Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezidentə məlumat verib ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alınıb. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açır.
Birinci vitse-prezidentə məlumat verilib ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada “Azərbaycan filmləri” həftələrinin də keçirilməsi planlaşdırılır.
Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verib.