Əsas menu

Araşdırma yazıları nədir və necə yazılmalıdır? – SORĞU 

Son zamanlar özlərini araşdırmaçı jurnalist kimi, tədqiqatçı jurnalist kimi qələmə verənlərin sayı sanki yağışdan sonra meşədə ağacların dibindən çıxan göbələklərin sayı qədər çoxalıb.

Əslində Azərbaycanın media mənsubları, həmçinin oxucular araşdırmaçı jurnalistləri yaxından tanıyır və onların yazılarını oxuyurlar. Sadəcə özlərini araşdırmaçı, tədqiqatçı jurnalist kimi qələmə verən həmkarlarmızın peşəkar, necə deyərlər, qələmləri qılıncdan iti, qələmindən süzülən sözləri daşdan keçərli olan araşdırmaçı jurnalistləri bəyənməməsi, onlara istehza və lağ etməsi bizi ölkə mediasının bəzi nümayəndələri arasında sorğu keçirtməyə məcbur etdi. Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı jurnalistlərə aşağıdakı sualları ünvanlayıb:

1. Araşdırma yazıları deyəndə nəyi başa düşürsünüz?

2. Araşdırma yazılarının yazılması üçün nələr tələb olunur?

3. Azərbaycanın elektron və yazılı KİV-ləri araşdırma yazılarına və onların müəlliflərinə necə qiymət verilir?

Artıq sorğumuzda xeyli jurnalist iştirak edib. Onların cavabları hissə-hissə saytımızda dərc olunacaq.
Sorğumuzun iştirakçılarının cavablarını ictimaiyyətə, oxucularımıza təqdim etməzdən əvvəl sorğuyla bağlı öz fikirlərimizi də yazmaq məcburiyyətində qaldıq.
Bəzi həmkarlarımız iddia edirlər ki, araşdırma, təhlil və tədqiqat yazıları tamamilə fərqli şeylərdir. Əslində həm onların hər üçü, həm də analitik yazılar mahiyyətcə eyni funksiyanı dayışır. Bu cür yazılara Keçmiş SSRİ dövründə tədqiqat, Azərbaycanın müstəqillik qazandığı ilkin illərində analitik, sonrakı bir neçə ildə təhlil, son illərdə isə araşdırma yazıları deyilib. Bir sözlə, hazırda «araşdırma» ifadəsi daha çox məşhurdur. Bəs «araşdırma yazıları» deyiləndə nələr, «araşdırmaçı jurnalist» deyiləndə kimlər nəzərdə tutulur? 2003-cü ildən üzübəri araşdırma yazıları yazdığım üçün öz təcrübəmə əsaslanaraq bəzi məqamları açıqlamaq istəyirəm. Araşdırma yazısında hər hansı bir məsələ ilə bağlı təhlil aparılır, statistik məlumatlardan istifadə edilir, son nəticələr göstərilir və təkliflər verilir. Məsələn, tutaq ki, belə bir məlumat yayılıb ki, Bakının Nəsimi rayonunda şagirdlərin 30 faizinin dərsə davamiyyəti 50 faiz azalıb. Araşdırma yazısında bu problemi yaradan səbəblər və çıxış yolları göstərilməlidir. Yazının müəllifi araşdırmalıdır ki, Nəsimi rayonunda nə qədər orta məktəb var, bu təhsil müəssisələrində nə qədər şagird təhsil alır, hansı məktəblərdə nə qədər şagird dərsə gəlmir. Bu, araşdırma yazısında problemin qoyuluşu olur. Təbii ki, bu məsələni araşdırmaq üçün Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin, Nəsimi rayon Təhsil Şöbəsinin statistik məlumatlarından istifadə olunmalıdır. Əgər belə bir statistika yoxdursa, araşdırmanı yazan adıçəkilən qurumların rəsmiləri ilə əlaqə saxlamalı və onlardan lazımi statistik məlumatları əldə etməyə çalışmalıdır. Problemi yaradan səbəbləri üzə çıxartmaq üçün dərsə davamiyyətin azalması səbəbləri də