Bizimxeber.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, ölkə başçısı Nazirlər Kabinetini əsaslı surətdə tələblərə uyğun yeniləyir və çevikləşdirir:
“Kadr islahatları ilə yanaşı, struktur islahatları da aparılacaq. Bu bürokratik aparatın yenilənməsi və daha çevik idarəetmə mexanizmlərinin yaradılması deməkdir. 2017-ci ilin əvvəllərindən başlayan bu proses ölkənin kadr potensialı istiqamətində bir çox sahələri əhatə edib. Yəni bir sıra nazirlər vəzifədən uzaqlaşdırılıb, bir sıra nazirlik və komitələr isə birləşdirilib. Bu proses davam edəcək. Bununla yanaşı, növbəti ildə Nazirlər Kabinetində bir sıra şöbə rəisləri də istefaya göndəriləcək. Yaxın aylarda Nazirlər Kabinetinin başçısının da dəyişəcəyini düşünürəm. Çünki cavan və dövrün tələblərinə uyğun kadrların iş başına gətirilməsi idarəetmənin vacib şərtlərindən biridir. Bütün bunları nəzərə alsaq, Nazirlər Kabineti ilə başlayan islahatların yerli hakimiyyət orqanlarında davam edəcəyini söyləmək olar. Yəni bir sıra icra başçılarının da dəyişəcəyi gözləniləndir. Bütün bunlar ölkənin kadr aparatının sürətlə yeniləndiyinin göstəricisidir”.
Q.Hüseynli bu prosesin gələn il daha da sürətlənəcəyini və nəticə etibarilə bir sıra nazirlik və komitələrin səlahiyyətlərinin ASAN idarəetmə qurumuna veriləcəyini bildirib: “Bu gün Azərbacan üçün ən vacib məsələ səmərəli idarəetmə strukturlarının formalaşdırılmasıdır. Aparılan islahatların əsasını da məhz bu, təşkil edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.