– Əvəz müəllim, bu gün ölkədə yüzlərlə xəbər saytı mövcuddur. Rəqabət mühitinin getdikcə daraldığı bir zamanda hansı özəlliklərinizlə meydanda qalmağa israrlısınız?
– Xəbər saytları çox olsa da onların arasında öz dəsti-xətti olanlarını barmaqla saymaq olar. Beş, on, on beş… bəlkə də bir az çox, bəlkə də daha az. Qalanları isə təqlidçidir, necə deyərlər, “kopi-past” saytlardır. Ona görə də rəqabət mühitinin o qədər də daraldığı qənaətində deyiləm. Bu baxımdan, pessimizmə qapılmağa əsas görmürük.
Özəlliklərə gəlincə, xüsusi bir özəlliyimiz yoxdur. Sadəcə, özəl xəbərlərlə, səviyyəli yazılarla auditoriyamızı genişləndirməyə çalışırıq. “İP” dalınca qaçmırıq. Oxucularımızın sayının az olması da bizi qətiyyən əndişələndirə bilməz. Biz kəmiyyətdənsə keyfiyyəti üstün tuturuq. “Az olsun, saz olsun” prinsipinə sadiqik. Məqsədimiz tədricən böyümək, sanballı media qurumuna çevrilməkdir. Yolumuz Zərdabi yoludur, hədəfimiz ziyalı auditoriyasıdır. Təsadüfi deyil ki, saytımız məhz Milli Mətbuat Günündə – 22 iyulda fəaliyyətə başlayıb.
– Bu bir ildə nəyə nail olmusuz?
– Bir il indiki şəraitdə bir media qurumunun hesabat verməsi üçün çox qısa zamandır. Məhdud maliyyə imkanları, azsaylı kollektivlə qısa zamanda böyük işlərin öhdəsindən gəlmək mümkün deyil. Bizim hazırkı fəaliyyətimizin hərəkətverici qüvvəsi yalnız fədakarlıqlardır. Həm də “Bu bir ildə nəyə nail olmusunuz” sualı bir az ittiham kimi səslənir sanki. Bu bir ildə kiçik bir kollektivlə Qarabağı geri qaytara bilmədik, devalvasiyanın qarşısını kəsə bilmədik, qiymətlərin bahalaşmasını durdura bilmədik, ölkənin taleyüklü digər problemlərini həll edə bilmədik.(gülür) Əlbəttə, bu bir zarafatdı. Deməyim odur ki, yenicə ayaq açıb yeriyən körpəyə dəstək lazım olduğu kimi, 1 yaşlı saytın da dəstəyə böyük ehtiyacı var. Uzun müddət gərgin zəhmətin sonucunda stimul görməyəndə xəyal qırıqlığı yarana bilir. Bu isə kompleks işin sürətinə və keyfiyyətinə təsir edir.
Bütün bunlara baxmayaraq, ümid edirik ki, qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Çünki ali hədəflər uğrunda görülən işlər haçansa, mütləq öz müsbət nəticəsini verir.
Sonda kollektivimizi və oxucularımızı həm Milli Mətbuat Günü, həm də Mediafax.Az saytının bir illik yubileyi münasibətilə təbrik edirəm.