Əsas menu

“Lemkovşina zəngləri” dünyanın hər yerindən eşidilir… 

Sofiya Fedina lemkilərin ürəkləri oxşayan mahnılarını şövqlə, məharətlə ifa edir. Onun səsi  mənə Ukraynanın təbiətinə vurulduğum andan onun ruhundan duyduğum səsi xatırladırdı. Lakin bu çağlayan səsin füsunkar dərinliyində hiss ediləcək kədərli notalar da duyulur. 

Yalnız Sofiyanın deyil, Ukraynanın dinlədiyim hər bir ifaçısının səsi mənə hardasa kədərli hadisəni xatırladan bir nisgil pıçıldayır sanki.

Sofiyanın ailəsi də kədərli tarix yaşayıb. Bu lemkovşina qızının baba və nənələri “Visla hadisəsi” zamanı Polşadan-ata-baba torpaqlarından sürgün ediliblər.  Lakin bu gün Sofiya özünü Polşa torpağında çox rahat hiss etdiyini deyir. Mən duyuram ki, ora mənə doğmadır, söyləyir. Bu torpağın havası, suyu sanki ürəyimi isidir, ruhuma rahatlıq bəxş edir-Sofiya söhbətinə davam edərək vurğulayır.

Xanım Sofiya lemki mahnılarını daha çox lemki torpaqlarının gözəlliyini ifadə etdiyinə görə sevdiyini də dilə gətirir. Və vurğulayır: – Bu mahnılar bizim dərdlərimizi, kədərimizi, faciələr yaşamış soydaşlarımızın ahını, ürək ağrılarımızı yaşadır. Bu mahnılarda lemkilərin ruhu yaşayır.

Lemkilər nə qədər kədərli mahnılar ifa etsələr də, onların mahnılarında sevgi də, əyləncə də, bir-birilərinə böyük ehtiram da, gələcəyə inam da var. Bu da lemkilərin sarsılmaz ruhu, möhkəm iradələri ilə bağlıdır. Lemki mahnıları sevgi ilə yanaşı, həmrəyliyə, birliyə də çağırış ifadə edir. Onlar öz mahnılarını elə bir ritm, ahənglə ifa edirlər ki, bu ifa yalnız lemkilərə xas ola bilər. Bu ritmlər lemkilərin ürək döyüntüləri kimi səslənməklə milli koloriti ifadə edir.

Lemkilər dünyada öz zəngin adət-ənənələri, füsunkar nəğmələri, ürəkləri fəth edən musiqiləri, rəqsləri, görkəmli şəxsiyyətləri ilə tanınırlar. İldə bir dəfə keçirilən “Lemkovşina zəngləri” festivalı isə lemkilərin ruhundan qopub, onların kimliyini dünyada bəyan edən ən gur səs kimi eşidilir. Festivalda iştirak edə bilməsəm də xanım Sofiya Fedinanın danışdıqlarından, mətbuatda oxuduqlarımdan bu əlamətdar günlər haqqında xeyli məlumat əldə edə bildim.

Lemki mədəniyyətinin bütün dünyada təbliği xarakteri daşıyan “Lemkovşina zəngləri” festivalı bu il Monastr rayonunda keçirildi. Artıq 18 ildir ki, keçirilən lekmi mədəniyyətinin işiğı olan bu festivala Ukrayna ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılırlar.

Məlumata görə festival ətrafında ən azı 25-30 min insan toplanır. Ümumukrayna “Lemkovşina” cəmiyyəti Ternopol vilayət sədri Aleksandr Venqrinoviçin mətbuata verdiyi açıqlamaya görə, festivala maraq getdikcə artmaqdadır. Bu da təsadüfü deyil. Çünki onlar zəngin mənəvi dəyərlərinin təbliğini qarşıya məqsəd kimi qoyublar.

Dünyanın xilası insanların mənəvi dəyərlərə ehtiramı, bir-brilərinə sevgiləri ilə bağlıdır. Aleksandr Venqrinoviç açıqlamasında daha sonra qeyd edir ki, onlar festivalı ilk dəfə  Berejanski rayonunun Qutisko kəndində keçiriblər. Həmin tədbirdə 100 nəfər iştirak edib. Bizim maşında bir səhnəmiz var idi, lakin insanlar çox böyük həvəslə mədəni irsimizi göstərirdilər. İldən ilə öz səylərimizi gücləndirərək bu tədbiri ümumukrayna səviyyəsinə qaldıra bildik.”

