Bildiyimiz kimi teatr hər bir ölkənin, şəhərin mədəni həyatında böyük yer tutduğu kimi hər bir insanın da həyatında önəm daşıyır. Hər bir şəhərdə teatrın nə səviyyədə olması onun mədəni həyatının göstəricisidir.
Teatr həm də cəmiyyətin aynasıdır. Hər bir teatr  tamaşası əslində bir bayramdır. Teatr elə bir sirli məkandır ki, onun qapısından daxil olan kimi möcüzəli xoş bir atmosferə düşür adam. Teatrın olmaması, insanların teatra getməməsi həmin cəmiyyətin mənəvi boşluğudan xəbər verir.
Sumqayıt, əhalisinə görə Bakıdan sonra ölkənin ikinci böyük şəhəri olsa da təkcə elə teatrına görə daha çox əyaləti xatırladır. Şəhərdə avtobuslar, marşrutlar, kafelər, restoranlar axşamacan işləyir, amma teatr tamaşaları müntəzəm göstərilmir.
Düzdür şəhərdə əhalinin əksər hissəsini əsas problemi işsizlikdir,amma  insaların maddiyyata ehtiyacı olduğu kimi,mədəni istirahətə-teatra da ehtiyacı var. Kafe, restoranlar qarnı doydursa da teatrsevərlərin ruhunu doyuzdura bilməz.
Əgər Bakıda kifayət qədər olan müxtəlif teatrlara azdan-çoxdan adam gəlirsə, Sumqayıt haqda bunu demək olmaz. Düzdür, hal-hazırda ümumiyyətlə ölkədə teatrlara maraq elə də çox deyil, tamaşaçı qıtlığı var, amma bir var, heç olmasa teatr göstərilə, adam az gələ, bir də var demək olar ki, olmaya, necə ki Sumqayıtda bu vəziyyət hökm sürür. Ümumiyyətlə, Sumqayıtda mədəni həyat çox sönükdür desək yanılmarıq.
Şəhərdə kafe, restoranlar, mədə üçün nəzərdə tutulan yerlər çox olsa da, mədəni, mənəvi istirahət üçün, ailəvi gediləsi nə kinoteatr var, nə də teatr tamaşaları, deyildiyi kimi, mütəmadi göstərilmir. Bir müddət əvvəl düzdür, bir-iki dənə müasir mini kinoteatr  açılıb fəaliyyət göstərirdi, amma o da özünü doğrultmadığından bağlandı. Şəhərin sovetdən qalan kinoteartları isə öz təyinatı ilə fəaliyyət göstərmir.
Bir zamanlar insanların sevimli məkanları olan məşhur  kinoteatrlar –  “Qarabağ”, Vaqif”, “Cırtdan”, ”Kosmos”,  “Rossiya”  (indiki “Nizami”-  Şəhər Mədəniyyət Evi ) indi mədə niyyətlilərin məkanına – restorana, şadlıq evlərinə, kafeyə, sexə, avtomobil salonuna və s. biznes obyektlərinə  çevrilib.
Kinoteatrlara marağın zəif olmasını (amma kinoteatrlara Sumqayıtda ehtiyac var) yenə başa düşmək olar; indi internet dövründə az qala bütün filmləri internetdən, saysız-hesabsız kanallardan kluba belə getmədən izləmək olar, amma tear elə şeydir ki, ona televiziyadan və ya “Youtube”dan baxmaq zövq vermir. Çünki teatrın xüsusi müsbət, sakitləşdirici  aurası, atmosferi  var və teatr tamaşası zamanı aktyorlarla tamaşaçı arasında sehrli bir  təmas yaranır.
Əlbəttə, biri tamaşaya canlı baxmağı çox istəyirsə, bu bir qədər baha olsa da, çox vaxt aparsa da, cəmi 30 km uzağa – paytaxt  Bakıya gedib, çoxsaylı teatrlarda hər gün göstərilən müxtəlif  janrlarda tamaşalara baxa bilər, amma sual olunur ki, əgər teatr üçün Bakıya gediləcəksə onda Sumqayıtda teatr binasına, ümumiyyətlə teatra nə ehtiyac var?!