araşdırmalıdır. Yəni, həmin səbəblər arasında istiliklə təchizatın aşağı olması, yaxud, istilik sisteminin işləməməsi üzündən sinif otaqlarının soyuq olması, şagirdlər arasında bəzi infeksion və yoluxucu xəstəliklərin yayılması, şagirdlərlə bəzi müəllimlər arasında münasibətlərin kəskinləşməsi və sair kimi məsələlər ola bilər. Araşdırmanı yazan dəqiq səbəbləri şagirdlərlə, valideynlərlə, müəllimlərlə və direktorlarla danışmaqla və onların fikirləri əsasında dəqiqləşdirə bilər. Bu prosesdən sonra araşdırma yazısının konkret nəticələri bəlli olur. Sonrakı mərhələ problemin aradan qaldırılması üçün təkliflərin verilməsidir ki, bu, jurnalistin öz istəyindən asılıdır. Ola bilsin ki, jurnalist araşdırmasında öz təkliflərini irəli sürsün, yaxud da ekspertlərin, mütəxəssislərin və aidiyyəti üzrə dövlət qurumlarının rəsmilərinin mövqelərini öyrənməklə araşdırma yazısını yekunlaşdırsın.
Araşdırma yazısı təkcə problemli məsələ barədə deyil, digər mövzular üzrə, məsələn, hər hansı bir sahə üzrə inkişafa da aid edilə bilər. Tutaq ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı araşdırma yazısını götürək. Bu yazıda sözügedən layihənin tarixi, görülən işlər, çəkilən maliyyə xərcləri, dəmiryolunun uzunluğu və xəttin keçdiyi ölkələrə düşən pay üzrə statistik məlumatlar və izahedici materilalar göstərilməlidir. Bu dəmiryolunun həm Azərbaycan, həm də onun keçəcəyi ölkələrin sosial-iqtisadi inkişafında hansı rolu oynaması, gələcək perspektivlər məsələsi də araşdırma yazılarının son hissəsi olmalıdır. Təbii ki, bu yazıda da ekspertlərin, mütəxəssislərin və rəsmi qurumların nümayəndələrinin fikirlərindən, təklif və tövsiyyələrindən istifadə edilməli və ortaya konkret nəticə qoyulmalıdır.
Bəzi həmkarlarım iddia edirlər ki, ekspertlərin, mütəxəssislərin və rəsmi qurumların nümayəndələrinin açıqlamalarının, onlardan öyrənilən məlumatların, statistik göstəricilərin qeyd olunduğu yazılar araşdırma yazıları deyil və jurnalist araşdırma yazısını sərbəst şəkildə yazmalıdır. Onda belə çıxır ki, həmin jurnalist araşdırma yazacağı sahəni ekspert, mütəxəssis və ya dövlət qurumunun rəsmisi qədər, yaxud, onlardan daha yaxşı bilir, hərtərfli məlumatı var. Əgər belədirsə, həmin jurnalist nədən ekspert və ya mütəxəssis kimi, yaxud, o sahə üzrə müvafiq dövlət qurumunda hər hansı bir vəzifədə işləmir? Araşdırmaçı jurnalistin hər hansı bir sahə üzrə kifayət qədər məlumatı ola bilər. Amma bu o demək deyil ki, onun savadı, biliyi həmin jurnalisti ekspert, mütəxəssis kimi qələmə vermək üçün kifayət etsin.
Bəzi həmkarlarım redaksiyalara ünvanlanmış şikayət məktublarının, ərizələrin və müraciətlərin araşdırması nəticəsində yazılmış məqalələri də araşdırma yazıları kimi təqdim edirlər. Ancaq bu, belə deyil. Çünki yuxarıda dediyim kimi araşdırma yazısında problem, problemi yaradan səbəblər, problemin həlli yolları araşdırılmalı, nəticələr ədə olunmalı və təkliflər irəli sürülməlidir. Üstəlik, araşdırma yazısı bir və ya bir neçə nəfərin problemi üzərində qurulmalmalıdır.

