanım Sofiya Fedina ilə söhbətimiz mənim üçün daha çox ona görə maraqlı idi ki, milli-mənəvi dəyərlər, adət-ənənələr üzərində qurulur, mənəvi məsələlərə yer verilirdi. Bu səmimi və son dərəcə mədəni və ziyalı xanım bizim təsəvvürümüzdə lemkilərin mənəviyyat abidələrini ucaltmağa çalışır və şübhə yoxdur ki, buna nail olurdu.

Dəyərli oxucularım, mənim indi sizin diqqətinizə təqdim edəcəyim qeydlər Sofiya Fedinanın danışdıqlarından, yerli adamlarla söhbətlərimdən və sonradan özümün ayrı-ayrı mənbələrdən əldə etdiyim məlumatlar əsasında formalaşıb. Düşünürəm ki, lemkilərin obrazının yaranmasında bu və bundan əvvəlki yazım müəyyən dərəcədə rol oynayacaq.

Lemkilərin toy adətləri mənə, özlərinin də vurğuladıqları kimi, Ukrayna xalqının mənəvi mədəniyyətinin ən qədim və qiymətli əsərlərindən biri təsirini bağışladı. Onlar toy adətlərini milli sərvətləri hesab edirlər. Əsrlər boyu bu adətlərini qorumuş, onu yad təsirlərdən hifz edərək bugünümüzə qovuşdurmuşlar. Bu adətlərlə tanış olduqca, onun həqiqətən də tarixdən gələn zəngin mənəviyyat abidəsi olduğuna və Karpatın ruhundan doğulduğuna, onun nəfəsi ilə isinib boy verdiyinə inanırsan.

Lemkilərin toyları nişan mərasimindən başlayır. Bir-birilərini sevən cütlüklər bu barədə valideynlərinə xəbər verirlər. Valideynlərin razılığı izdivacın baş tutmasında mütləqdir. Valideynlər ailədən yaşlı bir nəfəri toy işlərinin həyata keçirilməsi üçün məsul edir. Gün təyin olunur. Həmin gün oğlan kənd ağsaqqalı və valideynləri ilə birgə qız evinə nişana gəlirlər. Bu mərasim qarşılıqlı razılığın alınması üçündür. İlkin razılıqdan sonra qızın valideynləri tanışlıq üçün oğlan evinə dəvət olunur. Maraqlıdır ki, lemkilər valideynləri Tanrı ilə gənclər arasında vasitəçi rolunda görürlər. Bu, həm valideynə, həm də izdivaca böyük ehtiramdan qaynaqlanır desəm yanılmaram. Hər iki tərəfin razılığı alındıqdan sonra gənclər keşişin yanına gedib xeyir-dua alırlar.

Toydan bir gün əvvəl cümə günü qaş qaralandan sonra bəyin və gəlinin yoldaşları cütlükləri təbrik etmək və xoşbəxtlik arzularını dilə gətirmək üçün onların evinə gəlirlər. Bu mərasim yeni evlənənlərin tale yollarını simvollaşdırmaq məqsədi daşıyır. Axşam yeməyində gənclər mahnı sədaları altında çələng düzəldirlər. Cümə axşamı və ya cümə günü toy üçün naxışlarla bəzədilən xüsusi toy çörəyi hazırlanır. Çörəyin üst küncləri şüavari bəzəklərlə və kağızdan hazırlanmış bəzəklərlə bəzədilir. Bu, bəyin ağayana görünməsinə və var-dövlətinin simvollaşdırılmasına işarədir. Toy günü bəyin dostları onun  üçün çələng hazırlayırlar. Gəlin də öz adaxlısı üçün bu hazırlığı görür. Onlar Karpatın ən gözəl çiçəklərini bir çələngdə toplamaqla, ona füsunkar gözəllik bəxş edirlər. Çələnglər bəy və gəlinin əlində özləri də gözəl bir cütlüyü xatırladırlar. Maraqlı digər bir məqam isə bəyin dostlarının bəy üçün fındıqdan hazırladıqları hədiyyədir.

Onlar buna qocalığın qarşısını alan sədd kimi baxırlar. Lemkilərin toyunda arağı qonaqlara ev yiyəsi tərəfindən etibar edilmiş şəxs paylayır. O, qonaqlar arasında gəzərək onların qədəhlərinə içki süzür. Toy əsasən şənbə axşamı başlayır. Gəlin toy günü uzun ağ paltar geyinir və müxtəlif bəzəklərlə bəzədilir. Gəlinin başına rəngli lentlər və mərcanlarla bəzədilmiş çələng qoyulur. Bəy isə ağ bəzədilmiş şalvar, ağ köynək geyinir, başına qara və ya tünd yaşıl rəngli şapka qoyur.