Sumqayıtda bir teatr var; Sumqayıt Dövlət Dram Teatrı, sumqayıtlıların dili ilə qısaldılmış şəkildə desək SK ( Sintez Kauçuk Zavodunun klubu- SK klubu) və  köhnə sumqayıtlıların yaddaşında da  indiyəcən məhz belə qalıb. Şəhərin yarısı məhz teatrın inşa olunduğu dövrdə inşa olunub. Onların arasında olan   mədəniyyət saraylarından biri də  Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasıdır ( 1968-1974 –ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı).
Əfsuslar olsun ki, Sumqayıtda teatr yalnız teatr mövsümünün açılışında olur deyəsən, bir də bağlanışında. Çünki  teatr tamaşaları burada  sanki kampaniya xarakteri daşıyır. Göstərilən teatr tamaşalarını barmaqla saymaq olar. Bu baxımdan Sumqayıt rayonlardan elə də fərqlənmir. Elə teatr binasının qabağındakı  tumbalardakı neçə vaxtdır ki, yenilənməyən köhnə afişalardan  və teatrın rəsmi saytı olan www.sumqayitdram.az saytına baxmaqla da bilmək olur ki,bu məkanda teatr tez-tez “qonaq” olmur.
Sumqayıtda teatr abu-havasından əsər-əlamət yoxdur. Halbuki əvvəllər  bu teatrda anşlaqlar olub, gecə saat 11-12-yə qədər teatr tamaşaları gedib. İndi isə sumqayıtlılar teatra olan təlbatlarını doğma şəhərlərində ödəyə bilmirr,bunun üçün Bakıya üz tuturlar. Bu gün teatra maraq az olduğundan bəlkə tamaşalar pulsuz olsa belə, az adam gedər və inanmıram ki, anşlaq olar, ancaq kütlənin xalqa çevrildiyi teatrı təbliğ etmək lazımdır.
Bu gün Sumqayıt teatrı əla təmir olunsa da, hələ ki binanın divarları tamaşaçı alqışlarından lərzəyə gəlmir. Üstəlik maraqlıdır ki, təmirdən əvvəl, baxımsız vəziyyətdə olan Sumqayıt teatrında  hər mövsüm daha çox tamaşa göstərilirdi, repertuar daha geniş idi, nəinki indi. Bunu elə teatrın saytından da  müəyyən etmək olar.
Gərgin iş günündən sonra insanlar yorgunluqlarını cıxamaq ücün müəyyən vasitələrdən istifadə edir. Kimisi kitab oxuyur, musiqi dinləyir, maraqlı kinolara baxır, kimisi də teatrlara üz tutur. Teatr bir mədəniyyət müəssiəsidir, ocaqdır və bura ayaq basan insan onun möcüzəli  aurasına düşür  və heç bir sosial şəbəkə, telekanal və internet, yüksək texnologiya onu əvəz edə bilməz.
Teatr, Smoktunovski demişkən, asılqandan başladığı kimi hər bir şəhərin mədəni həyatı da  teatra münasibətdən başlayır və onun nə vəziyyətə olması mədəni həyatın necə olmasının təcəssümüdür.
Sumqayıt teatrının tarixinə varsaq,  bunu demək olar ki, teatrın yerləşdiyi bina 1956-cı ildə inşa edilib.
Sumqayıt Dövlət Dram Teatrı isə 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Azərbaycanın görkəmli teatr xadimi, rejissor  Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.
1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.
1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra “Sumqayıt Dövlət Dram Teatrı” statusu verildi.
Teatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov Azərbaycanın tanınmış incəsənət xadimləridir.
Teatrın rəsmi və təntənəli açılışı 14 mart 1969-cu ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası ilə olub.
1969-cu ildə Sumqayıt Teatrının yaradıcı heyətini təmirə dayanmış teatra köçürüblər. Teatr burada 40 il kirayənişin kimi fəaliyyət göstərib. 2008-ci ildə prezidentin tapşırığı ilə teatrın 40 illik yubileyində bu bina teatrın balansına keçirildi.