Tahirə Qafarlı

“Versus.az” saytının baş redaktoru

– Azərbaycan cəmiyyətində araşdırma jurnalistikası ölkədə cərəyan edən bütün fəaliyyət istiqamətlərinin ümumi inkişaf tempinə adekvatdır. Cəmiyyət öz tələb və təklifinə uyğun olaraq özünə bənzər araşdırmaçı vasitəçilərini – jurnalistlərini də formalaşdırıb. Əgər bu gün jurnalistika fəaliyyəti özünün əsl mahiyyətini itiribsə, araşdırmaçılıq da buna uyğun olaraq zəifdir. Nəinki jurnalistikada araşdırmanın aparılması, ümumiyyətlə onun adi mahiyyəti belə düzgün qavranmır. Bu gün daha çox müşahidə olunan sadəcə xəbər yazmaq, məlumat vermək də jurnalistikanın məqsədi deyil. Jurnalist toxunduğu mövzuları ilə cəmiyyətdə ictimai fikri formalaşdırmalıdır. Bu prosesin özü də çox zəif və səthi aparılır. Bu baxımdan hesab edirəm ki, əgər bu gün hər hansı bir jurnalist öz mövzuları ilə gizlinləri ortaya çıxarıb, problemlərin həllinə yönəlik ictimai fikri formalaşdıra bilirsə, bu, müsbət haldır və araşdırmaçı ola bilər. Əgər mövzu jurnalist tərəfindən hədəfə alınaraq, sona qədər öz missiyasını yerinə yetirərək tərəflər arasında əlaqələri yaratmaqla ətraflı müzakirlər aça bilirsə, bu da araşdırma hesab oluna bilər. Eləcə də sosial problemlər, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı işləyən çox az sayda jurnalistlər var ki, onlara da araşdırmaçı demək olar. Araşdırmaçı jurnalist dedikdə, bir çoxları təssəvvürlərində “arxeoloq” canlandırır, bir çoxları “kəşfiyyatçı”, bir çoxları isə “Ceyms Bonn”u təsəvvür edirlər. İstənilsə, bu da ola bilər. Amma cəmiyyət özünə uyğun öz xəbərçisini və araşdırmaçısını yetişdirib.
Araşdırmaçı jurnalist – cəmiyyətin diqqətindən yayınıb qaranlıqda, gizlində qalanları üzə çıxaran, ən əsası ortaya çıxardığı hər hansı mövzuları ictimaiyyətə doğru-düzgün çatdırmaqla problemi gündəmdə saxlayıb onun ətrafında ictimai fikir yaratmağı, səbəbləri açmağı bacarandır. Araşdırmalar cəmiyyətin bütün fəaliyyət istiqamətlərində – mədəniyyətdən tutmuş sosial, iqtisadi, ictimai, siyasi, tarixi və sair sahələrdə aparıla bilər. Sosial yazarın apardığı araşdırma işlədiyi problemin – mözunun strukturuna uyğun olaraq sosial sfera və idarəçi strukturlar arasında əlaqələndirici bir vasitə olaraq mərkəzdə dayanmağı bacarıb, tərəflər dialoqa gələnə qədər çoxsahəli bir fəaliyyət ortaya qoyur. Araşdırmaçı müsbət bir nəticəyə hasil olmaq üçün işlədiyi problemi ətraflı şəkildə təhlil etməyi bacarmalı və güclü məntiqə, bilgiyə sahib olmalıdır. Təbii ki, o, bu bilgini “kosmosdan” deyil, məhz yerdə mövzuya aid olan insan və strukturlardan öyrənə bilər. Araşdırmalar insanların, onların yaşadığı məkanın, ərazinin daxilində aparılacaq. Bu, o demək deyil ki, həmin çevrədən kənara çıxa bilməz. Xeyr, problem, mövzu nə qədər genişdirsə, onun arientasiyası da o qədər geniş olacaq. Bu mənada araşdırmaçıya birinci cəsarətli ürək, iti qələm və xarakter lazımdır, daha sonra məqsəd və bilgilər. Təbii ki, araşdırmaçı yazar fəaliyyəti zamanı elə bir maddi imkana sahib olmalıdır ki, işləyərkən qonorar haqqında düşünməsin. Araşdırmaçının öz işini uğurla yerinə yetirməsi üçün onun işlədiyi cəmiyyət informasiya ötürməyə açıq olmalıdır. Əks təqdirdə uğurlu nəticə gözləmək əbəsdir. Ona görə də hesab edirəm ki, jurnalist araşdırmacılığı da bizim media cəmiyyətinə bənzəyir.
Onu da əlavə edim ki, Azərbaycan mediasında bir “çərçivə” mühiti var. Mediamız yeksənəkdir. Maraqlı yazılar, problemli mövzuların ortaya çıxarılması və ictimai fikrin həmin məsələyə yönəldilməsi ilə bağlı çox az iş ortaya qoyulur. Sanki elektron və yazılı medialar ictimaiyyətin deyil, öz redaktorlarının istəklərinə və xarakterinə görə formalaşıb. Milli-mənəvi dəyərlərin qorunması, sosial vəziyyəti müəyyən edən strukturların, fərdlərin problemləri gündəmə gətirlmir. Unudulur ki, bu məsələlərin həlli ümumilikdə cəmiyyətin, sosial-ictimai sferanın öz hüquqlarını tanımasına və haqqı pozan məmurların düzgün fəaliyyətinə stimul verməklə ümumən ölkənin inkişafına xidmət edə bilər. Mediada sosial məsələlərin işıqlandırılması çox zəifdir. Hamı bir-birini təkrar edir və yalnız quru məlumatlar verməklə məşğuldur. Bu, nəinki araşdırma, heç adi jurnalist fəaliyyəti kimi də dəyərli deyil. Biz “Versus.az” saytı olaraq müəyyən araşdırma yazılara önəm verir və birinci növbədə hər hansı məsələ ilə bağlı ictimai fikri oyatmağa çalışırıq. Qısa fəaliyyətimiz dövründə bir çox sahələr üzrə ictimai fikri formalaşdıra bilmişik. Bu, istər mədəniyyət, sosial, istər, cəmiyyət, siyasət, istərsə də tarixi mövzularda ifadə olunub.