Qonaqlar təzə evlənənlər üçün hədiyyə olaraq toyuq, un, yumurta, çörək, araq, pul gətirirlər. Pul əlbəl verilməz, onu dəsmala büküb təqdim edirlər. Ata evindən çıxmazdan əvvəl gənc qız öz valideynlərinə and içir və bu zaman hamı evin ortasındakı xaçın altında dayanıb dua edir.

Qeyd edək ki, lemkilərin toylarında hər iki tərəfdən toyu idarə edən toy başçıları olur. Sonra gəlinin anası qızını gəlin köçəcəyi  arabanın ətrafınada üç dəfə fırladıb üstünə müqəddəs su çiləyir. Toy karvanı yola düşür. Kənd uşaqları fidyə almaq üçün karvanın qarşısını kəsirlər. Karvan qarşısını kəsənlərə adətən toy nemətlərindən pay verilərdi.

Lemki toylarının ən maraqlı məqamı, əgər belə demək mümkünsə, teatr tamaşasını xatırladır. Bəy qız evinə çatanda qız evinin toy başçısı qapını tutur ki, evə kimsə daxil ola bilməsin. Bəy həyətə daxil olduqda oğlan evinin toy başçısı qapını çubuqla döyüb açılmasını xahiş edir. Qız tərəfdən təyin olunan başçı soruşur: – Bəlkə azmısınız? Xeyir, deyə oğlan tərəfin başçısı cavab verir: – Gəlinin dalınca gəlmişik. Bu zaman maraqlı hadisələr bir-birini əvəz edir. Qız tərəfin başçısı başqa paltar geyinmiş birini gəlin kimi qələmə verib oğlan toy başçısına təqdim edir. Qonaqlar zarafatı anlayıb gülüşürlər.

Oğlan evinin toy başçısı deyir: – Bizim bəyə əsl gəlin layiqdir. Bir müddət sonra ağsaqqal qapını açaraq gəlinin burada olmadığını söyləyir. Oğlan adamları isə israr edir. Bizim axtardığımız ev elə bu evdir, deyirlər. Bundan sonra qız evinin toy başçısı gəlinin əlindən tutub evdən çıxarır. Bəyin dostları balta ilə üç dəfə xaç çekib evə daxil olur və mahnı oxuyurlar. Mahnı bitdikdən sonra gənc masadan qalxır və onun yerini dostları tutur. Bəy gəlinə yaxınlaşaraq, salamlaşır və onu öpür.  Rəfiqələri gəlinə çələng verirlər və o da öz növbəsində çələngi bəyin sağ döşünə bərkidir. Minnətdarlıq əlaməti olaraq gəlin bəyə güllü bir dəsmal hədiyyə edir. Gəlinin rəfiqələri mahnı oxuya-oxuya bəyə yaxınlaşır və onun sol döşünə laybik adlanan çələng bağlayırlar. Gənc cütlük birgə stol arxasında onlar üçün ayrılmış yerdə oturur.

Bundan sonra mərasimdə iştirak edən başqaları da əyləşir və yemək-içmək başlayır. Toy başçısı çıxış edir və nigaha girmənin vaxtı olduğunu xatırladır. Valideynlərdən xahiş edir ki, stol başında əyləşsinlər ki, gənc cütlük onlara təzim edə bilsin. Musiqiçilər qəmli mahnı ifa edirlər. Bütün toy iştirakçıları oxuyur. Toy başçısı bütün gəncləri valideynlərin  yanına dəvət edərək, gənclərin adından ata və anaya belə yaxşı qız və oğul böyütdükləri üçün təşəkkür edirlər. Eləcə də, ailəyə, qonşulara, rəfiqə və dostlara, bütün mərasim iştirakçılarına minnətdarıq edərək, onların xeyir-dualarını alırlar. Gənc cütlüyə xeyir-dua verirlər. Üç dəfə bütün bunlara “Tanrı onları xeyir-dua ilə qoru, biz onlara xeyir-duamızı veririk” deyirlər. Bəy-gəlin valideynlərə baş əyərək üç dəfə onların alnından, əllərindən və dizlərindən öpürlər.

