Əsas menu

Şabranda ruhi xəstəni öldürən “cinçıxaranlar” danışdı 

Şabran rayonunda döyülərək öldürülən 25 yaşlı Bakı sakini Murad Soltanovun daha əvvəl də eyni üsulla “müalicə aldığı” ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, rayonda kirayədə yaşadığı evdə meyiti tapılan Murad Soltanov əvvəllər 1 saylı Respublika Psixiatriya Xəstəxanasında da müalicə alıbmış.

Şabran rayonuna isə qohumlarının təklifi ilə gəlib. Yaxınlarının sözlərinə görə, burada onu xalq təbabəti ilə müalicə edəcəklərinə vəd veriblər. Bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar çubuqları ilə döyülən Murad Soltanov dünyasını dəyişib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətiriliblər.

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans “müalicə” etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb.

Qohumlarının verdiyi məlumata görə, M. Soltanovun valideynləri bir müddət əvvəl boşanıblar və anası yenidən ailə həyatı qurub. “Cinçıxaranların” elə onun anasının ikinci ərinin qohumları olduğu bildirilir.

Araşdırma zamanı Vüsal İbrahimova məxsus evdən 1 ədəd qanunsuz olaraq saxlanılan “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*