1956-cı ildən bu günədək bir dəfə də olsun əsaslı təmir edilməyən  Sumqayıt Dövlət Dram Teatrının müasir dövrün tələblərinə uyğun olan əsaslı təmirdən sonra  Azərbaycan prezidenti İlham Əliyevin iştirakı 2016-cı il sentyabrın 27-də açılışı olub.
Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub
150 nəfərlik teatrın kollektivində 11 əməkdar artist, 2 nəfər respublikanın mədəniyyət işçisi və 7 “Tərəqqi” medalçısı çalışır.
Bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxu bu sənət ocağının yetirmələri olub.
Amma bu gün  teatrda görüntü yaradılır ki, guya güclü, qızğın iş gedir, amma reallıqda ortada elə də ciddi bir iş yoxdur. Hansısa əsərə daxili baxış keçirilir, mətbuata bolluca açıqlamalar verilir. Amma konkret göstərilən tamaşalar sayılsa, mövsümə 2 tamaşa düşür, ya düşmür. Amma plana görə ən azı 4 tamaşa olmaldır.
Məsələn, əsaslı təmirdən sonra 2016-cı il, noyabrın 22-də teatr 48-ci teatr mövsümünə əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmovun  quruluşunda “Hacı Qara” tamaşası ilə start verib, 2017-ci  ildə aprelin 18-də “Toy olsun” tamaşası olub, keçən il sentyabrın 27-də  isə teatr özünün 49-cu mövsümünü türk yazıçısı Turqut Özakmanın “Ocaq” adlı psixoloji dramı əsasında səhnələşdirilən yeni tamaşa ilə  açıb və qeyd etmək lazımdır ki, tamaşa maraqla qarşılanıb. 2016-cı ilin dekabr 20-də  isə səhv etmirəmsə rejissor Rövşən Almuradlının “Oğru” tamaşasının premyerası olub.
O boyda teatrda daha çox uşaqlar üçün  bəsit Yeni il şənliyi, ya da Novruz bayramında  uşaq  səhnəcikləri göstərilir ki, onlara da bilet məktəblərdə-filanda birtəhər satılır, bunlar da o qədər  maraqlı olmadığından zal boş qalır. Bir də bura ola bilsin teatrın harasa qasrtola getməsini  əlavə etmək olar ki, bunun da sumqayıtlılara tamaşaçı kimi elə də aidiyyatı yoxdur.
Əgər teatrda tamaşa göstərilmirsə heç olmasa  bölgə teatrlarını dəvət etmək olar ki, sumqayıtlıları teatr tamaşaları ilə sevindirsinlər. Teatrdan adını daşıdığı Hüseyn Ərəblinskinin, Stanislavskinin, Meyerxoldun qoxusu gəlmir, Sumqayıt teatr həyatı ilə yaşamır bu  gün …
Hətta  azsaylı teatr tamaşaları ki olur, bu zaman da zal büdcə təşkilatlarında işləyənlərlə “doldurulur”,onların öz istəkləri olmadan.
Ələlxüsus tibb işçilərinə, müəllimlərə  iş yerindən tapşırılır ki, həmin nadir gün teatra getsinlər.
Hətta  həmin təşkilatların rəhbərləri tərəfindən işçilərə nəzarət də edilir ki, kim gəlib, kim yox. Tamaşaya isə giriş pulsuz olur, çünki bilirlər ki, pulla olsa çoxu gəlməz. Pulsuz belə tamaşaya baxmağa gəlməyənə isə problem yaradıla bilir əlbət. Yəni elə görüntü yaradılır ki, guya teatr ictimaiyyət üçün bayrama çevrilir, böyük maraq var. Ülvi hisslər yarada bilən teatra süni, inzibati bir yanaşma var bu teatrda. Hətta bəzən elə olub ki, rəhbərlik işçiləri görəndən sonra ki, onlar gəliblər,  işıqlar sönəndən sonra zorən tamaşaçılar aradan sivişib gedir.Yəni süni bir ajiotaj yaradılır. Mətbutda da teatr rəhbərliyi fəaliyyətlərini şişirdir. Təbii ki, bu fikirlər də təkzib olunaacq və çox güman deyiləcək ki, bəs filan-filan şeylər edilib, bəs belə tamaşalar qoyulub-zad.