Gənc cütlüklər üç dəfə ailəsi ilə öpüşürlər. Yaxınlar qəmli mahnıdan təsirlənib ağlayırlar. Dostlar üç dəfə balta ilə xaç çəkərək, evlənənlərin çölə çıxmasını gözləyirlər. Həyətdə ana yeni evlənənlərin üzərinə  üç dəfə müqəddəs su çiləyir. Musiqiçilər marş çalır və bəylə gəlin kilsəyə yola düşür.

Nigah mərasimi lemki toylarının mühüm tərkib hissəsi olmaqla, onların böyük allah sevgisi, inanclı insanlar olduğu qənaətinə gətirir. Mərasimdə gəlin bəyin sol tərəfində dayanır. Arxa tərəfdə isə dostlar, rəfiqələr yer tuturlar. Keşiş bəy və gəlinin başına tac qoyur, nigah duası oxunur.

Cütlüklər kilsədən evə yollanırlar, onların arxasınca dostlar, ailə üzvləri və qonaqlar gəlir. Həyətdə onları musiqiçilər qarşılayırlar. Bəyin anası evdən çıxıb gələnləri qarşılayır. Toy başçısı mahnı oxuyur. Gənclərin ətrafında fırlanaraq  əllərində çömçə və buğda ilə onları  təbrik edir. Bundan sonra qonaqlar evə dəvət edilirlər. Gənc cütlüklər onlar üçün ayrılmış yerdə oturur və qonaqlıq davam edir. İlk qısa təbriki toy başçısı edir və o bundan sonra qonaqları yeməyə və içməyə, növbə ilə dəvət edir. Toy başçısı Azərbaycan toylarındakı tamada rolunu oynayır.

Gecədən keçmiş cütlüyü xüsusi otağa yola salırlar. Bu zaman bəy gəlinin başından çələngi götürüb atır. Qızlardan kim cəlddirsə gəlinin başından çələngi götürərək öz başına qoyardı ki, növbəti il özü ərə getsin. Toyun növbəti günü çələngin əvəzinə gəlinin başına bəyin bağışladığı dəsmal qoyulur. Çələngin dəyişdirilməsi o anlamına gəlir ki, qız öz bakirəliyini ərinə təslim edib.

Toyun ikinci günü, gənc qadın Tanrıdan nəslin davam etdirilməsinə dua etmək üçün kilsəyə yollanır. Keşiş dua oxuyur, gənc qadın dua edərək evə qayıdır. Toydan bir həftə sonra şənbə və ya bazar günü yeni evlənənlər qız  evinə yollanırlar. Adət-ənənələrə ehtiram lemkilərin mənəvi zənginliklərindən, soy-kökə bağlılıqlarından soraq verir. Onlar bu ənənələri ürəklərində, ruhlarında, eləcə də həyatlarında qoruyub saxlayırlar…

Ardı var.
Böyükağa MİKAYILLI
“Təhsil və zaman” qəzetinin redaktoru

Ədəbiyyat siyahısı:

  1. Место Хальчака Б. Лемко во Вселенной. Размышления о положении Лемко на рубеже XX и XXI веков / Богдан Хальчак // В: Лемки, Бойки, Русини – история, современная, материальная и духовная культура / изд. Стефан Дудра, Богдан Халчак, Роман Дрозд, Ирина Бетко, Михал Шмиге. Том IV, часть. 1. – Слупск – Зелена-Гура: [b. w.], 2012 – S. 119-133.
  2. Энциклопедия украиноведения: Словарная часть: [в 11 т.] / Научное общество имени Шевченко; гл. ред. проф., д-р Владимир Кубийович. – Париж; Нью-Йорк: Молодая жизнь; Львов; Киев Глобус, 1955-2003.
  3. стр. 1275, том 4, «Энциклопедия украиноведения» / Гл. ред. В. Кубийович. – г. Париж, Нью-Йорк: изд. «Молодая жизнь» – «НОШ»; 1994 ISBN 5-7707-5493-1
  4. Дрозд Г., Гальчак Б. История украинцев в ​​Польше в 1921-1989 годах / Роман Дрозд, Богдан Гальчак, Ирина Мусиенко; пер. с пол. И.Мусиенка. 3-е изд., Испр., Перераб. – Харьков: Золотые страницы, 2013. – 272 с.
  5. Богдан Гальчак. Лемковский итог ХХ века и перспективы на XXI век // Наше слово, №51, 16.12.2012
  6. Гальчак Б. Лемковский итог ХХ века и перспективы на XXI век // Zbruch, 24.02.2013.

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*