Əsas menu

Ukrayna ruhunu yaşadan məktəb 

İvan Lozenko bizi məktəbin girişində qarşıladı. Məktəbin tarixi binasının giriş hissəsində diqqətimizi ilk növbədə Ukrayna torpaqlarının azadlığı uğrunda həlak olmuş qəhrəmanların barelyefləri cəlb etdi. Onlar öz qəhrəmanlarına dəyər verirlər, bunu ilk tanışlıqdan duymamaq mümkün deyil.

Hər gün yüzlərlə şagird həyatı ilə örnək olan, vətən yolunda özünü oda atan bu qəhrəmanların xatirə lövhəsi önündən keçib təhsil məbədinə daxil olur. Bu daş barelyeflərin danışan baxışları hər kəs üçün bir nümunədir.

Lvov şəhərindəki 28 nömrəli məktəbin, eləcə də onun yerləşdiyi binanın tarixini mükəmməl bilən, öz işini sevən və həyatını ona həsr edən bu qonaqpərvər məktəb rəhbərini dinləmək çox maraqlı idi. Onun bəhs etdiyi tarix həm məktəbi, həm də onun yerləşdiyi binanı əhatə edirdi. Onları bir-birindən ayrı təsəvvür etmək də mümkün deyil. İvan Lozenko uzun illərdir ki, bu təhsil ocağında çalışır. Bu illər imkan verib ki, o, məktəbin tarixini öyrənsin, eləcə də onun yeni səhifələrinin yazılmasında bir müəllim və məktəb rəhbəri olaraq iştirak etsin, onun inkişafına öz töhfəsini versin.

Bəs biz nə üçün tanış olmaq üçün bu məktəbi seçmişdik, bu məktəbin xüsusiliyi nədən ibarətdir? Bu yazıda bunu xarakterizə etməyə çalışacağam.

28 nömrəli məktəb Lvovun nüfuzlu təhsil ocaqlarından biri sayılır. Bu təhsil ocağında alman dili dərinləşdirilmiş proqram əsasında tədris olunur. İvan Lozenkonun sözlərindən bəlli olur ki, Ukraynanın bir çox tanınmış simaları bu məktəbin məzunu olublar. Dövrün tələbləri səviyyəsində qurulan təlim-tərbiyə mühiti 28 nömrəli məktəbi həmişə seçilən təhsil ocaqları sırasında saxlayıb.

Qeyd etdiyim kimi, məktəblə bərabər onun yerləşdiyi binanın da özünəməxsus tarixi var. Hələ 19-cu əsrin sonlarına qədər bu məktəb binasının yerləşdiyi ərazi Yablonovskiy torpaqları adlanıb. İvan Lozenko qeyd edir ki, məhz burada 1877-ci ildə məhşur əkin sənayesi sərgisi keçirilib və bundan sonra bu ərazinin inkişafında mühüm irəliləyişlər baş verib. 1894-cü ildə baron Romaşkinin sifarişi və Mixail Kovalçukun lahiyəsi əsasında məktəb binasının əsası qoyulub. Elə həmin tarixdən də Yaçka 16 ünvanını alıb. Hazırda isə məktəbin yerləşdiyi küçə Arxipenko adlanır.

İvan Lozenko bizə – Samir Mehdizadəyə, Olqa Parçevskayaya və mənə məktəbin mərtəbələrini, fənn kabinetlərini böyük məmnuniyyətlə göstərir. O, məktəbin tarixindən bəhs edərkən, müasir dövrdə əldə etdikləri uğurlardan da qürurla danışır və bizdə belə bir qənaət hasil olur ki, İvan Lozenkonun komandası zəngin ənənələrə söykənib innovativ məktəb yaratmağı bacarıb.

İvan Lozenko yaşı 100-ə yaxınlaşan fotoşəkillər və sənədlər əsasında diqqətimizi məktəbin yerləşdiyi binanın tarixinə yönəldir. Bəlli olur ki, 1901-ci ildə bu əzəmətli binanın sahibi  dəyişib. Ona Frantişek Zandler sahiblənib. Lakin bu tikili Zandlerin də əlində uzun müddət qalmayıb. 1923-cü ildə binanı Urşulyanka bacıları (bacılar müqəddəs Urşulya rahibə konqreqasiyasından idilər və Lvov ərazisindən gəlmişdilər) öz məktəbləri üçün alırlar. Bu məktəb Urşulyanka rahibələri adını alır. Hazırda Polşada bu ordenin təmsil etdiyi  üç gimnaziya – Vrotslavda, Krakovda və Rıbnikdə fəaliyyət göstərir.