Amma ortada il ərzində, mövsüm ərzində, uşaqlarla bağlı  bir-iki tamaşaları saymasaq, ildə-ayda bir tamaşa… O da elə təqdim olunur ki, elə bil hər gün repertuarda tamaşa var…
Teatra belə münasibətlə təbii ki, teatrı inkişaf etdirmək, sevdirmək olmaz…
Əslində teatrda bilet sistemi də bu baxımdan mənasızdır. Pulsuz tamaşaya gəlməyəndən sonra hətta 2 manat olsa da necə gələrlər?! Əgər heç kim məcbur edilməsə çox güman teatra  5-10 nəfər adam gələr.
Əlbəttə, bu obyektiv səbəbdir, amma istək olsa maarifləndrmə işi olsa, insanları tetra öyrəşdirmək, alışdırmaq olar. Amma bunun üçün gərək müntəzəm teatr tamaşaları olsun. Müasir dövrün tələblərinə uyğun, ona cavab verən müasir pyeslər tamaşaya qoyulsun, klassiklərin, Çexovun, Qoqolun, dünya klsasiklərinin əsərləri oynanılsın. Hətta ola bilsin bu maddi cəhətdən ilk vaxtlarda özünü doğrultmasa da, az bilet satılsa da. Çünki sabah böyük, süni olmayan tamaşaçı kütləsi yetişə bilər, teatrın xərclərini ödəyə biləcək. Ən əsası isə bu, minlərlə insana indiki çətin, sressli, ağır günlərdə sevinc bəxş edə bilər. Bəlkə də bu gün intiharların çoxu məhz belə sevinc bəxş edən şeylərin olmamasından baş verir…
Teatra az adam gəlmək məsələsində maddi vəziyyətin pisliyi də  da səbəb deyil, çünki əgər insanlar siqaretə, içkiyə gündə 2 manat bilet pulundan daha çox xərcləyirlərsə, demək ürəkləri istəsə  ailəvi teatra getməyə də pul taparlar. Amma bu dəyərləri aşılamaq lazımdır. Teatr tez-tez göstərilməli və təbliğ olunmalıdır və çox güman ki, belə olsa sumqayıtlıların ürəyincə olar…
Dövlət sifarişini yerinə yetirib qazanc əldə etmək əsas məqsəd olmamalıdır. Demək teatrın  150 işçisi var, çox güman hər il maaşa və başqa xərclərə dövlət büdcəsindən pul ayrılır, amma bunun müqabilində  2 il ərzində 3-4 dənə tamaşa göstərilir, vəssalam. 150 nəfər, killi miqdarda dövlət vəsaiti və ildə 2-3 tamaşa…
O tamaşalara da hələ baxmağa  inzibati qaydada adam yığırlar ki, fəaliyyət  göstərilməsinə əsas olsun. Yəni “biz işləyirik”.
Görünür onlara belə sərf edir, özlərini əziyyətə salmırlar və onlar üçün teatr həvəskarları vacib deyil, başqa  şeylər vacibdir və bu sahəyə məsul şəxslər vəziyyətin belə qalmasında maraqlıdır.
Bir sözlə Sumqayıtda teatrın durumu çox pisdir, teatr məhsuldar işləmir, teatrda sanki bir süstlük var.
Şəhərdə nəinki teatr ruhu, ümumiyyətlə teatrın olub-olmaması hiss olunmur.  Maraqlı orasıdır ki, teatr binasının düz icra hakimiyyəti ilə üzbəüz, onun 150 metrliyində olmasına baxmayaraq teatr kimi vacib məsələyə bu cür laqeyd yanaşılır.
Ancaq bütün bu tənqidlərə baxmayaraq, ümid edirik ki, Sumqayıt teatrında vəziyyət, əgər istək olsa müsbətə doğru dəyişə bilər. Ən azından buna inanmaq istərdik.
Əslində isə əhalisi 500 minə yaxınlaşan bir şəhər üçün bir teatr belə azlıq etməlidir, hər həftə teatr tamaşası və bilet üçün isə növbə olmalıdır. Amma bunu hələ arzulamaq olar…