Ədil Hüseynli

“Bizimxeber.az” xəbər portalının baş redaktoru

– Ümumiyyətlə, araşdırma geniş janrdır. Bütün sahələrdə araşdırma mövzüları olur. Bu, daha çox vaxt aparan, sənədlər əldə etmək və müəyyən nəticəsi olan bir işdir. Dünyada aylarla, illərlə sürən elmi, texniki araşdırmalar aparılır. Amma söhbət konkret KİV-də araşdırmadan gedirsə, deməli, burda müəyyən bir ipucu məlumat, fakt olur və onun araşdırmasına başlayırsan. Araşdırma janrı daha çox cəmiyyətdən gizli saxlanılan, qapalı qalan mövzulara baş vurmaq və sənədləri üzə çıxarmaqdır. Araşdırma 1 saat da vaxt ala bilər, 1 il də və daha çox. Adətən daha çox vaxt alan bir işdir. Araşdırmaçı jurnalist sənədlərlə işləməyi ustalıqla bacarmalıdır. Jurnalist araşdırma apararkən daha diqqətli olmalıdır. Jurnalistin apardırması ilə müstəntiqin apardığı istintaq araşdırmasını qarışdırmaq olmaz. Bu, KİV-də araşdırmanın ən vacib tərəfidir. Jurnalist ona qanunların imkan verdiyi qədər araşdıra bilər. Diğər məqamlar ortaya çıxarsa, hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Araşdırma zamanı içtimaiyyət üçün təhlükəli hesab edilən, aqressiya yaradan, psixoloji problemlərə səbəb olan məlumatları yaymaq yolverilməzdir. Yəni, nəticədə konkret aqressiya deyil, gizli qalan tərəfləri sənədlərlə ortaya qoymaqdır. Ola bilər ki, saytın və ya qəzetin rəhbəri araşdırma işini yaxşı bacaran, geniş əlaqələrə malik olan araşdırmaçı hesab etdiyi jurnalistə hansısa mövzunun araşdırılmasını tapşırsın. Həmçinin bu, sifarişli də ola bilər. Dünyada sifarişli araşdırmaçı jurnalistlər var və onların aylarla ərsəyə gətirdiyi yazı ciddi müzakirələrə səbəb olur. Həmçinin dünyada öldürülən jurnalistlərin əksəriyyəti araşdımalarının qurbanı olub. Bir qayda olaraq jurnalist araşdırması üçün ilk növbədə zaman, maliyyə, daha çox məlumat, əlaqələr, səbr, sənədlərlə işləmək bacarığı, gizlilik və peşəkarlıq lazımdır. Hesab edirəm ki, Azərbaycan mətbuatında ciddi araşdırma ilə məşğul olan jurnalistlər olub və indi də var. KİV-lərdə araşdırma yazıları 5-10 il əvvəl daha çox idi. Sosial araşdırmalar daha çox olurdu. Təssüflər olsun ki, hazırda bəziləri reportajla araşdırmanı səhv salıblar. Reportaj janrında da müəyyən araşdırma incəlikləri var. Amma reportaj araşdırma deyil. Bu gün araşdırma sifariş verən KİV-lər çox azdır, amma var. Araşdırmaçı jurnalistlər var ki, özləri hansısa mövzunu araşdırmağa başlayır və müəyyən yerdə bitirir. Çünki, daha çox davam etməyə həm maliyyə imkanları yetmir, həm də müəyyən səbəblər mane olur. Ümumiyyətlə, sifarişli araşdırma yazılarının azalmasının əsas səbəbi maliyyə imkanlarının zəif olması, reklam bazarının hələ də formalaşmamasıdır. Həmçinin KİV-lərdən gələn sifarişin az olmasıdır. Hər bir KİV rəhbəri istəyər ki, onun qəzetində və ya saytında geniş rezonasa səbəb olan araşdırma yazısı olsun. Araşdırmaçı jurnalistlərə münasibət heç zaman birmənalı olmayıb. Onlar daha çox məmurların xoşuna gəlməyiblər. Peşəkar juralistika ilə məşgul olan, maliyyə imkanları dayanıqlı olan baş redaktorlar araşdırmaçı jurnalistləri öz redaksiyalarında saxlamalı və onlara dəstək olamldırlar. Araşdırmaçı jurnalistlərə həmişə ehtiyac olub və bundan sonra da olacaq.