Binanın tarixi ilə bağlı maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Urşulyanka bacıları binanı aldıqdan sonra onu kərpic-kərpic, mərtəbə-mərtəbə ucaldıblar. Onlar sahibkarları, iş adamlarını, bankirləri inandıra biliblər ki, binanın tikintisi vacibdir, çünki bu, mənəviyyat məsələsidir. Belə deyək ki, təhsilə qoyulan vəsait hədər getmir, o cəmiyyətin inkişafına, insanların savadlanmasına yönəlməklə, dövlətin dayağına çevrilən vətəndaşların formalaşmasına yol açır. Beləliklə, Urşulyanka bacıları vəsait əldə edib binanın tikintisində irəliləyiş əldə edilməsinə nail olurlar. Tikinti işləri Lvovun tanınmış arxiterktorlardan olan Tadeyuş  Vrubelyuya və Leopald Krasinskoya həvalə edilir. 1924-cü ildə isə arxitektor Mixal Kustanoviç bunanın məktəbin ehtiyaclarına uyğunlaşdırılması istiqamətində əsaslı tikinti işləri aparır. Uyğunlaşdırılma işləri xüsusilə məktəbin 3-cü mərtəbəsini əhatə edir.  1930-32-ci illərdə məktəb zalının divarları polşalı rəssam Hinq Kostyuşkonun rəsmləri ilə bəzədilir. Bağça və tennis meydançası quraşdırılır. Bağça müasir dövrə gəlib çatmasa da, meydançadan bu gün də istifadə edilir.

1930-cu illərdə Urşulyanok müəssisəsi Lvovda ən müasir gimnaziyalardan biri kimi tanınırdı. Bu müəssisədə dərs deyənlər, əsasən rahibələr olsa da, mühazirə demək üçün digər gimnaziyalardan, hətta Universitetlərdən müəllimlər dəvət edilirdilər.

Məktəbin tarixi haqqında söhbətini davam edən İvan Lozenko vurğulayır ki, məktəbi rahibələrin idarə etməsinə baxmayaraq, burada heç bir dini məcburiyyət olmayıb. Məktəbin nəzdində internat da fəaliyyət göstərib. Lvovun digər məktəblərində olduğu kimi Urşulyanok məktəbinin də öz geyim forması var idi. Bu geyim iki formaya-gündəlik və idman formalarına bölünürdü. Məktəbdə təhsil ödənişli idi.

1939-cu ildə, II Dünya müharibəsi başlayandan sonra Lvovdakı sovet hökuməti Urşulyanok məktəbini adi məktəbə çevirir. Sovetlər 1944-cü ildə bu məktəbi yenidən qururlar. Onun dövrə müvafiq ideoloji istiqamətini yaradırlar. Qısa bir müddətdə məktəbin kilsə hissəsini idman zalına çevirirlər. Bu zal hazırkı dövrə qədər fəaliyyət göstərir. Məktəbin original qapıları, pəncərələri, parketi və tavanı indi də saxlanılmaqdadır. Tavanda hazırda da illər öncə sənətkar tərəfindən yazılmış yazı: “Dextera Domini” («Десница Господня») yazısı qalmaqdadır.

Məktəbin binası 1930-cu illərin Ar Dekonun funksionalizm elementləri stilində yaradılmışdır.

Kərpicdən tikilən bu daş bina iki ayrı-ayrı zamanda tikilən binalardan ibarətdir: köhnə 4 mərtəbəli korpus tarixi stildə (1894,1924) tikilmişdir və Arxipenko küçəsinə çıxışı vardır. Funksionalizm stilində tikilimiş, Tyutyunik küçəsində yerləşən 4 mərtəbəli korpus isə 1934-cü ildə inşa olunub. Köhnə korpusun plastik memarlıq xarakteri Avstriya Lvovuna uyğundur.

28 nömrəli məktəb tarixində çox nailiyyətlərə imza atıb. İvan Lozenko bütün bunlar haqqında danışarkən pedaqoji kollektivin gərgin zəhmətini ön yerdə vurğulayır. O, qeyd edir ki, hələ 1990-cı illərin əvvəllərindən Ukrayna müstəqillik əldə etdikdən sonra məktəbin fəaliyyəti də ölkənin həyatı kimi yeni inkişaf dövrünə qədəm qoydu. Dövlətin müstəqilliyi məktəbin həyatına yeni nəfəs gətirdi. 1991-ci ildən yeni fənlər – xarici ədəbiyyat (rus ədəbiyyatı da daxil olmaqla), ümumdünya tarixi tədris planına daxil edildi. Ümumiyyətlə, tədrisin keyfiyyətinə diqqət daha da artırıldı. Məktəbin sonrakı fəaliyyəti üçün müstəsna əhəmiyyətə malik olan beynəlxalq əlaqələrin əsası qoyuldu.

