Əsas menu

Avstriyanın hakim partiyası müxalifət fəaliyyətinə hazırlaşır 

Oktyabrın 15-də keçirilən növbədənkənar parlament seçkilərində məğlub olan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) müxalifət düşərgəsindəki siyasi fəaliyyətin istiqamətlərini müəyyənləşdirmək üçün ikigünlük qapalı iclaslar keçirir. 

Bizimxeber.az xəbər verir ki, noyabrın 13-14-də keçirilən iclaslarda əsas məqsəd növbəti seçkilərədək sosial-demokratların müxalifət düşərgəsindəki mövqeyini və təmsil edəcəyi siyasi kursu dəqiqləşdirmək, itirilmiş elektoratı geri qazanmaq yollarını araşdırmaq, eləcə də partiyanın rəhbər və regional strukturlarındakı yeni təyinat və yerdəyişmələri nəzərdən keçirməkdən ibarətdir.

İkinci Dünya müharibəsindən sonra cəmi altı il istisna olmaqla daim koalisiyalı hökumətdə təmsil olunan və ya hökuməti təkbaşına təşkil edən Avstriya sosial-demokratları üçün ana müxalifət partiyasına çevrilmək asan prosesə bənzəmir.

Partiya sədri, hazırkı federal kansler Kristian Kern mətbuata verdiyi açıqlamada bildirib ki, ən mühüm məqam partiyanın geniş kütləni təmsil edən əsl xalq partiyası olaraq qala bilməsidir. Partiya daxilində sağçı və solçu meyillərlə bağlı münaqişənin olmadığını bildirən K.Kern əsas hədəflər sırasında ötən seçkilərin intensiv analiz ediləcəyini və yeni seçicilər qazanmaq üçün zamanın tələbinə uyğun fəaliyyət proqramının hazırlanacağını qeyd edib.

SPÖ-nün parlament seçkilərində məğlub olan və parlamentə düşə bilməyən Yaşıllar Partiyasının seçicilərini özünə tərəf çəkmək barədə iddiaları rədd edən partiya sədri onun partiyasının əvəzedici heyət olmadığını, öz ideologiyası və elektoratına sadiq qaldığını, bununla belə bir sıra yeni mövzu və ideyaları öz siyasi proqramlarına daxil edəcəklərini də vurğulayıb.

Qeyd edək ki, SPÖ oktyabrın 15-də keçirilən növbədənkənar parlament seçkilərində 26,9 faiz səs yığaraq ikinci yer tutub. Seçkilərdə qələbə qazanan Avstriya Xalq Partiyası (ÖVP) yeni hökuməti təşkil etmək üçün danışıqları koalisiyada olduğu SPÖ ilə deyil, seçkilərdə 25,9 faiz səslə 3-cü yer tutmuş sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) ilə aparır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*