Elgün Mənsimov

“AzNews.az” informasiya portalının əməkdaşı

– Mənə görə, araşdırma jurnalistikanın ən böyük, ən məsuliyyətli və ən çətin bölümüdür. Araşdırma yazılar deyəndə ilk növbədə jurnalist peşəkarlığı göz önünə gəlir. Yəni, jurmalist peşəkar deyilsə, heç cürə araşdırma yazı ortalığa qoya bilməz. Araşdırma yazı nə deməkdir? Bu, mənə görə ilk növbədə dəqiq və anlaşılan üslubu, fakt bolluğu, məntiqi ardıcıllığı, istintaqı və yekunda nəticəsi olan bir yazıdır. Araşdırma yazan jurnalist qərəzə, tərəfə yol verməməlidir. Müstəqil mövqe sərgiləməli, tərəflərin hər birinə yer verməli, sanballı faktlar tapmalıdır. Bü cür yazılar yazan jurnalist vaxtı deyil, faktı qovmalıdır. Yəni, istədiyi nəticəni alana qədər lazım gəlsə 1 ay, 1 il gözləməlidir. Deməli, araşdırmaçı jurnalist həm də səbrli olmalıdır. Bu cür yazıları ortalığa çıxarmaq üçün ilk növbədə jurnalistə sərbəstlik verilməlidir.
Təəssüflər olsun ki, bu gün Azərbaycanın elektron və yazılı KİV-lərində araşdırma yazılara çox nadir hallarda rast gəlirik. Təbii ki, bunun bir sıra subyektiv və obyektiv səbəbləri var. Əsas şərtlərdən biri maliyyədir. Bir çox media orqanları əziyyətlə başa gələn məqalələrə, araşdırmalara görə jurnaist əməyini doğru qiymətləndirmir. Belə olduqda, jurnalist də bu cür yazılar işləməkdə maraqlı olmur. Düşünür ki, onsuz da aldığı maaş və ya qonorar dəyişməyəcək.
Ümumiyyətlə, Azərbaycan mediasında belə bir tendensiya dəb halını alıb, bir yazıda ekspertlərin mövqeyi çoxdursa, yazının həcmi böyükdürsə, onu araşdırma yazı kimi təqdim edirlər. Belə olmamalıdır, hər hansı bir hadisə fonunda ekspertlərin dedikləri sadəcə fikirdir, nəticə etibarilə maarifləndirmədir. Yəni, ortalıqda konkret bir iş, hərəkətlənmə, nəticə yoxdur. Araşdırma yazının təsir gücü, şok effekti və ya tapıntısı olmalıdır. Eyni zamanda, müqayisə də vacib şərtlərdəndir. Nəhayət, bu yazı bir nəticə ilə bitməlidir. Yəni “bu yazı ilə nəyə nail oldum?” – deyə, jurnalist özünə sual verməli, cavabında da qürur duymalıdır.
Hələ bir neçə il əvvəl Türkiyədə dərc olunan “Ekoavrasiya” jurnalında Aral gölünün niyə quruması ilə bağlı bir araşdırma məqalə oxumuşam. Həmin məqalə o qədər sanballı, peşəkarcasına hazırlanmışdı ki, oradan əldə etdiyim faktlar, öyrəndiyim məlumatlar hələ də yaddaşımdadır. Deməli, araşdırma yazının bir əsas nəticəsi də yaddaşda qalmasıdır. Uzun illər oxucunun yaddaşında qalmırsa, heç bir məqaləyə araşdırma deyə bilmərik.