İvan Lozenko vurğulayır ki, müstəqilliyin ilk illərindən şagirdlərə Ukraynaya sevgi, vətənpərvərlik hisslərinin aşılanması bir nömrəli vəzifə kimi pedaqoji kollektivin qarşısında dayanmaqdadır. Onlar Ukrayna xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini şagirdlərə sevə-sevə öyrədirlər. Çünki bunlar bizim öz tariximiz, öz mədəniyyətimizdir. Onu heç bir yad qarışıq olmadan övladlarımıza aşılayırıq, deyə İvan Lozenko vurğulayır. Təcrübəli və vətənpərvər məktəb rəhbərinin təqdim etdiyi tarixi fotolara da heyranlıqla baxmamaq mümkün deyil. Zaman bu təhsil ocağını, onun tədris korpuslarını, fənn kabinetlərini nə qədər müasirləşdirsə də, onlar klassik üslubu qoruyub saxlamağa nail olurlar. Şəkillərdən bizə maraqlı görünən bir məqam da 1930-cu illərin təlim-tərbiyə metodları ilə müasir dövrümüzdə tətbiq olunan metodların uyğunluğunun hiss olunmasıdır. Şagirdlərin qrup halında oturub işləmələri, müzakirələrin, diskussiyaların aparılmasını, əyani-texniki vəsaitlərin tətbiq olunmasını əks etdirən fotolar 28 nömrəli orta məktəbdə bütün dövrlərdə müasirliyin, innovativliyin ön planda dayandığı qənaətinə gəlməyə əsas verir. Bizim üçün maraqlı olan cəhətlərdən biri də məktəbdə “Xristian etikası” və “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənlərinin tədris olunmasıdır. Bu fənlər Ukraynanın bütün məktəblərində tədris olunur və şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların həyata, cəmiyyətə hazırlanmasında mühüm rola malikdir.

Qeyd etdiyim kimi, 28 nömrəli məktəb alman dilinin dərindən öyrədilməsi üzrə ixtisaslaşmışdır. Bu da öz növbəsində pedaqoji kollektivin və şagirdlərin qarşısında yeni imkanlar yaradır. Alman dilli ədəbiyyatla zəngin kitabxana, fənn kabinetləri, Almaniya ilə yaradılmış tədris əlaqələri bu imkanların tərkib hissəsi hesab edilə bilər. Onlar milli və bəşəri dəyərlərin sintezindən ibarət sistem yaratmaqla, qlobal düşünən, milli-mənəvi dəyərlərə ehtiramla yanaşan, yaradıcı, intellektual gənclər yetişdirməyi hədəfləyirlər. Məqsəd yalnız xarici dili öyrətmək deyil, milliliyi saxlamaqla mədəniyyətlərə inteqrasiya, bəşəri dəyərlərin dərkinə yol açmaqdır. Əslində bu təhsil ocağının yaranışından ali məqsədi məhz bundan ibarət olub. Sovetlər dönəmi məktəbin fəaliyyətini öz ideoloji istiqamətinə uyğunlaşdırsa da, Ukraynanın müstəqillik dönəmi məktəbin simasına yenidən milli koloriti qaytarıb.

Bu gün 28 nömrəli məktəbdə Ukraynanın milli bayramlarının, qəhrəmanlarının anım günlərinin, Ukrayna tarixinin faciəli və əlamətdar hadisələrinin qeyd olunması, yazıçı, aktyor, elm, mədəniyyət xadimləri ilə görüşlərin, Şevçenko, Andreyevski gecələrinin, Analar gününün, hər il 19 dekabrda məktəb gününün keçirilməsi, Lvov teatrlarına, muzeylərə, tarixi məkanlara səfər edilməsi, xorların dinlənilməsi İvan Lozenkonun təbrincə desək, məktəblilərin mənəvi dünyasının, estetik zövqünun, milli özünüdərk hissinin formalaşması üçün əsasdır. Məktəbdə mütəmadi olaraq xalq adət-ənənələrinin, xalq sənətkarlığının tədqiqinə həsr olunan müsabiqələr şagirdlərin fəal iştirakı və sonsuz maraqları ilə müşaiyət olunur. Onlar bu kimi müsabiqələrdə tədqiqat aparır, öyrənir, bacarıqlarını inkişaf etdirir, öyrədir, xalq ruhunun, mənəviyyatının yaşadığı adət-ənənələrin təbliğatçısına çevrilir, onun əbədiyaşarlığına öz töhfələrini verirlər. “Nikolay sizi unutmayacaqdır”, “Həyat ağacı”, “Yaxşı uşaqlar” adlı ümumməktəb tədbirləri ehtiyacı olan insanlara kömək məqsədi daşıyır və şagirdlərin diqqətini digər insanların ehtyaclarına yönəldir. Bu da öz növbəsində şagirdlərin xeyirxahlıq hisslərinin formalaşmasına yol açır. Ümumiyyətlə, Lozenko qeyd edir, məktəbdə şagird özünüidarəsinə xüsusi önəm verilir. Maraqlıdır ki, şagirdlər məktəb şurasının işinə qoşulur, öz arzu və istəklərini, problem və qayğılarını birbaşa pedaqoji kollektivin bütün üzvləri qarşısında qaldırmaq imkanı əldə edirlər. Bütün bunlar şagirdlərin cəmiyyətə müasir dünyanın tələbləri səviyyəsində adaptasiyası üçün əsasdır.