Xanım Sofiya Fedina isə festivalın məqsədlərindən böyük maraqla bəhs edir. O, lemkilərə xas qürurla vurğulayır ki, festivalı keçirməklə lemki mədəniyyətini, zəngin adət – ənənələrini, mənəvi dəyərlərini dirçəltməyi, qorumağı və dünyaya təqdim etməyi qarşımıza məqsəd kimi qoymuşuq.

Festivala dünya miqyasında böyük marağın olduğunu da söyləyə bilərəm. Lemkilərin kütləvi yaşadıqları Polşa, Slovakiya, Serbiya, Xorvatiya, Kanada, ABŞ-dan da tədbirə qoşulmaq üçün gələnlər çox olur. Onların hər biri Ukraynaya “Lemki günəşinin” ətrafına toplaşıb bir neçə gün də olsa, onun hərarətində isinir, bir-birilərinin səsini dinləyir, ecazkar lemki musiqisindən zövq alır, kədərərini, sevinclərini bölüşürlər.

Xanım Sofiya Fedina dünyada yaşayan Lemkilərin sayı ilə bağlı suallarımızı cavablandırarkən, dəqiq rəqəm söyləməyə bir qədər çətinlik çəkdiyini vurğulayır. Onlara ancaq 1939-cu ilə aid olan məlumatın bəlli olduğunu dilə gətirir. O zaman dünyada 600.000 lemki yaşadığı məlum idi. Bu gün isə ehtimal ki, onların sayı 2 milyon nəfərdir deyə xanım Sofiya söyləyir.

Festivalın keçirildiyi  “Lemko kəndi” ərazisində xalça sənətkarlıq şəhərciyi fəaliyyət göstərir, dulusçular  ustad dərslər keçir, həvəskar rəssamlar əl işlərini nümayiş etdirir, muzey eksponatları, tematik ekspozisiyalar nümayiş olunur. Festival zamanı ənənəvi lemkovşina yeməkləri hazırlanır. Bayram əhvalı iştirakçıların geyimindən, üzlərindəki təbəssümdən hiss edilir.

Festival hər bir lemki ailəsi üçün əziz bayram kimi qəbul edilir. Uşaqdan böyüyə hər kəs özünü bayramın bir hissəsi hesab edir. Xanım Sofiya Fedinanı dinləyərkən özlüyümdə belə bir qənaət hasil edirəm ki, bu unikal tədbir lemkilərin milli bayramı səviyyəsinə yüksəldilib. Müasir dövrdə bunu bacarmaq, ənənə formalaşdırıb ona əbədiyaşarlıq vermək hər kəsin işi deyil. Lemkilər bunu bacarıblar.

Festivalın açılıında Ukraynanın dövlət bayrağı və Ümumukrayna “Lemkovşina” cəmiyyətinin bayrağı qaldırılır. Festival yalnız bayram şənlikləri ilə yekunlaşmır. Lemkilər öz tarixi faciələrindən, problemlərindən, qayğılarndan danışır, onların aradan qaldırılması yollarını da müzakirə edirlər. Onlar Ukraynanın rifahı üçün dualar oxuyur, öz ölkələrinə əmin-amanlıq diləyirlər. Ukrayna Milli Akademik xalq xorunun konserti böyük maraqla qarşılanır.

Xanım Sofiya Fedina ilə tanışlığımız, onun vasitəsilə lemkilərin mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərləri haqqında əldə etdiyim məlumatlar Ukraynanın mənəviyyatca zəngin olan bu insanlarına sevgimi qat-qat artırdı. Mən onları böyük ürək, zəngin mənəviyyat, özlərinə və başqalarına qarşı hədsiz dərəcədə ehtiramlı davranan, vətənlərini sonsuz məhəbbətlə sevən insanlar kimi tanıdım və sevdim. Bu gün Lemkilər Ukraynanın ictimai, mədəni, siyasi, elmi, sosial həyatında müstəsna rol oynayırlar. Onlar öz dövlətlərinin – Ukraynanın inkişafı üçün bütün varlıqları ilə çalışırlar. Bu, həmişə belə olub. Bu gün, Ukrayna üçün narahat keçən günlərdə isə Lemkilər daha fəaldırlar. Bunu onlardan zaman və ölkələrinin müqəddəratı tələb edir.

Xanım Sofiya Fedinadan gələn il-Lemkilərin 19-cu Festivalında görüşmək ümidi ilə ayrıldıq. “Konditerski apteka”dan çıxarkən hava qaralmışdı. Hər yanda bərq vuran işıqlar yerə səpələnmiş ulduzlara bənzəyirdi. Mən lemki nəğmələrini dinləmək üçün evə tələsirdim…

Böyükağa MİKAYILLI

 

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*