Sevda Əsgərova

“Millətçilik” qəzetinin redaktoru

– Araşdırma yazıları mövzunu əvvəldən sona kimi hərtərəfli, müxtəlif mənbələrdən araşdırmaqdır. Araşdırmada 1 mənbə bəs eləmir və araşdırmanın müddəti də qısa olmur. Bəzən 1 həftə, bəzən 1 ay lazım olur araşdırmanı tam bitirmək üçün. Bəzən isə aylarla davam edir proses. Araşdlrmada mütləq qeyri-rəsmi mənbələrlə bərabər rəsmi mənbələrə də istinad olunmalıdır. Araşdlrma materialı üçün sənədlər, ərizələr, fotoşəkillər, audio və videomateriallar tələb olunur. Dövlət orqanlarının yazılı, möhürlü sənədləri, arxiv materialları, keçmişə dair qəzet materialları tələb olunur. Canlı şahidlərin olması da şərtdir. Mənbə nə qədər çox olarsa, araşdırma bir o qədər dolğun olar. Son dövrlərdə çox az sayda araşdırma yazısı ilə qarşılaşıram. İstər elektron, istərsə də yazılı KİV də sanki araşdlrmalardan qaçırlar. Bunun səbəbləri müxtəlifdir və ona toxunmaq istəmirəm. Çoxumuz bilirik səbəbləri. Amma araşdırma yazılarını indi barmaqla sayılan jurnalistıər yazır. Bir vaxtlar araşdlrma yazan jurnalist kimi bunu əminliklə deyirəm ki, hazırda araşdırma yazıları çox az yazılır.

Samirə Səfərova

“Bakı Xəbər” qəzetinin baş redaktor müavini

– Araşdırma yazıları əslində bu gün mətbuatın ən çox zərurət duyduğu və təəssüf ki getdikcə az rast gəlinən janrdır və adından da göründüyü kimi, cəmiyyəti maraqlandıran aktual mövzuların dərindən araşdırılaraq mahiyyəti üzrə oxucuya çatdırılmasına xidmət edir. Üstəlik, bu zaman müəllifin məsələyə öz baxışından daha çox sahə üzrə ekspert baxışlarına geniş yer verilməlidir. Belə yazılar yazılan zaman ilk növbədə faktların dürüstlüyünə diqqət yetirilməli, tərəfsiz dəyərləndirmə əsas götürülməlidir. Qeyd etdiyim kimi, araşdırma bu gün mətbuatımızın çox böyük zərurət duyduğu məsələdir. Amma təəssüf ki hazırda saytlar və qəzetlər daha çox xəbər dalınca qaçır, bu sahəyə önəm vermirlər.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri,
www.azim.az internet portalının baş redaktoru

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*