Məkbətin beynəlxalq əlaqələrinə də xüsusi diqqət və proqram əsasında yanaşılır. Məktəbin beynəlxalq əlaqələrinin əsası uzun illər əvəllərdən qoyulub. Ukrayna müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da intensivləşdirilib. Ümumiyyətlə, Ukraynanın digər məktəblərində də beynəlxalq əməkdaşlığa önəm verilir, bu sferada geniş işlər həyata keçirilir. Məlum olduğu kimi, Lvov məktəbləri Azərbaycan məktəbləri ilə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” beynəlxalq əməkdaşlıq layihəsində birləşərək intensiv təcrübə mübadiləsi aparmaqdadırlar. 1990-cı ildən məktəbin pedaqoji kollektivi və şagirdlər Almaniya Federativ Respublikasının, Fransanın, İsveçrənin, Rumıniyanın orta məktəbləri, gimnaziyaları, liseyləri ilə təcrübə mübadiləsi həyata keçirirlər. Bu, Avropa təhsilinə, mühitinə inteqrasiya üçün ən gözəl vasitədir. Biz bunu illər öncə başlamışıq, deyə İvan Lozenko vurğulayır. Flayburq şəhərindəki Höte gimnaziyası, Rumıniyanın Satu-Mare şəhərindəki alman liseyi və digər təhsil ocaqları 28 nömrəli məktəbin tərəfdaşlarıdır. Müəllim, şagird, təcrübə mübadiləsi tərəfdaş məktəblərin hər biri üçün yeni perspektivlər yaradır.

Bu gün Lvovun qabaqcıl təhsil ocaqlarından hesab edilən 28 nömrəli məktəb, İvan Lozenkonun sözləri ilə desək, görkəmli məzunları ilə qürur duyur. O, məzunlardan bəzilərinin-Ukraynanın xalq artisti Boqdan Stupkanın, Ukrayna Milli Elmlər Akademiyasının akademiki İvan Kitikin, akademiyanın müxbir üzvü Qeorqiy Sulimin, İvan Franko adına Lvov Milli Universitetinin prorektoru Zvenislava Maçurun, Ukrayna Milli Akademik Dram Teatrının artisti Orest Qardanın, Nazar Striqunun, diplomat Oleq Mirusun, Lvov tele-radio şirkətinin məşhur aparıcısı Roman Lemexanın, Ümumukrayna alman dili olimpiadasının qalibi Lyubomir Zubritskinin, rəssam Ostap Patıkın, Violetta Radomskayanın,  Ulyana Vanivskinin,  qrafik Ustina Sorokanın, yazıçı Yaroslav Bedranın, şair-tərcüməçi İvan Luçukun  adlarını çəkərək onların Ukraynanın ictimai-siyasi, mədəni, elmi həyatındakı rollarını yüksək səviyyədə səciyyələndirir.

Biz məktəbdən İvan Lozenkonun verdiyi məlumatların, təhsil ocağı ilə tanışlığın zəngin təəssüratı ilə ayrıldıq. O, bizi yola salmaq məqsədilə məktəbin yaşı yüzdən artıq olan giriş qapısını açmaq üçün elə bir o qədər yaşı olan açarı dəmir seyfdən çıxardı. Bu açar və qapı 28 nömrəli məktəbin ən qiymətli tarixi hissələrindən biridir. Başda Lozenko olmaqla bu tarix bu gün burada böyük əzmlə qorunur, yeni tarix yazılır, ənənə gələcək nəsillərə etibarlı şəkildə ötürülür…

Böyükağa MİKAYILLI

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*