Əsas menu

“NLT Telekom 2” müştərilərini aldadır 

“CBS Sport”un şərhçisi Pərviz Musayev “NLT Telekom” tərəfindən aldadıldığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə P.Musayev öz “Facebook” hesabında yazıb.

O bildirib ki, aldığı “iPhone” markalı telefon bundan öncə kreditlə başqasına satılıb: “Bu ilin yanvar ayında “NLT Telekom” mağazalar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından 1299 AZN-ə 64 GB tutuma malik “iPhone 6S” smartfon aldım.

Oktyabrın 10-da telefonun şəbəkəsində yaranan problemlərlə görə “Azercell” Müştəri Xidmətlərinə müraciət etdim və onlar bunun səbəbinin sırf telefondan qaynaqlandığını bildirdilər.

Telefonu aldığım “NLT Telekom 2” dükanına yollandım. İMEİ kodu yoxlandıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”.

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə, məsələni bu cür izah etdi – mənim onlardan aldığım smartfon “Azercell” şirkətinin “kampaniya” telefonu olub. Yəni hər hansı bir fiziki şəxs “Azercell”dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telekom”a gəlib çıxıb, sonra mənə satılıb. Öz növbəsində “Azercell” şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu bloklayıb. Bu məsələ ilə bağlı “Azercell” Müştəri Xidmətlərinə müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə blokdan çıxarıla bilər.

“NTL Telekom 2”-nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə, yaranmış problemə görə onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun “Azercell”in kampaniya telefonu olduğunu bilmədiyini, onu Rza adlı distribüterdən aldığını və bloklanmanın da məhz “Azercell” tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun “plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb, üstünə əlavə pul qoymaqla, məhz onlardan başqa telefon alım”.

P.Musayev bu təkliflərdən imtina edərək, Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldiyini bildirib: “Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*