Əsas menu

DİQQƏT!-50 manat cərimə oluna bilərsiniz 

Payız-qış aylarında gün tez batır. Bu səbəbdən də avtomobil sürücüləri günün qaranlıq hissəsində daha çox avtomobil idarə etməli olurlar. Avtomobilin gecə saatlarında idarə edilməsi isə işıq cihazlarının işlək vəziyyətdə olmasını tələb edir. Amma bəzi sürücülər iddia edir ki, avtomobilin iki işığından ən azı biri saz vəziyyətdədirsə, avtomobili idarə etmək olar. Yəni, buna cərimə tətbiq olunmur.

Oxu.Az xəbər verir ki, Sputnik Azərbaycan məsələni mütəxəssislərdən soruşub.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, işıq cihazlarının hər biri saz vəziyyətdə olmalıdır: “Bütün işıq cihazları günün vaxtından asılı olmayaraq işlək vəziyyətdə olmalıdır. Amma yolda bu hal baş verərsə, mənzilə çatmaq üçün imkan varsa, sürücü yolun sağı ilə aşağı sürətlə hərəkət edə bilər. Zərurət yaranarsa, mütləq şəkildə avtomobili yolun kənarına çəkərək saxlamalıdır. Bir sözlə, sürücü nasaz avtomobili ilə başqalarına maneə yaratmaqdan çəkinməlidir”.

“İşıq cihazları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Əksər sürücülər standartlardan kənar işıq faralarından istifadə edirlər. Xüsusilə, son vaxtlar istifadə olunan ksenon lampaları buna misal göstərmək olar. Bunlar da yol hadisələrinə səbəb olan hallardan biridir”, – deyə Muradlı əlavə edib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin tələblərinə əsasən, işıq siqnallarından hər hansısa biri işləmirsə, bu, avtomobilin texniki nasazlığı kimi qeydə alınır və 50 manat cərimə nəzərdə tutulur: “Belə avtomobil mütləq istismardan uzaqlaşdırılmalıdır. Gündüzlər bu nasazlıq bilinməsə də, gecələr aydın görünür və polis bu hallarda sürücünü cərimə edir. Eyni zamanda, avtomobili istismardan uzaqlaşdırır. Qanunvericilikdə bu haqda yazılmayıb ki, polis əməkdaşı sürücünün avtomobilini cərimə meydançasına aparmalıdır, yoxsa sadəcə, istismarını dayandırmalıdır. Avtomobil ya evakuator vasitəsi ilə evə, ya ustaya, ya da cərimə meydançasına aparılmalıdır. Hər halda yolun kənarında qalmalı deyil”.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər işıqlarda problem yaranarsa və sürücü bu nasazlığı aradan qaldıra bilməzsə, nəqliyyat vasitəsini idarə etməkdə davam edirsə, əlbəttə, o sürücü inzibati məsuliyyətə cəlb olunur və onun nəqliyyat vasitəsi idarəetmədən kənarlaşdırılır: “Amma avtomobildə qabarit işıqlar yanırsa, yaxın işıq yanmadan belə, müəyyən yaxın ünvana kimi az sürətlə, yolun sağında sürmək olar. Amma ən təhlükəlisi, avtomobilin heç bir işığının yanmamasıdır”.

“Bütün işıqları işləməyən avtomobilin hərəkəti yol polisi tərəfindən məhdudlaşdırılır və həmin yol ətrafında avtomobili saxlamaq üçün təhlükəsiz yer yoxdursa, mühafizə olunacaq sığınacağa aparılır”, – deyə Kamran Əliyev əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə görə, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə sürücü 50 manat cərimə oluna bilər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*