Bunu Prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib. 
Prezident bildirib ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır: “Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm. Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm. Bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq”,
Ölkə başçısı çıxışında qeyd edib: “Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var. İstərdim ki, bu barədə fikir bildirim.
Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi müstəqillik yolundan döndərmək və Azərbaycanı geridəqalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni bizə qarşı aparılan bu təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq. Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq. Ölkə haqqında həqiqətləri çatdırırıq.
İkinci səbəb odur ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilmiş toplantılarında həm görülmüş işlərə qiymət verilir, ən önəmlisi isə görüləcək işlər haqqında danışılır”.